Səhər ingiliscə, günorta almanca danışan qadın

19:44 - 30 Oktyabr 2018 - MARAQLI

Hannah Jenkins səhərlər ingiliscə, günortalar isə almanca danışır.

Bu rejimi öz istəyi ilə seçməsə də, beyni ondan bunu tələb edir. Hər şey bir velosiped qəzasından sonra başlayıb. Onun partnyoru Andrev Vilde ABŞ-ın Montana ştatında bir dağa dırmanan zaman Hannahdan qəribə bir mesaj alır. O, yalnız iki sözü oxumağı bacarır - "it" və "xəstəxana" - lakin dərhal hiss edir ki, nə isə baş verib.Mesajın mətni alman dilində idi. Hannah bu dildə danışaraq böyüyüb, amma Andrev almanca bilmirdi. Onlar bir-biri ilə yalnız ingiliscə danışırdılar.

O zaman Hannah evində, Birləşmiş Krallığın Berkshire əyalətinin Vokingham şəhərində qalmışdı və qurduğu it təlimi biznesini idarə edirdi. Andrev isə bir beynəlxalq atıcılıq yarışı üçün ABŞ-da təlimdə idi. O, Hannahın mobil telefonuna zəng vursa da düşə bilmir. Narahat olmağa başlayan Andrev Berkshirdə yerləşən xəstəxanalara zəng vurmaq qərarına gəlir. Lakin heç bir məlumat ala bilmir. O, evə qayıtmalı olduğunu anlayır. Nə baş verdiyindən xəbərsiz Andrev aeroporta yollanır. O, bir neçə gün öncə sağollaşdığı Hannahın əvəzinə fərqli bir Hannah ilə qarşılaşacağını ağlına belə gətirmirdi. Andrev’ həmin mesajı göndərməmişdən bir gün əvvəl Hannah evlərinin yaxınlığındakı bir parkda velosiped sürürmüş.
Parkı yaxşı tanımağına baxmayaraq, o, bir döngədə digər velosipedçi ilə toqquşur. Özü çox şey xatırlamasa da, digər velosipedçi onu yerdə hərəkətsiz və yaralı görüb, təcili yardım çağırır. Digər velospiedçi yardım gələnə qədər gözləyir, həkimlərə velosipedini saatdan 32 kilometrdən artıq sürətlə idarə etmədiyini deyir və başqa heç bir məlumat vermədən uzaqlaşır. Hannah üçün pul kisəsindəki kartların üzərindəki məlumatlar əsasında hava tibbi yardımı çağırılır.

Onun sağ qalması möcüzə kimi görünürdü. Nəhayət ki, Hannah Royal Berkshire Hospitalına gətirilir. Özünə gəldikdən sonra isə harada olduğunu, nə və necə baş verdiyini, eləcə də danışılan dili anlamırdı. "Heç bir şey başa düşmürdüm", o deyir.
"Elə bilirdim ki, bir xarici ölkədə ayılmışam və insanların niyə anlamadığım dildə danışdığını başa düşə bilmirdim". Həkimlər onunla yad dildə danışırdılar. Nəhayət ki, o, doğru sandığı "ad" və "doğum tarixi" məlumatlarını xatırlayır və yaxınlaşan hər kəsə deyir. Həmin anda edə biləcəyi ən doğru şeyin bu olduğunu düşünürdü. Həkimlər isə Hannahın sənədlərində Birləşmiş Krallıqda (BK) yaşadığı və işlədiyini göstərən məlumatlardan təəccüblənirlər. Onlar bilirdilər ki, xəstənin adı Hannah Jenkinsdir və bununla belə, o, ingiliscə anlamır və danışmırdı. Onlar Hannahın ən yaxın qohumu olan bacısı Margaretə zəng vururlar və Margaret Hannah ilə danışmaq istəyir. Bu qədər müddət xəstəxana çarpayısında oturub heç nə anlamayan Hannah, nəhayət ki, onunla eyni dili danışan biri ilə söhbət edirdi. Bu, həkimləri təəccübləndirir, çünki Hannah indiyə qədər yalnız qəribə, anlaşılmaz sözlər deyirdi. Hannahın Margaretə veriləsi sualı çox idi. Həmin suallardan biri də həkimlərin onunla niyə ingiliscə danışmaması idi. "Onlar ki, ingiliscə danışırlar", bacısı cavab verir.
Görünür ki, qəza Hannahın ingilis dili biliyini yaddaşından silmişdi.Əvəzində isə uşaq ikən öyrəndiyi alman dili yaddaşında qalmışdı. Bacısı ilə də almanca danışırdı. "Həkimlərin mənim almanca danışdığımı bilmirdilər", Hannah izah edir."Bacımla əlaqə qurana qədər bundan xəbərsiz idilər".
Birləşmiş Krallıqda böyüyən bacılara poliqlot valideynləri həm almanca, həm də ingiliscə öyrədibmiş. Onların avstriyalı anası dörd dil bilir və İngiltərədən olan ataları yeddi dildə danışırmış. "Almanca mənim ilk şifahi dilim olub", Hannah deyir.
 
"Dilin itməməsi üçün evimizdə ailə arasında almanca danışmaq qaydası var idi. Lakin xəstəxanadakıların ingiliscə danışmasını anlamırdım. Beynim ingilis dilini anlamaq qabiliyyətini itirmişdi". Məsləhətçi neyrocərrah və Headvay adlı beyin zədəsi üzrə xeyriyyə cəmiyyətinin qəyyumu Colin Shieffə görə, Hannah ikinci dil itkisi adlanan bir hadisəni yaşayırdı. "Beynimiz çox həssasdır və kompüteri pozmaq qabiliyyətində olan istənilən şey bizim danışdığımız dilə də təsir göstərə bilər", o deyir.

(Ardı var)

 

Xəbər xətti