Hakimlər işlərə tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar

18:11 - 23 Oktyabr 2018 - KİVDF

Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir

Hüquqi dövlət quruculuğu istiqamətində atılmış ən böyük islahatlardan biri  Konstitusiyanın qəbuludur. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlayıb. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.

Konstitusiyada insan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən edir.  Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (Konstitusiyanın 26-cı maddəsi, II hissəsi). Bu təminatların sırasında hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi də nəzərdə tutulub. Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (I hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyət orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (II hissə).

Qanunverici bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir.
Mülki Prosessual Məcəllənin 43-cü fəslində isə məhkəmə qərarlarından şikayət vermək hüququnu və onun kassasiya qaydasında baxılmasını nəzərdə tutur. Qeyd edək ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

Məhkəmə aktlarından şikayətin Mülki Prosessual Məcəllədə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz elementi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 424 və 433-cü maddələrinə əsasən, Ali Məhkəmənin Plenumu müstəsna olaraq hüquqi məsələlər və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə işlərə baxır. Bununla əlaqədar işdə iştirak edən şəxslərin hüquqlarının hərtərəfli və keyfiyyətli müdafiəsinin təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuşdur ki, həmin instansiyada işlərə baxıldıqda göstərilən şəxslər yalnız vəkillə birgə iştirak edirlər. Bu maddədə bildirilir ki, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

Mülki Prosessual Məcəllənin bu müddəaları Konstitusiyanın 61-ci maddəsinin tələbləri ilə uzlaşır. Həmin maddənin I hissəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə baxışı əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxaq Paktın 14-cü maddəsində, insan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrinə və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (Avropa İnsan Hüquqları Konvensiyası) 6-cı maddəsində öz əksini tapıb. Belə ki, insan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir.

Bu müddəalara əsasən məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi konkret təminatların mövcudluğunu nəzərdə tutur.
Konstitusiyanın 127-ci maddəsində təsbit olunmuş ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsi mülki məhkəmə icraatının bu cür təminatlarından biridir. Bu maddədə bildirilir ki. hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.  Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini mövcudluğunu müəyyən edir.

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bundan başqa, məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Ədalət məhkəməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Maddədə qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

Tərəflərin bərabərliyi və çəkişmə mülki məhkəmə icraatının başlıca prinsiplərindən biri kimi Mülki Prosessual Məcəllənin «Əsas qaydalar» adlı 1-ci fəslində nəzərdə tutulduğundan, o, mülki prosesin bütün mərhələlərini əhatə edir.

Xəbər xətti