Almaxanım Əhmədli: “Atam mənə güvənir və oxumağıma icazə verir”

19:02 - 5 Oktyabr 2018 - Müsahibə

“Ailəmdəkilər muğamı sevib və hörmət etdikləri üçün mənim də uşaqlıqdan muğama böyük məhəbbətim yaranıb” 

Yaşı az olmasına baxmayaraq bu günə qədər bir çox uğurlara nail olub. İlk uğuru mahnı müsabiqəsində olub. Türk mahnıları üzrə beynəlxalq müsabiqədə qalib gəldikdən sonra, 2014-cü ildə “Qarabağ” adlı diski işıq üzü görüb. Hamımızın bildiyi kimi ötən il keçirilən “Televiziya Muğam Müsabiqəsi - 2017”nin qalibi olub. Daha sonra, fevral ayında V Respublika Muğam Müsabiqəsində 1-ci yerə layiq görülüb. Keçən ildən Azərbaycan Dövlət Televiziyasının solisti olaraq fəaliyyət göstərir. Bəli, 17 yaşında bir gənc üçün məncə, kifayət qədər böyüklər uğurlardı.
“Üç nöqtə”nin qonağı “Televiziya Muğam Müsabiqəsi - 2017”-nin qalibi, Aztv-nin solisti, gənc muğam ifaçısı Almaxanım Əhmədlidir. 

- İlk öncə özünüz haqda danışın, oxucularımız sizinlə daha yaxından tanış olsunlar... 
- Özüm haqqında onu deyə bilərəm ki, 2001-ci ilin 18 avqust tarixində Bakı şəhərində anadan olmuşam. Orta məktəbi və 5 illik musiqi məktəbinin muğam sinfini bitirmişəm. Hal-hazırda isə Azərbaycan Milli Konservatoriyasının xanəndəlik ixtisası üzrə ikinci kurs tələbəsiyəm.

- Ötən il “Televiziya Muğam müsabiqəsi - 2017”-nin qalibi oldunuz.  
- Televiziya Muğam Müsabiqəsinin qalibi olmağım deyərdim ki, bu yaşıma qədər olan ən böyük uğurlarımın başında durur. Müsabiqə müddətində çox zəhmət çəkdim, çox çətin günlər keçirdim. Hər həftə yeni repertuar, yeni muğam, yeni qəzəl öyrənmək, onu özününküləşdirmək lazım gəlirdi. Başda ustadım, respublikamızın əməkdar artisti Təyyar Bayramovun üzərimdə çox böyük zəhməti var, müsabiqədə olan dəyərli münsiflərin məsləhətlərini dinlədim. Onların zəhməti həddindən artıq çoxdur. Və çox çətin olmasına  baxmayaraq 3 ay yarımın sonunda mən baş mükafat olan - Qran Pri mükafatına layiq görüldüm. Bu da mənim üçün böyük sevincdir ki, müsabiqənin qalibi oldum. Ən böyük təşəkkür isə təbii ki müsabiqənin təşkilatçılarına, Heydər Əliyev Fonduna, muğamımızın hər zaman keşiyində duran Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya düşür.

- Sizə ən çox kimlər kömək etdi? 
- Bu işdə mənə ən böyük köməklik qeyd etdiyim kimi ustadımdan oldu. Ustadlarımız  Mənsum İbrahimova, Təyyar Bayramova borcluyam. Həmdə valideynlərimin, tamaşaçıların, dinləyicilərimin, muğamsevərlərin mənəvi dəstəyi çox oldu. Bu da mənim üçün çox sevindiricidir.

- Musiqiyə uşaqlıqdan həvəsiniz olub? 
- Bu sualı demək olar hər müsahibədə cavablandırıram (gülür).  Bəli, musiqiyə uşaqlıqdan həvəsim var idi. Valideynlərim də musiqiyə olan istedadımı, həvəsi görüb məni musiqi məktəbinə qoydular. Və hər şey ondan sonra başladı.

- Bildiyimə görə, İzzət Bağırov sizin dayınızdır. Onun musiqiyə marağınızda rolu olubmu? 
- Xeyr olmayıb. Hətta bu sualı dayımdan da tez-tez soruşurlar. O gün verilişlərin birində atam, mən və dayım qonaq idik. Aparıcı xanım bu sualı dayıma verdi. Dayımda dedi ki, mənim özümə ən böyük dəstək elə Vüqar Əhməddən olub. Yəni o olan yerdə mənim Almaxanıma dəstək olmağıma ehtiyac yoxdur. Amma onu da qeyd etmək istəyirəm ki, dayımın mənəvi dəstəyi hər zaman var.

