“Mən kinomatoqrafçıyam”

19:47 - 25 Oktyabr 2018 - Müsahibə

Elşən Zeynallı: “Azərbaycanda çəkilən serialların 97 faizi çox bərbad haldadır”

“Mən əsasən kinorejissoram. Nə vaxt ki film çəkə bilmirəm, dörd divarımıza (teatrı nəzərdə tutur) müraciət edirəm. Yəni maliyyə çatışmazlığı olan zaman çətinliklər yaranır. Belə olan halda isə teatrımızın dörd divarı arasında özümüzü ifadə etməyə çalışırıq. Yaradıcı insanam, dəftər-qələmimi əlimdən alsalar, içimdəki təlatümü ifadə etmək üçün başqa bir vasitə tapacağam, daşla divara çəkəcəyəm”. Deyir ki, teatr da yaradıcılığı üçün bir vasitədir. Onun barəsində deyirlər ki, kino və teatr sahəsində,  yaşıdları arasında yeganə adamdır ki, bu iş onda alınır və tamaşaçılar tərəfindən də bəyənilir. Müsahibimiz “Üç nöqtə”nin qonağı rejissor, ssenarist Elşən Zeynallıdır.

- Təzə kino çəkirsiniz, vəziyyət necədir? 
- Vəziyyət yaxşıdır, həm də çox yaxşı. Lakin sonra necə olacağı bilinmir (Gülür).

- Ötən mövsümün sonu “Bakı Uşaq Teatrında “Kimdir müqəssir?” tamaşasını səhnələşdirdiniz. Ancaq bu birmənalı qarşılanmadı... 
- Mənim üçün birmənalı qarşılandı. Mətbuatda bir nəfər o haqda mənfi yazı yazmışdı. Daha sonra həmin adamla görüşdük. O dedi ki, bir nəfər dostunun xahişi ilə bu yazını yazıb. Burda qeyri-peşəkar adamlar fikirlər söyləmişdilər. Lakin peşəkar teatrşünasların yazdığı yazılar hamısı müsbət istiqamətdə və daha uyğun idi. Yəni orda hər şey göstərilirdi.

- Planda başqa tamaşalar varmı?
- Bəli, yeni tamaşanın quruluşuna hazırlaşırıq. Böyük bir proyektdir, “Şah Abbas” haqqında tarixi bir tamaşadır. Ölkənin ən böyük teatrlarından birində həyata keçiriləcəyi planlaşdırılır.

- “Təhminə və Zaur” kimi köhnə filmlərimizin seriala köçürülməsini necə qiymətləndirirsiniz? Necə düşünürsünüz, bu həmin filmlərin hesabına qazanılan reytinqdirmi?
- Bu maraqsız bir şeydir. Hər bir cəmiyyətdə olduğu kimi pis və anormal hallar olub, olacaq da... 

- Siz həm teatr, həm də kino rejissorusunuz, bunların hər ikisi arasında bir ortaq nöqtə tutmaq çətin deyil ki? 
- Çox gözəl sualdır. Xeyr, mən əsasən kinorejissoram. Nə vaxt ki film çəkə bilmirəm, dörd divarımıza (teatrı nəzərdə tutur) müraciət edirəm. Yəni maliyyə çatışmazlığı olanda bir sıra çətinliklər yaranır. Belə halda isə teatrımızın dörd divarı arasında özümüzü ifadə etməyə çalışırıq. Yaradıcı insanam, dəftər-qələmimi əlimdən alsalar, içimdəki təlatümü ifadə etmək üçün başqa bir vasitə tapacağam, daşla divara çəkəcəyəm. Teatr da yaradıcılığım üçün bir vasitədir. Mən teatr rejissoru deyiləm, ancaq bu iki sahə çox ciddi və fərqli estetik peşələrdir. Mənə deyirlər ki, kino və teatr sahəsində, yaşıdlarınız, əhatəniz arasında yeganə adamsınız ki, bu iş sizdə alınır və tamaşaçılar tərəfindən bəyənilir.

- Sizcə niyə serialları adətən gənclər çəkir? 
 - Mən deməzdim ki, gənclər çəkir. Deyərdim ki, serialları qeyri-peşəkarlar çəkir. Bu bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin ki, plovu çox dərin və uzun boğazı dar bir qaba töküb bir nəfərə veririk ki, yesin. Hansı ki bu qaba nə qaşıq, nə də çəngəl girmir. Bunu necə yemək, necə qəbul etmək olar? Qəbul olunmuş qayda var ki, plovu geniş boşqabda yeyərlər. Qeyri-peşəkar adamlar da elədir, onlar üçün fərqi yoxdur, tərəkəməni toyda oynasın, yaxud yasda. Onlar bunun fərqində ola bilmirlər. Peşəkar adamlar isə hər bir şəraitə uyğun öz sənətlərinə hörmət etdiklərinə görə, bir çox şeylərə razılaşmırlar. Hansı ki, həmin məsələlər həqiqətən də razılaşmalı məsələlər olmur.

