Ana səhifə
20 Avqust 2018

“Qrupumuzda təqribən 25 millətin nümayəndəsi vardı” – Müsahibə

Cəbi Bəhramov: “Yarı Fransız, yarı macar bir qız vardı, Azərbaycan dili ona çox maraqlı gəlirdi”

 

 

Cəbi Bəhramov imzası Azərbaycan elm camiyəsinə yaxşı tanışdır. Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini işləyən professor ölkəmizin tarix həqiqətlərinin araşdırılıb, aşkara çıxarılması və dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır. Tərcümeyi halına nəzər yetirəndə gördük ki, Cəbi müəllim 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olub. 1966-1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S.Vurğun adına orta məktəbdə təhsil alıb. 1977-ci ildə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr arasında o da olub. Cəbi Bəhramov Daşkənd Dövlət Universitetinin Tarix fakültəsini1982-ci ildə bitirib. Həmin ildən həyatını Tarix İnstitutuna bağlayıb. Baş laborantdan direktor müvini vəzifəsinə qədər uzun bir yol keçib. Tarix üzrə fəlsəfə doktorudur. İndiyə qədər xeyli elmi əsərlərin, dərslik və dərs vəsaitlərinin müəllifidir. 2010-2011-ci illərdə İsveçdə ingilis dilində Nobel qardaşlarının 1873-1920-ci illərdə Azərbaycan neft sənayesində göstərdikləri fəaliyyətlə bağlı 3, Argentinada isə ispan dilində Azərbaycan tarixinə dair 3 məqaləsi nəşr edilib.

 

Ümummilli liderin təşəbbüsü ilə xaricə göndərilən təlbələr içərisində mən də var idim

 

Ölkəmizin bu günki həyatını idarə edən insanların böyük əksəriyyəti mənim həmyaşıdlarımdır. Mənim üçün ən yadda qalan odur ki, ümummilli liderimizin xaricə təhsil almağa göndərdiyi tələbələr arasında mən də var idim. Onlar SSRİ-nin müxtəlif şəhərlərində müxtəlif ixtisasa yiyələnib və sonra Azərbaycana qayıdıblar, məhz onlar Azərbaycanın həyatında mstəsna rolu olan adamlardır. Bu da mənim tələbəlik illərimin unudulmayan anıdır. Tələbəlik illərim 1977-1982-ci illərə təsadüf edir. O illər çox zəngin olub. Xüsusilə elmlə məşğul olmağı insan öz həyatının mənası hesab edirsə, ona çox böyük can yandırırsa, ömrünü sərf edirsə, çox şübhəsiz öz nəticəsini verir. Ona görə də mən seçdiyim yola, seçdiyim ixtisasa, getdiyim yola peşman deyiləm. Tale də elə gətirib ki, böyük alimlərdən dərs aldım və onlarla işləməli oldum. Onlar Azərbaycan tarix elminin yaradıcılarıdır. Çox zəngin bir dövr idi. O da böyük bir xoşbəxtlik idi ki, müstəqil Azərbaycan planının reallaşmasının canlı şahidi olmuşam. Bu özü böyük xoşbəxtlikdir.
Daşkənddəki şərait tam fərqlənirdi. Məsələn, hələ o vaxt tarix fakültəsində oxuyarkən ABŞ-dan bizə müəllimlər dəvət etmişdilər. Beynəlxalq münasibətlər tarixindən mühazirə oxuyurdular. Moskva Dövlət Universiteti, Moskva Beynəlxalq Münasibətlər İnstitutu, Kiyev Beynəlxalq Münasibətlər İnstitutu, Peterburq Universitetindən müəllimlər gəlib bizə zaman-zaman dərs deyiblər və bizim yüksək ixtisaslı kadr kimi yetişməyimizdə, istər dünyagörüşümüzün formalaşmasında, istərsə də elmi istiqaməti seçməkdə onların çox böyük təsiri olub.
Təbii ki tarix ixtisasını seçmək öz istəyimlə olub. Mən zorla Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq ermənilərə verilən Zəngəzur mahalında dünyaya göz açmışam. Uşaqlığım Arazın qırağında keçib. Rəhmətlik atam orada işləyəndə o biri tərəfdə olan adamlar dəmir məftillərin yanında dayanıb Azərbaycan dilində müraciət edir, danışırdılar. Atamdan soruşurdum ki, axı onlar da bizim dildə danışır, niyə bizi ayırıblar? Düzdür, o sadə bir iş adamı idi. Belə şeyləri dərindən bilmirdi, öz bildiyini deyirdi, hətta bildirirdi ki, Arazın o tayında qalan qohumlarımız da var. Həmişə bu sualı özümə verirdim ki, axı bu necə olub? Bu mənə çox böyük maraq yaratdı. Həm də mənim rəhmətlik ədəbiyyat, tarix müəllimlərim çox gözəl, savadlı insanlardı. Onların da az təsiri olmayıb. Ancaq xüsusi vurğulayım ki, sərhəddən o tərəfə hər dəfə baxanda düşünürdüm ki, görəsən mən o tərəfə nə vaxt gedəcəm? Orta məktəbdə oxuyarkən, çoxlu tarix kitabları oxuyurdum, tarixi əsərlər mütaliə edirdim. Yenə də istədiyim cavabı ala bilmirdim. Elə bu fikirlər, suallar məni tarixə gətirdi. Artıq indi o cavabı tapmışam.

