Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclisi həyata keçirir

18:08 - 12 Oktyabr 2018 - KİVDF

Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarları qəbul edir

Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılıb. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olub. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.

Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulub və onun təkmilləşdirilməsi davam etdirilir.

Qeyd edim ki, dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı xüsusi əhəmiyyətə malikdir. İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi, onların tam həcmdə həyata keçirilməsi dövlət qarşısında müəyyən vəzifələr qoyur.  Bu Azərbaycan Respublikasının Kostitusiyasında da öz əksini tapıb. Konstitusiyada insan və vətəndaş hüquqları və azadlıqlarını bəyan edərək həm də müəyyən edir ki, onların tanınması və riayət olunması dövlətin borcudur. Bu hüquq və azadlıqların müdafiəsi və təmin olunması üçün zəruri olan əsas "mexanizmlər" də müəyyən olunub. Ölkədə insan hüquqları və azadlıqlarının müdafiəsi və təmin olunmasına görə məsuliyyət üzərinə qoyulan təsisatlar sırasına dövlət hakimiyyətinin hər üç qolu aid edilir. Belə ki, artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Kostitusiyasının 71-ci maddəsinə əsasən insan hüquqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu maddədə deyilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Göründüyü kimi, Konstitusiyada mütərəqqi amillərdən biri kimi təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipinə əsasən hakimiyyətin hər üç qolu öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarını hər bir halda qorumalıdır ki, bu da onların ümdə vəzifələrindən biri və əsası olmalıdır. Ona görə ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir və bu hüquqlar hər hansı bir normativ-hüquqi aktla və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, yaxud məhdudlaşdırıla bilməz. Bu baxımdan, ilk növbədə, Azərbaycanda qanunvericilik hakimiyyətini həyata keçirən orqan kimi Milli Məclis ölkə Konstitusiyasının insan hüquqları və azadlıqlarına dair müddəalarını qəbul etdiyi qanunlarda əks etdirir və onların həyata keçirilməsini təmin etmək üçün mexanizmlər müəyyənləşdirir. Konstitusiyanın 81-ci maddəsində qanunvericilik hakimiyyətinin həyata keçirilməsi tənzimlənir və bildirilir ki , Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Konstitusiyanın 93-cü maddəsilə Azərbaycan Respublikası Milli Məclisinin aktları tənzimlənir.  Bu maddə qeyd olunur ki,  Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarları qəbul edir  Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

Bir sözlə Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur. Konstitusiya, həmçinin ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik nailiyyətlərin qorunmasına xidmət edir. Təsadüfi deyildir ki, siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi və s. sahələrdə insan fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən konstitusiyalar bu və ya digər dövlətin hüquq sistemində ən ali yer tutur.

Şübhəsiz ki, yuxarıda qeyd edildiyi kimi müasir demokratik cəmiyyətdə insan hüquqlarının və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət daşıyır. İnsan və vətəndaş hüquqları və azadlıqları bəşəriyyətin çox əsrlər ərzində nail olduğu mütərəqqi dəyərlər sırasında xüsusi yer tutur. Nəzərə almaq lazımdır ki, cəmiyyətin inkişafı, onun çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquqlarının və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu baxımdan, əgər bu və ya digər dövlətin Konstitusiyasında dövlətin və vətəndaşın maraqları arasında tarazlıq gözlənilirsə, insan hüquqlarına və azadlıqlarına hörmətlə yanaşılır və onların müdafiəsinə təminat verilirsə, belə Konstitusiya bütövlükdə cəmiyyətin və insanların inkişafına xidmət etmiş olur.
Ulu öndərimiz tərəfindən təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" bu sahədə ilk fundamental sənəd idi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb, insan hüquqları üzrə ədəbiyyatın nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilib. 

2006-cı il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib.
2011-ci il dekabrın 27-də Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi yeni Proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativhüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib. Mahiyyət etibarı ilə hər iki sənəd bir biri ilə bağlıdır. 

Belə ki, Proqramda qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur. 

Xəbər xətti