Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanır

18:43 - 17 Oktyabr 2018 - KİVDF

 Qanunvericilik hakimlərə geniş hüquqlar verməklə bərabər onların üzərinə mühüm vəzifələr qoyur  

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai münasibətlərin xarakterinin dəyişməsi, hüquqi dövlət quruculuğu həyatımızın bütün sahələrində olduğu kimi hüquqi sahədə də demokratik islahatların həyata keçirilməsini zəruri etdi. Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda məhkəmə hakimiyyətinin, xüsusilə hakimlərin müstəqilliyinin təminatı barədə müddəalar əks edilmiş, demokratik quruluşun və hüquqi dövlətin təməli qoyularaq hüquqi islahatların aparılması şərtlənmişdir. Uğurla həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq sistemi yaradılmış, qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edilmişdir. Bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, məhkəmələrə müstəsna səlahiyyətlər verilib, hakimlərin maddi və sosial təminatı xeyli yaxşılaşdırılıb. 

Bu gün qanunvericilik hakimlərin müstəqilliyinin və onların yüksək statusunun təmin olunmasına kifayət qədər zəmanət verir. Bu "Məhkəmələr və hakimlər haqqında" Qanunda da öz əksini tapıb. Qanunun 100-cü maddəsində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdətutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.  Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanır.  Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.

Ədalət mühakiməsinin həyata keçirilməsinin zəruri şərtlərindən biri də məhkəmələrin ədalət mühakiməsini məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirilməsidir. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanır. Qanunvericilik hakimlərə geniş hüquqlar verməklə bərabər onların üzərinə mühüm vəzifələr qoyur. Hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, peşə və digər məlumatları gizli saxlamalı, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməlidirlər. Aydindir ki, hakimlərin ədalət məhkəməsini həyata keçirməsi üçün bir sıra hüquqları var. Hakimlər müstəqillik, dəyişməzlik, toxunulmazlıq, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, eləcə də dövlət tərəfindən təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial müdafiə hüquqlarına malikdirlər. Bundan başqa, hakimlər həmçinin aşağıdakı hüquqlara malikdirlər: qanunla üzərilərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar öz sərəncamlarının yerinə yetirilməsini vəzifəli şəxslərdən, fiziki və hüquqi şəxslərdən tələb etmək, qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək,ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar vəzifəli və digər şəxslərdən məlumatlar almaq, intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar şikayət etmək, öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə ərizə vermək.
Hakimlər Azərbaycan Respublikasının prosessual  qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara da malikdirlər. Dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi şəxslər, habelə vəzifəli şəxslər hakimlərin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı tələblərini və sərəncamlarını  yerinəyetirməyə borcludurlar. Bu tələb və sərəncamların yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur

Qanunvericilikdə hakimlərin toxunmazlığı da öz əksini tapıb. Bu "Məhkəmələr və hakimlər haqqında" Qanunun 128-ci maddəsi ilə tənzimlənir və bildirilir ki, hakimlər toxunulmazdırlar.. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər. Maddənin III hissəsində qeyd olunub ki, hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər. IV hissədə isə qeyd olunub ki, onların vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülür. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir(V).
Qeyd edək ki, hakimlərin təhlükəsizliyi də həmişə diqqət mərkəzindədir. Hakimlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Hakimlərin öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var, zəruri hallarda onların təhlükəsizliyi təmin edilir. Onlar  səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunurlar.
Qanunvericilikdə hakimliklə bir araya  sığmayan fəaliyyətlər də tənzimlənir Qanunun 104-cü maddəsində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə  görə hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.)

Beləliklə, ölkəmizdə məhkəmə hakimiyyəti həm qanunverici, həm də icra hakimiyyəti tərəfindən hüquq normalarının, ilk növbədə konstitusion normaların pozulmasının qarşısını alaraq dövlətlə vətəndaş arasında hüquq münasibətlərinin tənzimlənməsində saxlayıcı, tarazlayıcı rol oynayır

 

Xəbər xətti