“Dərsliklərdə jarqon ifadələr, küçə sözləri işlədilə bilməz”

20:02 - 23 Oktyabr 2018 - Cəmiyyət

Kamran Əsədov: “Nə qədər tenderə keyfiyyətli dərslik qatılır, amma naşı ekspertlərin ucbatından aşağı bal alır və kənarda qalır”
Məlahət Mürşüdlü: “Dərsliklərin ictimai müzakirəyə mütləq ehtiyacı var”


Deputat Aqil Abbas Milli Məclisin iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır: “Bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır. İkinci sinif şagirdinə “Dağlıq Qarabağın qayıdışına inanırsınızmı? ” kimi suallar verilir. Uşaq isə “yox” deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar ”. 
Deputat 3-cü sinif dərsliyində erotikanın olduğunu da qeyd edib: “Amma buna baxan yoxdur. Bundan başqa, dərsliklərdə ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə rusdilli məktəbə meyllənirlər? Çünki rusdilli məktəblərdə belə hallar yoxdur, orada düz əməlli dərs keçirlər”.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan şagirdlərin beyninə görə deyil: “İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər.

Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər...”.

K.Əsədov düşünür ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir: “Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və “bir udumluq” olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var”.

Ekspert təəssüf hissi ilə qeyd etdi ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar bu dərsliyi oxuyan uşağın gələcəyini düşünmürlər: “Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin. Qalın, maraqlı, cürbəcür. Əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiniz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək”.

K.Əsədov vurğuladı ki, müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir: “Məqsədi və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jarqon ifadələr, küçə sözləri işlədilə bilməz. Bu şagirdlərə çox pis nümunə ola bilər. Acınacaqlı hal odur ki, təhsil nazirliyi problemin həlli istiqamətində əməli tədbirlər həyata keçirmir. Qeyri peşəkar səviyyədə məsələyə münasibət bildirilir, nəzarət olunur. Çünki dərsliyi yoxlayan ekspertlər baxmırlar. Özlərinin standartlardan xəbərləri yoxdur. Dərslik yoxlayan ekspert kiminsə vasitəsi ilə seçilməməlidir. Nə qədər tenderə keyfiyyətli dərslik qatılır, amma naşı ekspertlərin ucbatından aşağı bal alır və kənarda qalır. Hər şeyə güzəşt etmək, göz yummaq olar, amma dərsliyə yox”.

Təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü millət vəkilinin səsləndirdiyi fikirlərlə razılaşmadığını deyir: “Çünki dərslikdə elə məsələlər yer almayıb. Hörmətli millət vəkilləri dərslikdən xəbərləri olmadan fikir söyləyirlər. Təkcə ibtidai sinif dərsliklərində deyil, ədəbiyyat, xarici-dil, fizika, biologiya və s. demək olar ki bütün dərsliklərdə nöqsanlar var. Və bunun ictimai müzakirəyə mütləq ehtiyacı var. Təhsil Nazirliyinin Şöbə müdiri Elvin Rüstəmov dərsliyin ictimai müzakirəsinin həyata keçirildiyini bildirib. Amma praktikada biz bunu görmürük. Dərsliklərin ictimai müzakirəsinin müxtəlif modelləri var. Bu Nazirliyin saytında yerləşdirilir və bunu ictimai müzakirə adlandırırlar. Bu ictimai müzakirə deyil. İctimai müzakirə təcrübəli müəllimlərin və ictimaiyyətin bu sahədə müəyyən təcrübəyə malik olan insanların, təhsil işçiləri çərçivəsində ayrı-ayrılıqda həyata keçirilir. Bu mübahisələrdən sonra Elmi Metodiki Şura dərslikləri qiymətləndirib, onu nəşrə göndərməlidir. Bu zaman deyilən nöqsanlar aradan qaldırıla bilər. İctimaiyyət qarşısında dərslik hazırlayıb çap etdirmək böyük bir məsuliyyətdir. İctimaiyyətlə müzakirələrin aparılması Nazirliyin məsuliyyətinin bölüşdürülməsi deməkdir. Buna görə də mütləq şəkildə düşünürəm ki, gələn tədris illərində dərsliklərin ictimai müzakirəsi necə lazımdırsa təşkil edilməlidir”. 

Könül Oruc

 

Xəbər xətti