"Vorskla"nın baş məşqçisi: "Buradan 3 xalla getmək istəyirik"

19:08 - 24 Oktyabr 2018 - İDMAN

“Gözəl stadion və gözəl şəhərə gəlmişik. Sabah maraqlı oyun olacaq. Hər iki komandanın xalı yoxdur. İtirəcək bir şeyimiz də yoxdur”.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Ukraynanın "Vorskla” komandasının baş məşqçisi Vasili Saçko UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la səfər matçından əvvəl deyib.
43 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında heyətlə bağlı problemlərinin olduğuna diqqət çəkib: “Bura gəlməyən futbolçular bizim üçün itkidir. Zədəlilər aparıcı oyunçulardır. Biz “Şaxtyor” deyilik, amma əvəzində yaxşı komandamız var. Bu, “Qarabağ” qarşısında özümüzü yaxşı tərəfdən göstərməyə kömək edəcək. Azərbaycanlı futbolçularla az oynamamışıq. Onlarla hələ görüşməyə imkan olmayıb. Bu futbolçular vasitəsilə Azərbaycanın qonaqpərvərliyini görmüşəm. Bu gün vaxt tapıb görüşə bilərik”.

Baş məşqçi rəqibi yaxından öyrəndiklərini söyləyib: “Buradan 3 xalla getmək istəyirik. Amma qrupumuzda favoritlər “Arsenal” və “Sportinq”dir. “Qarabağ”ın vaxtilə “Dnepr”ə problem yaratdığını bilirik. Əvvəlki oyunlarına baxmışam. Həmin dövrdə “Dnepr” çox güclü idi. Rəqibimizi yaxından öyrənmişik. Üstün tərəfləri sürətli və topla yaxşı oyun sərgiləməsidir. Digər rəqiblərlə oyunlarda xallar toplayacağına inanıram. Qurban Qurbanovun dosyesini araşdırmışam, komandaya uzun müddətdir rəhbərlik edir. Lakin bu komandanın çatışmayan cəhətləri də var. Ancaq biz üstün tərəflərə köklənmişik. Bura kurorta gəlməmişik. Komandamız sürprizə, cəsurluğa hazırdır. “Arsenal”la oyunlarda kadr, təcrübə çatışmazlığımız oldu. Coğrafi cəhətdən elə yerdəyik ki, təyyarə ilə daha tez gəlmək mümkün deyil. Bura yaxşı gəlmişik, təşkilatçılat bizi yerləşdirməkdə kömək ediblər. Zamanında məskunlaşdıq. Sabahkı oyuna yaxşı vəziyyətdə çıxmağa vaxtımız olacaq”.

Saçko Ukrayna Premyer Liqasının sonuncu turunda evdə Kiyev “Dinamo”suna 0:1 hesabı ilə uduzduqları matçdan da danışıb: “Dinamo” ilə oyunda çoxlu güc və emosiya sərf etdik. Amma məşqçilər və tibb heyəti komandanı bərpa edə bilib. Həftəsonu da çempionat oyunumuz var. “Qarabağ” da bizimlə eyni durumdadır. Hər bir oyunda daha güclü olmaq istərdik. Başqa seçim imkanımız yoxdur. Rəqibə hörmətlə yanaşırıq, amma heç kimdən qorxmuruq”.

Baş məşqçi “Vorskla”nın erməni futbolçusu Geqam Kadimyanın zədəli olduğu üçün Bakıya gəlmədiyini deyib: “Sağlam olsaydı, vəziyyətə uyğun qərar verərdik. Cavab görüşünə o və digər futbolçuların hazır olmaları üçün tibbi personalımız çalışacaq”.

Saçko Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun “Vorskla”nın futbolçularını izlədiyini vurğulayıb: “Andrey Şevçenkonun planlarını bilmirəm. Onunla ünsiyyətdəyik, gənc və ambisiyalı mütəxəssisdir. “Vorskla”nı yaxından izləyir. Londondakı oyunumuzu izləyib, Bakıya gələcəyinə əmin deyilik. Əminəm ki, televiziya vasitəsilə oyunumuzu izləyəcək. “Qarabağ” haqda kifayət qədər informasiyaya malikik. Kadr çətinliyinə baxmayaraq oyuna hazırıq”.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Xəbər xətti