 

Tarix fakültəsində 3 nəfər Azərbaycanlı bir qrupda oxuyurduq
 

 Daşkənd Dövlət Universitetinin Tarix fakültəsində 3 nəfər azərbaycanlı bir qrupda oxuyurduq. Tələbə yoldaşlarımdan biri Lənkəran, digəri Bakıdandı. Təəssüflər olsun ki, onlarla da mütəmadi görüşə bilmirəm. Qrupumuz çox zəngin, maraqlı, heç yadımdan çıxmayan çoxmillətli kollektiv idi. Təsəvvür edin, qrupumuzda 25-ə qədər millətin nümayəndəsi vardı və onlar içərisində yarı fransız, yarı macar bir qız oxuyurdu. Biz həmişə Azərbaycan dilində danışarkən, o gəlib yanımızda dayanırdı. Rus dilinə keçəndə tez müdaxilə edirdi ki, xahiş edirəm, öz dilinizdə danışın. Deyirdim ki, axı sən bizim dili anlamırsan. Mənlə bir yerdə oxuyan azərbaycanlı qıza deyirdim ki, ay Gülşən xanım axı bu bizim dili bilmir, nə üçün bizim dilimizi eşitmək istəyir. Onun cavabı bu olurdu ki, mən sizin dilinizi eşidəndə elə bil ki, musiqi dinləyirəm. Bu dil mənə çox xoşdu. İstəyirəm ki, bu dili öyrənim. Səmimi deyim ki, ona əvvəlcə bir az şübhə ilə yanaşırdım. Amma sonradan gördüm ki, doğrudanda Azərbaycan dilinin gözəlliyi onda maraq oyadır.
Çox təəssüflər olsun ki, Azərbaycan dilini indi bərbad hala salıblar. Elə bir günə salıblar ki, onu eşidəndə, dinləyəndə dəhşətə gəlirsən. KİV-lərdə, xüsusən özəl televiziyalarda məişət dilinin ən eybəcər formasını teleefirə, radioya tətbiq ediblər. Bu yanaşmada millətin dili, keçmiş tarixi haqqında çox pis fikir formalaşdırır. Yolverilməz bir şeydir. Bəziləri adını jurnalist qoyub, müxtəlif veriliş aparırlar. Zaur kimi savadsız, mədəniyətsiz aparıcılar millətə əxlaq dərsi keçmək istəyirlər. Bizim vaxtımızda belə şeylər yox idi. Diqqət yetirin adi titrlərdə Azərbaycan dilinin qramatik normaları gözlənilmir, vurğu düzgün vurulmur. Xüsusilə xarici adlar - millətlərin, xalqların ölkələrin adları çəkilərkən, yazılarkən düzgün yazılmır. Ən dəhşətlisi odur ki, Bakının mərkəzində gəzirsən, əksər reklamlar, yer adları, mağaza adları əcnəbi dildədir. Adam baxıb dəhşətə gəlir. İtaliyan, ingilis, rus, fransız adları adamı bezdirir. Adi götürək otelləri. İndi bir-iki azərbaycan adı ilə bağlı otelə rast gəlmək olar. Bu ölkənin zəngin yer adları, böyük şəxsiyyətlərin adları qalıb bir yana, anlamadığın, eybəcər adlar dəbə düşüb. Bu işə baxanlar, cavabdeh olanlar cavab verməlidirlər. Əgər ölkəmizin başçısı, ondan əvvəl də ümummilli liderimiz Azərbaycan dilinə, mənəvi dəyərlərinə yüksək qiymət veribsə, ayrı-ayrı məmurlar belə şeyə niyə yol verir? Bu mənə çatmır. 
