Bütöv Azərbaycan və türkçülük ideyalarinin tərənnümçüsü

18:21 - 17 Oktyabr 2018 - Ədəbiyyat

Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Hüseynli Oğuz bölgəsinin tanınmış yazarlarındandır. Həm də yaşadığı cəmiyyətə onəm verən, dünyanı və gələcəyi düşünən, öz sosial məsuliyyətini anlayan yazarlardandır. O, əsərlərində insanlara xoşbəxt anlar bəxş edə, onlarda sevgi oyandıra bilir, duyğuları dilə gətirməyi bacarır. İnsana məhəbbət, haqq-ədalət, ədalətin zəfər çalması, milli-mənəvi dəyərlərin müqəddəsliyi onun əsərlərinin pofosunu gücləndirən əsas amillərdəndir.

Yaradıcılığa orta məktəbdə oxuyarkən başlamış N.Hüseynlinin ilk mətbu əsəri 1971-ci ildə təhsil aldığı ali məktəbin (BDU) qəzetində dərc olunmuş “Səbayel... Heft daşları” şeiridir. Sonralar şeir və hekayələri “Ədəbiyat qəzeti”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Zaman”, “Vətən”, “Mingəçevir işıqları”, “Ordu”, “Ədalət”, “Kredo”, “Türküstan”, “Qala”, “Oğuz yurdu” qəzetlərində; “Ulduz”, “Pioner”, “Göyərçin”, “Kənd həyatı”, “Kirpi” jurnallarında; “Bahar çiçəkləri”, “Yaşıl budaqlar”, “Yeni səslər” almanaxlarında və dıgər mətbuat orqanlarında dərc edilmişdir. Onun 1991-ci ildə “Şabalıdlı dərə”, 2000-ci ildə “Oğuz lətifələri”, 2001-ci ildə “Uzun hörüklü qız”, 2008-ci ildə “Oğuzdur elim mənim”, 2012-ci ildə “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz”, 2015-ci ildə “Qədim Oğuz yurdu – Xaçmaz kəndi” adlı kitabları nəşr olunmuşdur. N.Hüseynli həm də Oğuz bölgəsinin şeir və nəsr həvəskarlarının yaradıcılıq nümunələrindən ibarət “Kövrək addımlar” və “Oğuzun sözü” almanaxlarının tərtibçisi və redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin də üzvü olan N.Hüseynli həmçinin Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin redaktorudur. Onun öz istiqaməti, ideya, dil və üslub özünəməxsusluğu ilə seçilən publisistik yazıları və araşdırmaları da maraq doğurur. N.Hüseynli güclü müşahidə qabiliyyətinə və dərin ümumiləşdirmə bacarığına malikdir. Daim yeni-yeni maraqlı mövzular tapır, araşdırmalar aparır, bunların nəticələrini öz oxucularına çatdırır. Onun əsərlərindən alınan təəssürat oxucunun ağlına təsir edir, onun həyatın müxtəlif sahələrinə münasibətinə təsir göstərir. “N.Hüseynli yaradıcılıq sferasında müxtəlif istiqamətlərdə uğurla yazıb yaradır. Həm mövzu əhatəsi baxımından, həm də janr müxtəlifliyi ilə zəngin yaradıcılıq örnəklərini ilkin müşahidədən sözə, sənətə çevirir.”
N.Hüseynlinin son mətbu əsəri bu il “Vətən” nəşriyyatında çap olunmuş şeir və poemalardan ibarət “Bütövlük həsrəti” kitabıdır. Kitaba şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli ön söz yazmışdır. “Bütövlük həsrəti” kitabı N.Hüseynli yaradıcılığında yeni bir ədəbi hadisə olub, geniş mənada təzə ideya-bədii məzmun deməkdir. Burada verilmiş əsərlərin çoxu ideyasının aktuallığı və içtimai-siyası məzmunu ilə seçilir. Bu əsərlərdə əsasən məzmun formanı müəyyən etsə də, bəzən forma məzmuna bədii don geydirir, onun bədii-estetik təsirini gücləndirir.Məhəbbət mövzusunda olan əsərlər istisna olmaqla, digər əsərlərdəki “bütövlük”, “birlik” və “türkçülük” anlayışları N.Hüseynlinin “yaxınlıqda görünən uzaqlığı ifadə edən orjinal və ümumiləşdirilmiş bədii düşüncələridir.”

