“Sonsuzluq tək ölkəmizdə deyil, bütün dünyada artıb”

19:10 - 9 Oktyabr 2018 - Cəmiyyət

Vəfa Hüseynzadə: “Əgər bir il ərzində cütlüklər arasında cinsi əlaqə varsa və hamiləlik baş vermirsə, sonsuzluq diaqnozu qoyulur”

Son 12 ildə Azərbaycanda sonsuz qadınların sayı təqribən iki dəfə artıb. 2005-ci ildə Azərbaycanda 1 117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb. 2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208, 2017-ci ildə 2 097 olub. Hər 100 000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7, 2017-ci ildə 43 nəfər olub. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. Bunun səbəbi sonsuzluğun çoxalması ilə izah edilir.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 7 368, 2012-ci ildə 7 575, 2013-cü ildə 7 972, 2014-cü ildə 6 840, 2015-ci ildə 6 950, 2016-cı ildə isə 6 146, 2017-ci ildə 6 444 uşağı olmayan ailədə boşanma qeydə alınıb. Uşağı olmayan ailələrdə boşanmaların sayı 2000-ci illərin əvvəllərində ümumilikdə bütün boşanmaların yarıdan çoxunu təşkil edib. 2000-ci ildə ölkədəki 5 478 boşanma hadisəsinin 3 545-i, 2005-ci ildə 8 895 boşanma hadisəsinin 5599-u, 2010-cu ildə 9 061 boşanma hadisəsinin 5527-i uşaqsız ailələrin payına düşüb. Son illər ərzində ölkə üzrə boşanma hadisələrinin sayı həmin dövrlərlə müqayisədə xeyli artsa da, ümumi boşanmaların sayında uşaqsız ailələrin çəkisi azalıb.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Vəfa Hüseynzadə bildirdi ki, sonsuzluq son illərdə tək ölkəmizdə deyil, bütün dünyada artıb. Deyir ki, ümumiyyətlə götürəndə bütün xəstəliklərdə və  patologiyalarda artım var, xəstəliklər cavanlaşıb. Bunun isə çox qlobal səbəbləri var: “Sonsuzluqdan danışdıqda ilk öncə sonsuzluğun nə olduğunu və hansı hallarda bu diaqnozun qoyulduğunu bilmək lazımdır. Dünya protokollarında əvvəllər iki il, indi isə bir il müddət götürülür. Əgər bir il ərzində cütlüklər arasında cinsi əlaqə varsa və hamiləlik baş vermirsə artıq ona bir ildən sonra sonsuzluq diaqnozu qoyulur”.

Sonsuzluğun müxtəlif səbəblərinin olduğunu nəzərə çatdıran  V.Hüseynzadənin sözlərinə görə, sonsuzluğu iki qrupa, kişi və qadın sonsuzluğuna bölmək lazımdır: “Kişi sonsuzluğu ilə andrologiya elmi, uroloq-androloqlar məşğul olurlar. Qadınlarda olan sonsuzluqla isə biz mama-ginekoloqlar məşğul oluruq. Sonsuzluqda birinci olaraq yayılmasına görə daha çox rast gəlinən hormonal pozğunluqlardır. Yumurtalıq hormonlarının pozulması hipofiza-hipotalamus sistemi ilə idarə olunur. Yumurtalıq hormonlarının miqdarında olan qandakı səviyyəsində dəyişikliklər bunu təsdiq edir ki, yumurtalıq hormonlarının ifrazı düzgün getmir. Ona görə də yumurtalığın fəaliyyətində pozulmalar var. Bu da nəticə etibarilə müxtəlif patologiyalara, ovulyasiya prosesinin pozulmasına gətirib çıxarır və müəyyən müalicə tədbirləri tələb edir. Həmçinin prolaktin hormonunun dəyişməsi sonsuzluğa səbəb ola bilir. Böyrəküstü vəzin və qalxanvarı vəzin hormonları da müəyyən hormonal disbalanslara səbəb olur ki, dolayısı ilə bunlar da sonsuzluğa gətirib çıxara bilirlər”.