Guya Avropaya inteqrasiyadır. Vaxtından əvvəl qocalan Avropanın mənəvi dəyərlər deyilən anlayışdan artıq xəbəri yoxdur. Həmin Avropa ölkələridir ki, mənəviyata, əxlaqa sığmayan normaları leqallaşdırır. Bir ölkənin başçısı qərar verirsə, eyni cinsdən olanlar ailə qura bilər, buna necə haqq qazandırasan? Bunlar Allahın qoyduğu qaydalara zidd bir hərəkət, mənəviyatsızlıq, mənəviyatın aşınmasıdır. Bu hallara yol verən Avropadan mən nə götürə bilərəm. Əgər mənim millətimin dünyaya verdiyi Nizami kimi böyük, dahi şair varkən (min ilə yaxındır ki, oxunsa da, hər dəfə nəsə tapmaq mümkün olur) onu qoyub Avropada nə götürəcəm. Həmin avropalılar ki, səlib yürüşlərinə qədər əl yumaq nədir, adi təmizlik nədir bilməyiblər. Tez-tez “gender bərabərliyi” termini ortaya atırlar. Heç olmasa bir dəfə Nizami Gəncəvinin “Sənsiz” şerini oxusunlar. Üzeyir bəy ona romans yazıb. Azərbaycan kişisinin öz qadınına münasibəti necə də orada gözəl tərənnüm edilib. Məhəmməd Füzuli Azərbaycan kişisinin qadına münasibətini Məcnunun Leyliyə sevgisində elə ehtiva edib ki, onun qarşısında başqa heç nə demək olmur. 
Baxın, bir ölkə kimi təcavüzə məruz qalmışıq. Bizim haqlarımızı bunlar gözləyirmi? Bizə qarşı soyqırım cinayəti törədilib, bunu o avropalılar qəbul edirmi? Amma Azərbaycan xalqına düşmən kəsilənlərin qulağına bir çırtma dəyən kimi səslərini başlarına atırlar. Untmasınlar, biz dünyanı 1941-1945-ci ildə xilas etdik. SSRİ-nin müdafiə fonduna verdiyimiz neft, yanacaq olmasaydı indi nə o Amerika, nə də İngiltərə var idi. Bircə almanlar var idi ki, onlar da dünyanı məhv edirdilər. Bizim onlardan öyrənəcək bir şey yoxdur. Onlar bizdən öyrənsin ki, insanlıq nədir. Biz insanları dini mənsubiyətinə görə, ehtiqadına görə yox, insanlığına görə qiymətləndiririk. Biz onların dini etiqadına, dünyabaxışına, insan kimi yanaşırıq, ən əsası onları Allah yaradıb deyib, bu mövqedən yanaşırıq. Onlar isə İslama böhtan atmaq, bu dini məhv etmək, gözdən salmaq üçün İŞİDİ, “Əl-Qaidə”ni, Abdulla Öcalanı yetişdirib. Mən belə Avropanı, Amerikanı istəmirəm. 

 

 

Əfsun

Tarix
13 Dekabr 2014 [09:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin