Elmar Məmmədyarov Estoniya parlamentinin vitse-spikerini qəbul edib

19:46 - 23 Oktyabr 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikasının parlamentinin vitse-spikeri Kalle Laaneti qəbul edib

XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanla Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Həmçinin Nazir Elmar Məmmədyarov informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Avropa İttifaqı - Azərbaycan arasında münasibətlərə toxunan Nazir Elmar Məmmədyarov, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barəsində qarşı tərəfə məlumat verib.

Kalle Laanet, öz növbəsində səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirərək, Estoniyanın Azərbaycanla əməkdaşlığa daima maraq göstərdiyini və iki ölkə arasında informasiya kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Xəbər xətti