Mama-ginekoloq qeyd etdi ki, boru-peritoneal faktorlar da sonsuzluğa gətirib çıxarır: “Boru-peritoneal faktorlar boru xəstəlikləridir. Boruda müəyyən iltihabı proseslər, bitişmələr və istənilən səbəbdən boru keçiciyinin pozulması ola bilər. Bir sıra infeksion xəstəliklər keçirən qadınlarda bunlar daha çox yayılır. Məsələn, cinsi yolla ötürülən qonoreya, siflis, xlamidiya kimi xəstəliklər bir müddətdən sonra boruda da salpenkit-oferit kimi kiçik çanaqda görünən iltihabı xəstəliklərə səbəb ola bilir. Bunlar da nəticə etibarilə sonsuzluğun səbəbidir”.

V. Hüseynzadə deyir ki, uşaqlıq orqanının özündə mütləq sonsuzluq deyə anlayış var: “Belə ki, qız uşağı dünyaya gəlib və yetkinlik yaşına çatıb, vizual olaraq hər şey yerindədir. Lakin ultrasəs müayinəsi zamanı görünür ki, ya rudimentaldır, ya da uşaqlığı heç yoxdur. Sözsüz ki, bu anadangəlmə qüsur və mütləq sonsuzluq hesab olunur. Bir də var ki, uşaqlığın özündə sonradan qazanılma patologiyalar olur. Bunların özü də hormonal pozğunluqların nəticəsində yaranır. Misal üçün, uşaqlıqda mioma düyünü var və hər hansı bir hormonal prosesin pozulması fonunda yaranıb. Ya endometriyanın tərkibində yaranıb, ya polip şəklindədir, ya da mematoz düyündür. Bəzi hallarda hamilə qalmağa çətinlik törədir, bəzən isə hamilə qalır, lakin uşaqsalmalar ilə nəticələnir. Nəticə etibarilə yenə övladsızlığa gətirib çıxarır. Qazanılmada digər bir faktoru da qeyd edim. Tutaq ki, hər hansı bir iltihabı proseslər keçirib, yaxud da bəzi qadınlar kariyerasını düşünərək deyir ki, işimi qurub sonra uşaq dünyaya gətirəcəyəm. Hətta bəzən hamilə qaldıqdan sonra bir neçə dəfə abortlar edirlər ki, mən hələ istəmirəm. Sivil ölkələrdə ailə planlanması deyilən anlayış var, buna riayət etmək lazımdır. Əgər uşaq istəmirlərsə, abort etmək çarə deyil. Hamilə qalmamaq üçün müəyyən vasitələrdən istifadə etmək lazımdır. Dəfələrlə abort etdikdən sonra bəzən həmin abort yerində, uşaqlığın daxilində müəyyən bitişmələr əmələ gəlir. Bunlar özü də sonrakı mərhələlərdə artıq hamiləliyin yolunu kəskin şəkildə kəsir. Bu cür səbəblər çoxdur. İki-üç kursda nəticə əldə olunmursa, biz həmin xəstələri reproduktoloqlora yönəltməliyik ki, süni mayalanma prosesləri başlanılsın”.

Mama-ginekoloq vurğuladı ki, qadınlarda anti-müller hormonu mütləq yoxlanılmalıdır: “Süni mayalanma yaxud təbii yolla hamilə qalmağa çalışmalarına baxmayaraq bu hormon mütləq yoxlanılmalıdır. Bu ovarian rezervin göstəricisidir. Yəni həmin yumurtalığın və yumurta hüceyrənin imkanlarının rezervi hamilə qalmaq üçün nə qədər şans olduğunu göstərir. Bəzi hallarda elə olur  ki, müalicəyə tabe olmayacaq dərəcədə çox kiçik şans olur. Burda qadının yaş faktoru, alkoqoldan istifadə etməsi, siqaret çəkməsi var. Hər hansı ciddi infeksion xəstəliyin anti-müllerian hormonu çox aşağı səviyyədədir. Belə olan halda süni mayalanma ilə məşğul olan reproduktoloqlar üçün belə qadınlara donor yumurta hüceyrəsi təklif edirlər. Başqa bir qadından donor yumurta hüceyrəsi götürülüb, mayalandırılıb həmin qadının bətninə transfer olunur. Bunlar da süni mayalanmaya müraciət edən qadınların sayının artmasına səbəb olur”.