Kitabdakı şeirlərin xeyli hissəsində, o cümlədən “Bütövlük həsrəti” və “Turan” poemalarında parçalanmış xalqımızın birlik, bütövlük arzusu və türk xalqlarının dostluq, qardaşlıq və birliyi tərənüm olunur. Təsadüfi deyildir ki, AYB-nin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edir) sədri V.Oğuz onun yaradıcılığından danışarkən belə deyir: “N.Hüseynlinin əsərlərində həmişə bir təbiilik, bütövlük həsrəti, torpaq sevgisi hiss edilir. Onun əsərlərində türkçülük ruhu, böyük Turan sevgisi dolaşmaqdadır. İstər gənclik illərində, istərsə də son dönəmlərdə yazdığı şeirlərin əsas qayəsini insana sevgi, Vətənin bütövlüyünün bərpasına çagırış, türk xalqlarının birliyinə inam təşkil edir.”
Əli Rza Xələflinin də yazdığı kimi, N.Hüseynlinin əsərlərindəki “...bütövlük həsrəti böyük Azərbaycan arzusundan, sağlam insan, mükəmməl cəmiyyət arzusundan yaranmış şeirlərin toplusudur.”

“Bütövlük həsrəti” kitabına daxil edilmiş “Tikanlı məftillər sökülür daha”, “Azərbaycan”, “Nə vaxt” şeirlərində bütövlük – vahid Azərbaycan arzusu bərq vurur və öz parlaq əksini tapır:
Su axmır, göz yaşı axır Arazdan,
Bütövlük həsrəti baxır Arazdan...
“Tikanlı məftillər sökülür daha”


Və yaxud:
Xalqım Quzeyli, Güneyli ayağa qalxıb nə vaxt hayqıracaq:
Yağı, Vətənimdən əl çək!...
Bütün parçalanmış xalqlar,
Bütün dünya birləşir,
Azərbaycan nə vaxt birləşəcək ?!
(“Nə vaxt”)

O, bütöv Azərbaycan ruhunun itməməsi üçün daxili bir inersiya ilə çalışır, yazıb yaradır. Nümunələr də göstərir ki, şair üçün “bütöv Azərbaycan ideyası obrazlı desək, bədənin canı, gülün bülbülü, ananın balanı axtarması, ona qovuşması kimi bir olaydır.”

Şairin birlik və bütövlük arzuları ustad M.Şəhriyarın əziz xatirəsinə həsr olunmuş “”Bütövlük həsrəti” poemasında daha aydın əks olunmuşdur. Bu poema M.Şəhriyarın “Heydərbabaya salam” poemasını xatırladır. Poemada N.Hüseynli bədiiliyin imkanlarından məharətlə faydalanmışdır. O, bədiiliyi təmin etmək üçün təsvir və ifadə vasitələrindən, obrazlı söz, ifadə və cümlələrdən uğurla istifadə etmiş, sözlərin seçilməsinə xüsusi qayğı ilə yanaşmışdır.
Bu poemada müəllif Azərbaycanın parçalanmasını sağalmayan və zaman-zaman qan verən yara hesab edir:
Heydərbaba, xalqım param-paramdı,
Sağalmayan, o qan verən yaramdı,
Yediyimiz çörək bizə haramdı,
O tay, bu tay birdən qaxıb durmasaq,
Birləşməsək, bir məmləkət qurmasaq.


Poemada “param-param” olmuş Vətənin birləşməsi, bütövlüyü uğrunda mübarizə tarixindən də maraqlı səhifələr verilir, ancaq Cənubi Azərbaycanın deyil, Dərbəndin, Borşalının, İrəvanın və Qarabağın da davası edilir. Dəfələrlə şimşək kimi çaxan, müstəqillik savaşına qalxan, sel kimi meydanlara axan və bu yolda şəhid olanların unudulmaz xatirəsi ehtiramla yad olunur. Şair çıxış yolunu “azadlığın bayrağını əkənlərin, məftilləri, dirəkləri sökənlərin” qəhrəmanlıq ənənələrini davam etdirməkdə, birlikdə mübarizə aparmaqda görür:
Cənub, Şimal omuz-omuza verməli,
Birləşməli, bir məmləkət qurmalı,
Bütövlüyün keşiyində durmalı.
Qələbələr ağıl ilə çalınır,
Birlik sovqat verilməyir, alınır.

Ümumiyyətlə, N.Hüseynlinin əsərlərində bütövlük həsrəti – cənub həsrəti – bütöv Vətən arzusu nəsillər və dövrlər arasında qırılmaz varislik yaradan mənəvi tarixi amillərdən biri kimi qırmızı xətlə keçir. Onun üçün bütövlük haqqın bərpasıdır.