- İstedad çox nadir hallarda yetişir. Çox zaman isə bu, ailədən gəlir. Ailənizdə dayınızdan başqa ailəsində musiqi ilə məşğul olan varmı? 
- Bizim ailəmiz hər zaman keyfiyyətli musiqini dinləyib. Valideynlərim bizə də keyfiyyətli musiqilər dinlətdirib. Dayım İzzət Bağırov da ifaçıdır.  O, muğam janrında ifa etməsə də, estrada janrının mahir ifaçılarındandır. Atamın da musiqi təhsili var. Uşaqlıqdan bəri musiqini sevmişəm və bu sahəyə böyük marağım olub. Bizim ailəmiz də muğamsevərdir. Mən də bu ailədə doğulduğum üçün onların verdiyi tərbiyəni almışam. Onlar muğamı sevib və hörmət etdikləri üçün mənim də muğama böyük hörmətim yaranıb. Uşaqlıqdan muğama və musiqiyə bağlı olmuşam. Bunun təsiri böyükdür. Hər bir uşağın musiqi zövqü ailədə formalaşır. Mənim ailəmdə də musiqiçilər çoxdur. Atam musiqiçi olmasa da, 7 illik musiqi təhsili var. Özü də musiqişünasdır. O, bütün muğamları gözəl bilir.

- Adətən, atalar qız övladlarının ifaçı olmasına qarşı çıxırlar. Bu baxımdan, bəxtiniz bir qədər gətirib. 
- Elədir, bunun üçün özümü xoşbəxt hesab edirəm. Atam mənə güvənir və oxumağıma icazə verir. O, bilir ki, mən heç vaxt onun güvənini boşa çıxarmaram. Bir də ki, mən muğam janrında ifa edirəm. Bu, Azərbaycanımızın milli adət-ənənəsidir. Muğam janrı xalqımızın mənəvi irsidir. Biz onu bütün dünyaya tanıtmalıyıq. Muğamla ölkəmizi beynəlxalq festivallarda, müsabiqələrdə təbliğ etmək istəyirəm. Yeri gəlmişkən, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanım həmişə gənc muğam ifaçılarımıza dəstək olur.

- Başqa uğurlarınız olubmu?  
- Təvazökarlıqdan uzaq olsa da, bu mənə verilən sualdır, ona görə də gərək cavablandırım (Gülür). İlk uğurum mahnı müsabiqəsində olub. Türk mahnıları üzrə beynəlxalq müsabiqədə qalib olmuşam. 2014-cü ildə  isə “Qarabağ” adlı diskim işıq üzü görüb. “Televiziya Muğam Müsabiqəsi - 2017” nin qalibi olmuşam. Daha sonra isə fevral ayında V Respublika Muğam Müsabiqəsində 1-ci yerə layiq görüldüm.  Keçən ildən etibarən Azərbaycan Dövlət Televiziyasının solistiyəm və bununla fəxr edirəm.

- Qeyd etdiniz ki, Aztv-nin solisti olaraq fəaliyyət göstərirsiniz? Çətinliyi və məsuliyyəti varmı? 
- Bəli, artıq bir ildən çoxdur ki, Aztv-də solist kimi fəaliyyət göstərirəm. Azərbaycan Dövlət Televiziyası hər zaman biz gənc xanəndələrin qayğısına qalır. Çətin olub-olmamasına baxmayaraq Dövlət Televiziyasında solist olmaq  mənim üçün qürurvericidir. Bizə göstərdiyi diqqət və qayğılara görə doğma  televiziyamıza dərin təşəkkürümü bildirirəm.

- Gələcək planınızda nələr var, tamaşaçıları nələr gözləyir?
- Planlar çoxdur (gülür). Sənətdə də arzular tükənməzdir.  Planlar nə ola bilər? Təbii ki, hər zaman dəyərli dinləyicilərimə yeni mahnılar, muğamlar təqdim etmək. Bu yaxınlarda da dinləyicilərimə 2 yeni mahnı təqdim edəcəyəm.

Könül Oruc


Xəbər xətti