V. Hüseynzadə deyir ki, iki il əvvəl olan məlumata görə hər il ölkədə təxminən minə yaxın qadın sonsuzluq münasibəti ilə süni mayalanma mərkəzlərinə müraciət edirdilər: “Ümumiyyətlə, Azərbaycanda 2004-cü ildən etibarən süni mayalanmaya başlanılıb. Dünyada artıq 2 milyondan çox insan süni mayalanma ilə doğulub. Əslində bunun pis tərəfi yoxdur. Onu da deyim ki, ucqar bölgələrdən gələn pasientlərin içində maarifləndirmə çox zəifdir, məlumatsızlıq və informasiya kasadlığı var. Hətta, bunu süni uşaq hesab edənlər də, yox mən qətiyyən süni mayalanma istəmirəm deyənlər də var. Burda isə əsas məqsəd ondan ibarətdir ki, ailə uşaqsız qalmasın”. 

V. Hüseynzadənin sözlərinə görə, süni mayalanma zamanı hamiləliyin aparılması taktikasının bir sıra xüsusiyyətlər var: “Burada daha ciddi nəzarət olmalıdır. Bu hamiləlik üçün bir tərəfdən ciddi maliyyə xərcləri çəkilir, digər tərəfdən isə hormonal müalicələri çox alırlar. Bilinir ki, bunlar asanlıqla hamilə qalmayan qadınlardır. Ona görə onlarda tez-tez uşaq salmalar müşahidə olunur. Bəzən elə olur ki, stasionar şəraitdə yatmaqla onların hamiləliyini mümkün qədər gətirib vaxtında doğulmuş səviyyəsinə, yəni 37-ci həftəsinə çıxarmağa çalışırıq”.

V.Hüseynzadə sonda onu məsləhət gördü ki, qadınlar arasında yaranmış sonsuzluğun qarşısını almaq üçün yaxşı olar ki, qız anaları evlənməmişdən əvvəl, hətta həddi-buluq yaşına çatdıqda övladlarını müayinə etdirsinlər: “Hər hansı problem varsa məlumatları olsun  və vaxtında müalicə etdirsinlər. Elə xəstəliklər var ki, yenicə başlayırsa konservativ müalicə və bir neçə antibiotik təyin etməklə onun qarşısını almaq mümkündür. Nəinki o hər hansı ciddi bir fəsad verdikdən sonra... Bunlar olmasın deyə vaxtında müayinə və həkimə müraciət olunmalıdır”.

Mama-ginekoloq deyir ki, sonsuzluğun bir növü də var ki insanlar bu haqda çox az məlumata malikdirlər: “Bu, vərəm mənşəli sonsuzluq adlanır. İndi bilmirəm, amma əvvəllər məktəblərdə uşaqları yoxlatdırırdılar. Onların vərəm keçirib-keçirmədiyini bilmək üçün mantular aparılırdı. Bu vərəm mənşəli sonsuzluqlar da olur. Genital vərəmlər sonsuzluğa səbəb olur, bəzən boruların vərəmi olur, bəzən isə tam simptomsuz gedir. Biz bir neçə dəfə məktəblərdə yoxlamalar aparmışıq və bunun şahidi olmuşuq. Ona görə də analar mütləq şəkildə məktəbin son siniflərindən qızlarını müayinə etdirməlidirlər”.

Könül Oruc

Xəbər xətti