- Bizdəki serialların mövzuları adətən xaricilərdən, türklərdən götürülüb çəkilir. Bu barədə nə deyə bilərsiniz? 
- Azərbaycanda çəkilən serialların 97 faizi çox bərbad haldadır. Çünki işə dəxlisi olmayan adamlar bu işlə məşğul olurlar. Birincisi bu janrın ilkin dövrünə aid olan ssenari dövründə dünyada və ədəbi ssenari növündə qəbul olunmuş qanunlara riayət olunmur. İkincisi, onun istehsal dövründə serialları konver formasında istehsal edirlər. Bunlar da əsasən qeyri-peşəkarlar tərəfindən həyata keçirilir. Eşitdiyimə görə, Azərbaycanda bir-iki serial var ki, tamaşaçılar tərəfindən çox yüksək qiymətləndirilmiş və marağa səbəb olmuşdu. Özüm baxmamışam, amma təəssürata görə “Vicdan haqqı”, “Ata ocağı” serialları tamaşaçıların rəğbətini qazanmışdı. 

- Bəs bu gün adi bir ssenarini yaxşı çəkib ortalığa çıxara bilməyənlər, tarixi mövzularda işləsələr necə? 
- Bizdə bu məsələləri tənzimləyən qanun yoxdur. Amma mən deyərdim ki, bu bir cinayət olar. Buna görə həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Azərbaycan tarixi bu dövlətin, millətin dünənidir, bu günüdür, sabahıdır. Bunlar çox həssas məsələlərdir. Mənə elə gəlir ki, bu işlərlə bağlı həm ictmai qınaq olmalı, həm də dövlət strukturları, Mədəniyyət Nazirliyi, Milli Televiziya və Radio şurasında oturan məsul şəxslər diqqət göstərməlidir. 

- Elşən bəy rejissor olaraq seriallarımızdan hansıları sınaq və yaxud da maraq üçün izləyib?  
- Tam səmimi deyim ki, izləməmişəm. Birinisi, vaxt edə bilmirəm, çox məşğul oluram. Vaxtım olanda ölkəmizin teatrlarında zövqümü oxşayan, gözəl, mənə təsir edən, yaşımın bu çağında məni düşündürmək qabiliyyətində olan tamaşalara baxıram. Yaxud povest, roman, hekayələr oxuyuram. Ancaq çoxseriyalı bədii televiziya filmlərinə baxıram. Bunlara qarşı çox ciddi yanaşıram. Davamlı olaraq izləmirəm, lakin rastıma çıxanda marağımı çəkir, baxıram. Azərbaycanda hələ diqqətimi çəkən elə serial olmayıb ki, ona baxam. “Vicdan haqqı” serialının ikinci sezonunda həmin ssenari qrupunda çalışmışam. Filmin ssenari yazılışında iştirak etmişəm. Səmimi olaraq deyim ki, o seriala belə baxmağa vaxt tapmırdım. Serialın müzakirəsi gedəndə həmişə məni üzrlü sayırdılar. Bilirdilər ki, vaxt edib baxa bilməmişəm. Həm də gərək insanın maraq dairəsinə uyğun, diqqətini çəkən nəsə olsun. 

- Elşən Zeynallı bir rejissor olaraq seriallarımızda nələri görmək istəyir? 
- Fikrimcə, seriallarımızda birinci olaraq mənəviyyat məsələsininin olmasına çox ehtiyac var. Milli ruh, xalqımızın etnoqrafiyası, dövlətçilik tariximizlə bağlı olan məsələləri görmək istəyirəm. Türkiyənin adını çəkirəm, bizə ruh və dövlət olaraq daha yaxındır. Niyə bizdə Türkiyənin “Diriliş: Ertuğrul” kimi serialı olmasın? Niyə bizdə dövlətin tarixi ilə bağlı seriallar olmasın? Niyə biz Şah İsmayıl Xətaidən, Şah Abbasdan, Atabəylər və Şirvanşahlar dövlətinin tarixindən 50 seriyalıq bir televiziya filmi görməyək? Niyə biz Mikayıl Müşfiqin həyatından bəhs edən bir film ərsəyə gətirməyək? Ruslar Sergeydən 16-17 seriyalıq bədii televiziya filmi çəkdi. Bütün Rusiya ictimaiyyəti çalxalanmışdı, sanki bu mövzu ilə yaşayırdılar. Bizdə isə nə qədər eyni şeylərə baxmaq olar axı? Məmməd Səkinəni sevib atdı, Rauf gəlib onu qaçırtdı, qız Türkiyədə, yaxud Dubayda gizləndi və s. bu cür primitiv seriallar var. Mən seriallara baxmıram, sadəcə evdə oturanda ailə üzvləri baxan zaman yarım, yaxud bir seriyasına baxmışam. Həmin serialın birinci seriyasında demişəm ki, bunun ən azından ictimai fikir yükü var. Çox heyf ki, Azərbaycan mədəniyyətinə yaraşmayan, tamaşaçısının zövqünü zorlayan seriallar efirlərdədir.   

Könül Oruc 

Xəbər xətti