“Çalışırıq ki, tamaşalarımız bütün yaş qruplarını təmin etsin”

21:00 - 23 Oktyabr 2018 - Mədəniyyət

Mirbala Səlimli: “Qırmızı bağ” bədii filmi beynəlxalq festivallarda 6-dan çox mükafat alıb”

“Mənim düşüncə tərzim başqadır. Kinoya pul qazanmaq üçün gəlməmişəm, məqsədim daha böyük olub. Müəllimim Aleksey Germanın sözü ilə desəm, biz kinoya özümüzün düşüncəmizi, daxilimizdə olan ən intim hissiyyatımızı və fəlsəfəmizi ortaya qoymaq üçün gəlmişik”. Deyir ki, kommersiya filmlərinin özü də yaradıcı və  keyfiyyətli olmalıdır və bu mənada çox işləmək lazımdır ki, bu filmlərin səviyyəsi yüksəlsin. “Üç nöqtə” qəzetinin qonağı Şəki Dövlət Dram Teatrının baş rejissoru, Respublikanın Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlidir.

- Şəki Teatrında bugünkü vəziyyət necədir? 
- Bu gün Şəki Teatrında çox gərgin və eyni zamanda yaradıcı iş gedir. Biz Türk dramaturqu, aktyoru, rejissoru Beyazıt Gülercanın “Lodos” əsəri üzərində işləyirik. Bu əsərin ətrafında teatrın bütün yaradıcı kollektivi cəmləşib. Burda həm yaşlı, həm də ilk rolunu oynayacaq, debüt edəcək aktyorlar da var. Qeyd edim ki, əsərdə çox aktual bir mövzuya müraciət olunub. İnşallah bu əsərin bir müddət sonra premyerası olacaq və səhnədə oynayacağıq. Qurluşçu rejissoru mən, qurluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssam Sahib Əhmədlidir. Bu əsərdə əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfəz Salahov, Rəhim Qocayev, İqrar Salamov, aktyor və aktrisalardan Lalə Məmməd, Nərmin Abbasova, Orxan Həmidli, Xəyal Salahov və s. oynayacaqlar. Əsərdə söhbət dəniz sahili bir şəhərdə balıqçılar məhəlləsində köhnə evlərdə yaşayan insanların həyatından gedir. Yeni tikinti şirkətlərinin təzyiqlərinə baxmayaraq onlar sözü bir yerə qoyub köhnə balıqçı qəsəbəsindən getməməyə qərar verirlər. Lakin zaman keçdikcə ehtiyac bir-bir bu ailələri sözlərindən imtina etməyə məcbur edir.

- Repertuar seçimində nələrə daha çox diqqət yetirirsiniz? 
- Hər yeni ilin əvvəlində Şəki teatrında səhnəyə qoymaq üçün repertuar seçirik. Burda əsas diqqət bütün tamaşaçı auditoriyasını qane etmək, onları tamaşaya cəlb etmək üçün onların tələbatının ödəməkdir. Yəni cəmiyyətimizdə həm yaşlı, həm orta yaşlı, həm də gənclər, yeniyetmələr var. Repertuar siyasətində yaş qruplarını nəzərə alırıq.  Bu mənada çalışırıq ki, tamaşalarımız bütün yaş qruplarını təmin etsin. Həm də teatrın yaradıcı kollektivinin inkişafı üçün mütləq nəzərdə tuturuq ki, klassik əsərlər olsun. Burda həm dünya, həm Azərbaycanda klassik dramaturgiyasından nümunələr olsun ki, rejissorların, aktyorların, rəssamların yetişməsi və daha yaradıcı tədqiqat və iş aparması üçün  bir stimul olsun. 

