Ana səhifə
22 Oktyabr 2018

Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır

Bu, birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına zəmin yaradır.

Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edib və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirib. Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb, konstitusiya nəzarəti ideyası qəbul edilib. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradıb. Bu Qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası

Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəməhakimiyyəti yaratmağa yönəlib. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırıb.  Qanunun 3-cü maddəsində məhkəmələrin vəzifələri tənzimlənir və bildirilir ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilib. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir. Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.  Bu, işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa və fakta görə apelyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradır. Bu isə, öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə, süründürməçiliyin aradan qaldınlmasına, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə zəmin yaradır.

Azərbaycan  Resbublikasi qanunvericiliyimdə nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə,  appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır. 

Məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun  və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyəhörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

Qanunla Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsindəməhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə  tutulmuş vasitələrlə müdafiə hüququna, o  cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir. 

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin II hissəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Bu qanunun  5-ci maddəsilə məhkəmələrin qərarları tənzimlənir və bildirilir ki, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. İnzibati-iqtisadi məhkəmələrin iqtisadi mübahisələrlə bağlı qərarları, habelə kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq elektron qaydada yayılır. Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin qərarları ilə birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da yayılmalıdır. Birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Qeyd edək ki, “İnsan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının icrası qədər vacib və əhəmiyyətli olan sahələr çox azdır. Məhkəmə icraatının davamı və son mərhələsi olan məhkəmə qərarlarının icrası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulandığı kimi, ədalət mühakiməsinin tərkib hissəsidir. Hüququn bərpası, ədalətin təntənəsi məhz qərarın icrası anında tamamlanır və həmin anda haqq sahibində daxili bir razılıq və könül xoşluğu yaradır. Ona görə də bu sahə əhəmiyyətli və məsuliyyətli olduğu qədər, qərarların icrasına nail olmağın faydası və mənəvi zövqü də böyükdür”. Bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev deyib. Onun sözlərinə görə, icra icraatını bilavasitə həyata keçirən Ədliyyə Nazirliyinin İcra xidmətinin əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasını vaxtında və dürüst təmin etməkdir. Bu, olduqca məsuliyyət və operativlik tələb edir. “Onu da xüsusi qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyəti Azərbaycan Prezidentinin daim nəzarətindədir. Bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın dövlətimizin başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək müsbət nəticəsini verir”

Ümumiyyətlə, bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, təcrübədə meydana çıxan çətinliklər, mövcud iş yükünün azaldılması istiqamətində mühüm addımlar atılır, beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik daim təkmilləşdirilir, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra sisteminin tətbiqi üzrə əməli tədbirlər görülür.

Tarix
11 Oktyabr 2018 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin