İnzibati Xətalar Məcəlləsi Konstitusiyaya, beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır

18:10 - 15 Oktyabr 2018 - KİVDF

Bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı, konstitusiya nəzarəti ideyası qəbul edildi. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapdı və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaratdı. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldi, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırdı.

Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual Məcəllələr, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər Məcəllələri, "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" və digər qanunlar qəbul edilir.

Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də yuxarda qeyd etdiyimiz kimi İnzibati Xətalar Məcəlləsi oldu. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində isə bildirilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Bu məcəllənin 16-cı maddəsi ilə fiziki şəxslərin inzibati məsuliyyəti tənzimlənir. Maddədə bildirilir ki, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunur. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.

İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər tətbiq edilə bilməz (16.3).

 Maddədə qeyd edilib ki, inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 56011 işə baxılıb ki, bu da 2016-cı ilin göstəricisindən 49,4 faiz çoxdur. Onların 72,8 faizi idarəçilik qaydaları, 6,0 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,6 faizi yol hərəkəti qaydaları, 5,3 faizi sağlamlıq, 2,3 faizi mülkiyyət əleyhinə olan, 1,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 1,2 faizi gömrük qaydaları, 1,1 faizi ticarət qaydaları, 0,3 faizi iqtisadi fəaliyyət qaydaları, 4,1 faizi isə digər inzibati xətalarla bağlı olub. 
2017-ci ildə baxılmış işlərin 61,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 25,5 faizinin icraatına xitam verilib, 12,2 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilən 34644 nəfərin 38,1 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 36,1 faizinə inzibati cərimə, 21,0 faizinə inzibati həbs, 2,3 faizinə ictimai işlər, 0,2 faizinə xəbərdarlıq, 2,3 faizinə isə digər tənbeh növləri tətbiq edilib. 
Bu il sanitar-gigiyena qaydalarını pozan 526 şəxs inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsi məqsədilə Tədbirlər Planına uyğun olaraq, paytaxtın Xəzər, Sabunçu, Binəqədi, Səbail, Xətai, Suraxanı, Nərimanov, eləcə də respublikanın Sumqayıt, Xaçmaz, Lənkəran, Astara şəhər və rayonlarında reydlər keçiriblər.

Reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 31 fiziki və 2 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 27 min manat təşkil edib.
Bəs, məcəllənin 271 və 264-cü maddələri özündə nəyi əks etdirir. Bu maddələr tətbiq edilən cərimənin məbləğini göstərir. 271-ci maddədə bildirilir ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 264-cü maddədə isə  su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə, su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə, xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına, su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə,. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına, su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

(davamı var)

Xəbər xətti