- Bildiyimiz qədəri ilə teatrdan əlavə kino fəaliyyətiniz də yetərincə uğurludur. Bu sahədə hansı işləri görürsünüz? 
- Kino sahəsində son zamanlar çəkdiyim “Qırmızı bağ” bədii filmi ilə bir çox Avropa, Asiya festivallarında olmuşam. Təbii ki iki ölkənin istehsalı olan bu film bir sıra uğurlar əldə edib. Həm Qərb, həm də Şərq ölkələrində göstərilərkən tamaşaçıların, münsiflər heyətinin və kino tənqidçilərinin həmişə nəzərində olub və onlardan yüksək qiymətini alıb. Bu film beynəlxalq festivallarda altıdan çox mükafat alıb. Axırıncı dəfə  Rusiyanın 17-ci Baykal Beynəlxalq film festivalında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

- Qarşıda hansı işlər var? 
- Yeni planlar, hazır ssenarilər var. Çalışıram ki, indi apardığım işdə də xarici ölkələrin kino xadimləri ilə birgə iş qurum. Həm  studiya, həm prodüser proyektləri, həm də rejissor-ssenarist əlaqələri qurub bundan birgə istehsal üçün birgə layihələr həyata keçirək. Müxtəlif istiqamətlərdə bir neçə layihənin üzərində iş gedir.

- Üç dəfə Şəki Beynəlxalq Teatr Festivalı keçirilib, bu festivalların teatra hansı təsirləri var? 
- Təbii ki beynəlxalq festivalın bizim teatra çox böyük təsiri olur. Çünki başqa-başqa ölkələrdən, teatrlardan gələn tamaşaları yaradıcı heyətimiz izləyir, baxır. Hətta o tamaşaların səhnədə qurulmasında bütün kollektiv iştirak edir. Və bu həmçinin teatrların yaradıcı və texniki heyəti ilə təmasa girmək deməkdir. Onlarla dostluq əlaqələri yaradılır və onlar getdikdən sonra da bu əlaqələr davam etdirilir. Həmçinin yaradıcılıq mübadiləsi yaradılır.

- Azərbaycanda film istehsalı dünya kino istehsalından nə ilə geri qalır? 
- Bizdə təəssüflər olsun ki, kino istehsalatı o qədər də qənaətbəxş deyil. Bunun üçün prodüser mərkəzləri, kino mərkəzinin yaranmasının üzərində iş gecikir. Mövcud olan  müstəqil studiyalar da tam gücü ilə işləmir. Kino haqqında yeni qanun yazılıb tərtib olunub. O, hazırda Milli Məclisdə qəbul olunmaq ərəfəsindədir. Mənə elə gəlir ki, Azərbaycan kinosu haqqında yeni qanun qəbul olunandan sonra kino istehsalında bir dirçəliş, irəliləyiş olacaq. Müxtəlif janrlı filmlər istehsal olunacaq. Təbii ki yeni kino qanununun Azərbaycan kinosunun gələcək inkişafında çox böyük rolu olacaq.

- Son illərdə ölkədə çəkilən filmlərə münasibətiniz necədir?  
- Çox sevindirici haldır ki, son illərdə Azərbaycanda çəkilən filmlər beynəlxalq arenaya çıxır və çox böyük müvəffəqiyyət qazanıblar. 2008-2018- cillər ərzində kinonun inkişafı üçün qəbul olunmuş 10 illik proqram Azərbaycan kinosunun inkişafında çox böyük rol oynadı və öz bəhrəsini verdi. Kimlərsə deyə bilər ki, effektiv olmadı. Lakin bu illər ərzində çox maraqlı filmlər çəkildi və Avropada, Asiyada, müxtəlif beynəlxalq festivallarda öz sözlərini dedilər, qalib gəldilər, çoxlu mükafatlar aldılar. Mən deyərdim ki, bəlkə də 10 il ərzində qazanılan mükafatlar qədər digər  vaxtlarda mükafat qazanılmayıb. Bu faktdır. Amma biz deyə bilmərik hədəf vuruldu, istədiyimizə nail olduq. Xeyr, əlbəttə ki, çox keyfiyyətsiz və sadəcə insanları əyləndirmək məqsədilə çəkilən filmlər də var ki, bunlar da keyfiyyətli olsa daha yaxşıdır.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, kommersiya filmi çəkərək pul qazanmağı özümə tabu sayıram...  
- Bəli, çünki mənim düşüncə tərzim başqadır. Mən təhsil alanda və ondan sonra kinoda işləyən vaxtı nə pul qazanmaq üçün, nə də başqa bir hisslə kinoya gəlməmişəm. Müəllimim Aleksey Germanın sözü ilə desəm, biz kinoya özümüzün düşüncəmizi və daxilimizdə olan ən intim hissiyyatımızı və fəlsəfəmizi ortaya qoymaq üçün gəlmişik. Kommersiya filmlərinin özü də yaradıcı, keyfiyyətli olmalıdır. Bu mənada çox işləmək lazımdır ki, bu filmlərin səviyyəsi yüksəlsin. Həmçinin çəkilən bəzi seriallar haqqında da bunu demək olar.

