Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir
Dövlətin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı xüsusi əhəmiyyətə malik oldu. Ulu öndərimiz tərəfindən təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" bu sahədə ilk fundamental sənəd olub, məhkəmə-hüquq sahəsində institusional islahatların aparılmasına, yeni məhkəmə-hüquq sisteminin yaradılmasına, həmçinin, hüquq mühafizə fəaliyyətinin təkmilləşdirilməsinə də təkan verdi. Bu barədə hüquq üzrə fəlsəfə doktoru Baxşıyeva Nərmin yazıb.
Onun sözlərinə görə, ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində inzibati hüququn strukturu xeyli dəyişikliklərə məruz qaldı, vətəndaş nəzarəti, inzibati ədliyyə, inzibati məhkəmə icraatı kimi institutlar xüsusi aktuallıq kəsb etdi. Aparılan islahatlar nəticəsində dövlət daha çox sosial ziddiyyətləri aradan qaldıran orqanizmə çevrildi və onun fəaliyyətində hakimiyyət bölgüsü, qanunun aliliyi, məhkəmənin yüksək rolu və s. kimi demokratik prinsip və dəyərlər ön plana çıxmağa başladı. “Dövlət orqanlarının fəaliyyətində səmərəni, onların məsuliyyətini artırmaq üçün qanunvericiliyə köklü dəyişikliklər edildi, institusional islahatlar aparıldı, dövlət orqanlarının fəaliyyətində paralelliyi və təkrarçılığı aradan qaldırmaq məqsədilə onların funksiyaları dəqiqləşdirildi, ixtisarlar aparıldı, bir sıra yeni qurumlar yaradıldı. Demokratik institutların inkişafının təmini üçün onlarla əməkdaşlıq strategiyası prioritet istiqamətə çevrildi. Onlara dövlət orqanlarının fəaliyyətinə, inzibati aktlara dair məlumatlara çıxış üçün imkan yaradıldı. Ölkədə demokratik, hüquqi dövlət quruculuğu və səmərəli idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bu gün inzibati məhkəmə icraatı inzibati hüququn aktual institutlarından birinə çevrilmişdir”.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Həmin məqsədlərə nail olmaq üçün yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədi ilə təkmilləşdirilibş, yeni qanunvericilik aktları qəbul edilib. 21 oktyabr 2005-ci il tarixdə qəbul edilmiş «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ölkəmizin hüquq sistemində yenilik yaradıb. Hər iki qanunvericilik aktı 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minib.
“İnzibati icraat haqqında» qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Onun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında» qanunun 3-cü maddəsilə onun tətbiq dairəsi nənzimlənir. Maddədə deyilir ki, bu Qanunun müddəaları həm də Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.Amma inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. 5-ci maddə ilə isə inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım tənzimlənir. Maddədə deyilir ki, inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. İnzibati orqan, bu Qanunun 7.1-ci (İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər) və 7.2-ci (İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir:) maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər.
Lakin subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.
Ümumiyyətlə «İnzibati icraat haqqında» Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Bundan başqa, «İnzibati icraat haqqında» Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilib. Həmin Qanunun 72-ci ilə inzibati şikayətin verilməsi və geri götürülməsi qaydası tənzimlənir. Bu maddənn müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Bu maddədə bildirilir ki, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Bundan başqa, inzibati qaydada şikayət birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə şikayət instansiyasına təqdim edilir. İnzibati orqan 3 gün müddətində həmin şikayəti şikayət instansiyasına göndərməyə borcludur. Bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur.