Hüseyn Əsgərov – 60

16:10 - 31 Oktyabr 2018 - Cəmiyyət

Bakı Dövlət Universitetinin (BDU) professoru, filologiya elmləri doktoru Hüseyn Əsgərovun 60 illik yubileyi qeyd edilib. Filologiya elmləri doktoru, professor Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində ali təhsilini başa vurduqdan sonra 1981-1984-cü illərdə təyinatla paytaxtda fəaliyyət göstərməsi nəzərdə tutulsa da, öz xahişi ilə təyinatını Azərbaycan regionlarında təhsilin inkişafına töhfə vermək adına Sabirabad şəhərinə verilməsi ilə bağlı müraciət edib. 1984-cü ilə qədər Sabirabad şəhərində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışb. 1984-cü ilin oktyabrında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu üzrə elan olunmuş müsabiqədən keçərək İnstituta elmi işçi vəzifəsinə qəbul ediərək 1998-ci ilə kimi burada çalışıb. 1987-ci ildə Dilçilik İnstitutunda elmi fəaliyyətini davam etdirən Hüseyn müəllim, 1994-ci ildə namizədlik, 2008-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edir. 1998-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2003-cü ilin avqust ayından 2006-cı ilin avqust ayına kimi Bakı şəhəri Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində, 2006-cı ilin avqustundan Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışır.

Professor Hüseyn Əsgərov eyni zamanda Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasına rəhbərlik edir. Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirən Dissertasiya Şurasının üzvüdür, 10-dan artıq doktorant və dissertanta elmi rəhbərlik edir.
H.A.Əsgərov 3 elmi monoqrafiyanın, 70-dən çox elmi məqalənin, ali məktəblərin filologiya fakültələri, həmçinin ümumtəhsil məktəbləri üçün xeyli tədris proqramı, dərslik və dərs vəsaitinin müəllifidir. 
Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır. Elmi məqalələri Rusiya, Türkiyə, Polşa, Bolqarıstan, Qazaxıstan və başqa xarici ölkələrdə çap olunmaq üçün mütəmadi xarici nəşrlərdən təkliflər alan elm xadimlərimizdəndir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Fidan

Xəbər xətti