- Baş rejissoru olduğunuz Şəki Dövlət Dram Teatrında nə kimi yeniliklər var? 
- Artıq bir müddətdir ki, Şəki Teatrında iki illik teatr studiyası fəaliyyət göstərir. Hər iki studiyada həm aktyor, həm də rejissor kadrları yetişdirilir. Əsasən nəzərdə tuturuq ki, iki illik təhsil alan gənclər sonra teatrın heyətində öz yerlərini tutsunlar. Bir növ teatrda nəsil dəyişikliyi baş versin. Dövr keçdikcə aktyorlar yaşlanırlar və yeni nəsil gəlməlidir. Onlar əsasən Şəkinin özündən və kəndlərindəndirlər. Qonşu rayonlardan da gələnlər var. Bu proses neçə illərdir bizdə davam edir. Bu vaxta qədər əsasən aktyor heyətinin yetişdirilməsinə fikir verirdiksə, artıq rejissorların da yetişdirilməsi üçün imkanlar yaradırıq. Demək olar ki, artıq bizdə rejissor heyəti də gəncləşir.

- Gələn il Şəki Dövlət teatrının 140 illiyi tamam olur... 
- Bəli, gələn il peşəkar teatrın Şəkidə yaranmasının 140 illiyini qeyd edəcəyik. İndidən ona hazırlıq işləri gedir. Bildiyimiz kimi, 1879-cu ildə Şəki ziyalısı, dramaturqu, yazıçısı və pedaqoqu olan Rəşid bəy Əfəndiyevin təşəbbüsü ilə Şəkidə Barama anbarında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) əsəri oynanılıb. Bununla da Şəki Peşəkar Teatrının əsası qoyulub. Sonrakı illərdə təbii ki Şəkidə bir neçə dildə teatr truppaları olub, tamaşalar göstərilib. 1934-cü ildə Dövlət teatrı olub, axırıncı isə 1975-ci ildən Şəki Dövlət Dram Teatrı təşkil olunub və dövlət statusu alıb, indiyə kimi də fəaliyyət göstərir. Bu tarixi qeyd etmək üçün 2019-cu ildə Şəkidən təntənəli şəkildə teatrın 140 illiyi qeyd olunacaq.

- Teatra yeni direktor gəlib, onun iş strukturu sizi qane edirmi?
- Bir ildir ki, teatra Namiq Qafarov rəhbərlik edir. Qeyd edim ki, Namiq Qafarov mədəniyyət sahəsində çox böyük təcrübəsi olan bir insandır. Şəkinin özündəndir. Onun təcrübəsindən bizim teatr yararlanmağa çalışır. İşgüzar adamdır. Çalışır ki, teatrın maddi-texniki bazasını gücləndirsin, yaradıcı heyətə öz sənət işlərində, tamaşaların hazırlanmasında köməklik göstərsin.

Könül Oruc

Xəbər xətti