BMU-nin dosenti KOICA Təlim Proqramında Azərbaycanı təmsil edəcək

12:08 - 8 Oktyabr 2018 - Xəbər

Koreyada  "Yüksək səviyyəli ETİ (Elm, Texnologiya və İnnovasiya) Siyasəti və Strateji İnkişaf" başlıqlı KOICA Təlim Proqramı  təşkil ediləcək

11-30 oktyabr 2018-ci il tarixlərində Koreyada təşkil olunacaq `Yüksək səviyyəli ETİ (Elm, Texnologiya və İnnovasiya) Siyasəti və Strateji İinkişaf` başlıqlı KOICA Təlim Proqramında Azərbaycan Respublikasını təmsil edəcək Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müvini dosent İsa Qasımov üçün 5 oktyabr 2018-ci il tarixində KOICA Azərbaycan Ofisində tanışlıq görüşü və təqdimat keçirilmişdir. Təlim proqramı Koreyanın iqtisadi inkişaf üçün ETİ siyasətlərinə strateji yanaşmaları, elm texnologiya siyasətinin qurulması və həyata keçirilməsi üçün lazım olan əsas elementləri,  eləcə də, milli inkişaf üçün siyasi vasitələri öyrənmək və elm və texnologiya sahəsində dünya və ayrı-ayrı ölkələrin inkişaf məsələləri və ya problemləri ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi daşıyır. Təlim  Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən təşkil edilir. 

Təqdimat görüşündə KOICA Azərbaycan Nümayəndəliyinin Proqram Koordinatoru xanım Pərvin Qarazadə bu cür təlim proqramlarının insan resurslarının inkişaf etdirilməsində mühüm rol oynadığını vurğuladı və cənab İsa Qasımova uğurlar arzuladı. Görüşdə KOICA Məzunlarının illik seminarlar, bilik mübadiləsi proqramları, maarifləndirmə kampaniyaları və xeyriyyə tədbirləri kimi bir çox tədbirlər həyata keçirildiyi qeyd edildi. Və bu məqsədlə cənab İsa Qasımov KOICA Məzunlar Assosiasiyasının tədbirlərində aktiv iştirak etməyə və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamağa dəvət edildi. 
Qeyd edək ki, KOICA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramları həyata keçirmək üçün 1991-ci ildə Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi tabeliyində yaradılmış dövlət agentliyidir. KOICA 1994-cü ildən başlayaraq azərbaycanlı dövlət qulluqçularını müxtəlif təlim və təqaüd proqramlarına dəvət edir. Bu günə olan statistikaya əsasən KOICA məzunlarının sayı 680 nəfərdən çoxdur. 

 

Xəbər xətti