Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir

18:07 - 26 Oktyabr 2018 - KİVDF

Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır

Hüquq-dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur. Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir. Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətinə görə aşağıdakı qanunlara bölünür: a) Azərbaycan Respublikasının Konstitusiyası; b) referendum yolu ilə qəbul olunmuş qanunlar; c) Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsində və 95-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş məsələlər üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar. Hüquq mənbəyi kimi qanun qüvvəli aktlar içərisində Azərbaycan Respublikası Prezidentinin fərmanları mühüm yer tutur. Hüquq mənbəyi - prezidentin o fərmanları hesab olunur ki, onlar normativ xarakterli olaraq ictimai münasibətləri nizamlamağa xidmət edir.

Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir: 1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir. 2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir. 3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz. Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Bu qanunvericiliyə əqli mülkiyyət qanunvericiliyi də daxildir ki, o daim inkişaf edir və təkmilləşdirilir. Hazırda əqli mülkiyyət hüquqları sahəsində 9 qanun qüvvədədir. Bunlardan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Məlumat toplularının hüquqi qorunması haqqında” dörd Qanun bilavasitə müəllif-hüquq sahəsi ilə bağlıdır və onların idarəçiliyini Müəllif Hüquqları Agentliyi həyata keçirir. “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlar sənaye mülkiyyətinə aiddir və onların idarəçiliyini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, kənd təsərrüfatına aid “Seleksiya nailiyyətləri haqqında” Qanunun idarəçiliyini isə Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. Göstərilən qanunlar əqli mülkiyyətin əsas qorunma xəttini təşkil edir.
“Haqsız rəqabət haqqında” və “Kommersiya sirri haqqında” qanunlar isə dolayısı yolla əqli mülkiyyət hüquqlarını qoruyaraq, ikinci qorunma xəttini təşkil edir və onların idarəçiliyini İqtisadi İnkişaf Nazirliyi təmin edir. Bununla yanaşı, iqtisadiyyat və mədəniyyət sahəsi ilə bağlı qanunvericilik aktlarında da əqli mülkiyyətə aid müddəalara rast gəlmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın təsdiq edilməsi barədə 2006-cı il 2 avqust tarixli Sərəncamının Azərbaycanın əqli mülkiyyət sahəsinin daha da inkişafı üçün müstəsna əhəmiyyəti olub. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanuna müvafiq əlavə və dəyişikliklər edilib. Bu sahədə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu böyük əhəmiyyət daşıyır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. Bu qanunun tətbiq sahəsi 2-ci maddədə öz əksini tapıb.
Bildirilib ki, bu Qanunla müəyyən edilən tədbirlər əqli mülkiyyətə hüquq sahiblərinin hüquqlarının təminatına və mənafelərinin qorunmasına yönəldilir və əqli mülkiyyət hüquqlarının pozulduğu hallarda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada tətbiq edilir. Əqli mülkiyyət hüquqları sahəsində bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunları, digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənir.

Bu Qanun əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan hüquqların təminatına, istisnalara və məhdudiyyətlərə dair müddəaları inkar etmir.

Onun qüvvəyə mindiyi vaxt əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq qorunma müddəti bitməmiş müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları obyektlərinə, həmçinin dövlət varidatı elan edilmiş əsərlərə şamil edilir.
Qanunun 2-ci fəsli ilə əqli mülkiyyət hüquqlarının pozulması zamanı mülki hüquq və inzibati prosedurlar və müdafiə vasitələri tə\nzimlənir. 3 cü maddədə mülki hüquqi müdafiəni təmin edən prosedurlar göstərilib. Bildirilib ki, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
Əqli mülkiyyət hüquqlarının pozulmasına dair mülki işlərlə əlaqədar sübutların tələb olunması və təmin edilməsi üçün tədbirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir ( maddə 4).

Qeyd edək ki, hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış müraciəti olduqda, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən şəxsdən pirat və ya kontrafakt məhsulların hazırlanmasında (istehsal edilməsində), yayılmasında və əqli mülkiyyət hüquqlarını pozan xidmətlərin göstərilməsində birbaşa, yaxud dolayı yolla iştirak edən üçüncü şəxslər barədə, həmçinin belə malların yayılma kanalları haqqında informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən tələb etmək hüququna malikdir (5.1). Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə aşağıdakı informasiyaları tələb edə bilər: pirat və ya kontrafakt məhsulları istehsal edən, saxlayan və yayan, o cümlədən onların satışını həyata keçirən şəxslərin adları və ünvanları, hazırlanan (istehsal edilən), göndərilən, qəbul edilən və ya sifariş olunan pirat və ya kontrafakt məhsulların kəmiyyəti və qiyməti.

Bu qanunun 6-cı maddəsilə zərərin əvəzinin ödənilməsi tənzimlənir. Bildirilib ki, hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. Zərər müəyyən edilərkən aşağıdakılar nəzərə alınır. 1. hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər. 2. hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər. 3. hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda).

 

Xəbər xətti