Kitaba daxil edilmiş “Çaldıran döyüşü”, “Türk birliyi yaransın”, “Uyğurlar”, “Tatarlarsız qaldı Krım”, “Axıska türkləri yurd həsrətində”,
“İlyaskaya, İlyaskaya, İlyaskaya, ağlama” şeirlərində və “Turan” poemasında isə türk xalqlarının birliyi təbliğ edilir. Türkçülük ideyaları bu əsərlərin ana xəttini təşkil edir. Həmin əsərlər N.Hüseynlinin türkçülüyə olan böyük məhəbbətini bir daha təsdiqləyir. Maraqlı məzmununa, parlaq ideyasına və bədii xüsusiyyətlərinə görə də bu əsərlər xüsusi diqqət çəkir. Lirik qəhrəmanın səmimiliyi, yüksək emosionallığı oxucunu düşündürür, onu qaldırılmış problemlərin mahiyyətini dərk etməyə sövq edir.
Şair türk dünyasının qəhrəmanlıq tarixindən fəxrlə söz açır. O, bu tarixin şanlı səhifələrinin qürur hissi ilə vərəqləyir, “manqurtlaşmaq qorxusu” keçirir, qətiyyətlə türkü özünə dönməyə və öz böyüklüyünə inanmağa, yaddaşını oyatmağa və həmişə oyaq saxlamağa çağırır:
Yaranışın əvvəlidir, lap önüdür,
Hun-Türk köklü insanların məskənidir,
Yer üzündə kültürün ilk vətənidir
Keçmişimiz, sabahımız ulu Turan.
Atilladır boz kırlarda atın çapan,
Yüz minlərlədir atın qovub ona çatan,
Ürəklərdə Şərqdən Qərbə ucsuz Vətən,
Keçmişimiz, sabahımız ulu Turan.
(“Turan” poeması)


Bu əsərlərdə türkün şanlı tarixindən şərəf duyan, lakin “Keçmişimiz zəfər dolu, son əsrlər kədər dolu”,- deyən şair türkün haqqını çeynəyənlərin hələ çox olduğunu, bəzi türk xalqlarının əsarətdə göynədiyini, türk dünyasının üzləşdiyi çətinlikləri xatırladır. Məsələn, “Uyğurlar” şeirində oxuyuruq:
On beş milyon bir milyardın içində,
Bir-birindən fərqli dildə və dində...
Təhqir, təzyiq, zindan, ölüm hər gündə,
Bezir, bezir uyğurlar!


“Dərdli Kırım tatarları” şeirində isə doğma yurd-yuvasından didərgin salınmış Kırım tatarlarının acı taleyi təsvir edilir:
Haqsızlığa ov oldular,
Hara gəldi qovuldular,
Bir toz kimi sovuldular,
Dərdli Krım tatarları.


“Qızıl qələm” mükafatı laureantı olan N.Hüseynli türk dünyasına qara əllərin uzandığı, istər daxildən, istərsə də xaricdən türk xalqlarının birliyinə əngəllərin törədildiyi bir vaxtda, baş verən faciələrin qarşısının alınması üçün “torpaqları uc-uca, tarixləri qos-qoca, kültürləri çox uca, qovmü – kökü bir, yolu bir, boz qurdu bir, Turan adlı yurdu bir olan” türklərin bir əsrdən artıq tarixi olan türk birliyi ideyasının gerçəkləşməsinin zəruriliyinə diqqəti cəlb edir:
Türkün haqqın çeynəyənlər hələ çox,
Əsarətdə göynəyənlər hələ çox,
Vulkan kimi qaynayanlar hələ çox,
Türk birliyi, türk birliyi yaransın !
(“Türk birliyi yaransın!)


Yaxud:
Hər sözümüz bir olmalı,
Hər səsimiz bir olmalı,
Hər kəlməmiz bir olmalı,
Diləyimiz türk birliyi.
(“Diləyimiz türk birliyi”)


Türk birliyinin yaranması yolunda görülən işləri fəxrlə qeyd edən şair “mübarizlik, cəsarət, ağıl, məslək və ideal baxımından bədii təxəyyülünün ən gözəl ifadələrindən olan” “Turan” poemasında sevinclə deyir:
Çox tezliklə axan sular durulacaq,
Ulu tanrı rizasıyla görüləcək:
Turan adlı birliyimiz qurulacaq,-
Keçmişimiz, sabahımız ulu Turan.


Mübahisəsiz, N.Hüseynlinin Vətənin bütövlüyünə, tükçülük ideyalarının tərənnümünə həcr olunmuş şeir və poemalarını ədəbiyyatımızda bu günə kimi yaradılmış və türkü bütöv Azərbaycan idealına və öz böyüklüyünə inandıran, dost-düşmənini tanıdan, birliyin yolunu göstərən dəyərli əsərlər sırasına daxil edə bilərik.

İmran Verdiyev,
Oğuz rayonundakı Yaqublu kənd tam orta məktəbinin direktoru,
Əməkdar müəllim

 

Xəbər xətti