Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir

18:12 - 16 Oktyabr 2018 - KİVDF

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır

Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində-referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Seçki Məcəlləsi Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin- referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir. 

 Seçki Məcəlləsi ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları da tənzimlənir. Məcəllənin 177-ci maddəsində bildirilir ki,  Azərbaycan Respublikası Prezidenti  seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci maddələri ilə müəyyən edilir. Konstitusiyanın 100-cü maddəsində Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər əksini tapıb və bildirilir ki, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. 101-ci maddədə isə Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları tənzimlənir. Bu maddədə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.  Maddənin II hissəsində bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. III hissədə isə vurğulanıb ki, bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Bu maddənin IV hissəsində  isə bildirilir ki, səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Konstitusiyanın 101-ci maddəsində ölkəmiz üçün önəmli olan  V hissədə prezidentin səlahiyyət müddətinin hansı şərtlər daxilində uzadıldığı əksini tapıb. Bildirilir ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Preziden seçkisi keçirildikdən sonra Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı olmalıdır. Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 12-si iştirak edərsə — azı 8 üzvün; 13-ü iştirak edərsə — azı 9 üzvün; 14-ü və ya 15-i iştirak edərsə — azı 10 üzvün; 16-sı iştirak edərsə — azı 11 üzvün; 17-si və ya 18-i iştirak edərsə — azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

 Seçki Məcəlləsinin 100.12-ci maddəsində nəzərdə tutulub ki, protokollar komissiyanın həlledici səs hüquqlu üzvünün ümumi sayının ən azı üçdə ikisi tərəfindən imzalanmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi  Seçki Məcəlləsi Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi qaydasını da müyyən edir. Deməli,  prezident seçkisinin baş tutduğunu təsdiq etmək üçün MSK-nın təqdim etdiyi protokollar  səs hüquqlu üzvlərin üçdə ikisi tərəfindən imzalanmalıdır. Sonuncu prezident seçkilərində sənədlər  protokol komissiyanın 18 üzvündən 17-si tərəfindən imzalanıb.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 2-ci hissəsinə və Seçki Məcəlləsinin 203.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. 203-cü maddənin digər bəndlərində bildirilir ki, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə (Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir) uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sənədlərinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq edilməsi barədə qərar qəbul edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. 
 Mərkəzi Seçki Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl əlavə edilir.. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində (Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi) göstərilənlərə əlavə olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayını müəyyən edir.
Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Prezident seçkisinin ən önəmli anlarından biri prezident seçilmiş şəxsin and içməsidir və bu Konstitusiyanın 103-cü maddəsilə tənzimlənir.  Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Xəbər xətti