Prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək hüququna malikdir

18:16 - 8 Oktyabr 2018 - KİVDF

Prokuror  işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarını da nəzərdə tutur. Göründüyü kimi insan hüquq və azadlıqlarının təminatı kimi inzibati hüquq da önəm daşıyır.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.  Məsələn, İnzibati Xətalar Məcəlləsinin 54.1-cı maddəsində qeyd edilir ki, Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. 54.6-cı maddədə isəqeyd edilir ki, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın.

Eyni zamanda, inzibati xətalar qanunvericiliyi prokurorun inzibati xətalara dair işlər üzrə məhkəmə icraatında iştirakının hədlərini dəqiq müəyyən edir. Belə ki, Məcəllənin 54.3-cü maddəsinə görə, prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.

Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin prokurorun səlahiyyətlərini nəzərdə tutan 54.1-ci maddəsi və prokurorun hüquqlarını müəyyən edən 54.3-cü maddəsi bir-biri ilə sistemli əlaqədə olan və normativ vahidliyi ilə xarakterizə olunan müddəalardır.

Belə ki, prokuror yalnız inzibati xətalar haqqında işlər üzrə icraatı başladıqda (qərar qəbul etdikdə) həmin işə məhkəmədə baxılmasında iştirak etmək, rəy və ya vəsatət vermək, nəticə ilə razılaşmadıqda həmin iş üzrə çıxarılmış məhkəmə qərarından və ya qərardadından protest vermək hüququ əldə edir.
Bununla yanaşı, prokurorun məhkəmə qərarlarından protest vermək hüququ həmin Məcəllənin 128.1-ci maddəsində də müəyyən edilib. Bu normaya görə, inzibati xəta haqqında iş üzrə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.  Bu maddənin digər bəndlərində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verildiyi məhkəmə və ya səlahiyyətli orqan (vəzifəli şəxs)  göstərilib . Burada deyilir: hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.

Göstərilənləri nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə həmin işlər üzrə qəbul olunmuş məhkəmə qərarından və ya qərardadlarından yuxarı instansiya məhkəməsinə protest verə bilər.
Bu, mövqey ölkəmizdə yeni Konstitusiyanın qəbulundan sonra həyata keçirilən məhkəmə-hüquq islahatlarına da uyğun gəlir. Belə ki, ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyətin tələblərinə cavab verən və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktları, o cümlədən Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar və sair Məcəllələr qəbul edilmişdir. Yeni qanunvericilikdə əvvəlki sovet qanunvericiliyinin bir çox müddəalarından imtina olunub, prokuror nəzarəti institutunun mahiyyəti dəyişdirilib.
Qərardan şikayət və ya protest vermə müddətləri məcəllənin 130-cu maddəsi ilə tənzimlənir  Maddənin birinci bəmdində qeyd edilir ki, bu Məcəllənin 126.1-ci maddəsində (Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər[) nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində ( İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi) nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər).  

Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət (10 gün) üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.
Qeyd edim ki, məcəllənin 99-cu maddəsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas göstərilir.  Bildirilir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərsə, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olarsa, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar varsa inzibati xəta haqqında iş üzrə icraata başlamaq olar.

İnzibati xata haqqında iş üzrə icraat bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə, inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə, bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə başlanılmış hesab edilir.


:

Xəbər xətti