“Sosial şəbəkələrdən düzgün istifadə edilməlidir”

18:35 - 4 Oktyabr 2018 - Cəmiyyət

Elnur Rüstəmov: “Sosial şəbəkələrdə hər hansı bir paylaşma edilərkən, məlumat, informasiya ötürülərkən psixi sağlamlıq mütləq qorunmalıdır”
Lalə Mehralı: “Sakitcə, gizlin çəkilmiş video-kadr, fotoşəkil həmin insanın şəxsi həyatına müdaxilə etmək anlamına gəlir” 

Əhməd Qəşəmoğlu: “Əhali arasında sosial şəbəkələrdən istifadə etmək mədəniyyəti formalaşdırılmalıdır” 

Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlanır. Məlumata görə, hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb. Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir. Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür.

Maraqlıdır, bu qanun layihəsinin nə kimi rolu olacaq? Sosial şəbəkələrdən düzgün istifadə etməni formalaşdıracaqmı? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Psixoloq Elnur Rüstəmov bildirdi ki, günümüzün mövcud problemlərindən biri sosial şəbəkə və orda verilən informasiyalardır. Bu, hər insana eyni cür təsir göstərmir: “Bəzən görürük ki, mövcud psixoloji narahatlıqların bir qismi məhz sosial şəbəkə və orada verilən məlumatlardan qaynaqlanır. Məsələnin digər tərəfi isə odur ki, artıq bir qisim insanlarda sosial şəbəkələrdən asılılıq yaranıb. Onlar sanki sosial şəbəkəsiz qala bilmirlər. Gecə yatanda da sosial şəbəkəyə baxıb yatırlar, səhər oyananda da ilk işi paylaşımlara nəzər yetirmək olur. Bu, bir növ asılılıq formasına keçib artıq. Bu özü də insanda müəyyən problemlər yaradır. Bunu aradan qaldırmaq üçün birinci növbədə zamanın idarə edilməsini qabartmaq lazımdır. Yəni, Qərb və inkişaf etmiş Avropa ölkələri bu prosesi müəyyən qədər keçiblər. Bu prosesləri tənzimləmək üçün onlar özlərinə müəyyən qədər məhdudiyyətlər qoyurlar. O məhdudiyyətlər daha çox kimisinə internetə çıxışı olmayan telefon işlətmək formasında tətbiq olunur. Həmin adam zərurət olanda kompüter vasitəsilə internetə daxil olub sosial şəbəkədən istifadə edir. Bir qisim isə ümumiyyətlə, sosial şəbəkədə aktiv iştirak etmir, yalnız öz fəaliyyətini işıqlandırmaq, hər hansı bir məlumatı ötürmək üçün istifadə edir”.  

Psixoloqun sözlərinə görə, bu gün Azərbaycanda sosial şəbəkə istifadəçiləri çoxdur. Və burada azyaşlılar da var. Hansı ki, orada 14 yaşdan aşağı yaş məhdudiyyəti qoyulsa da, aşağı yaşda olan yeniyetmələr də var”.
Psixoloq deyir ki, sosial şəbəkələrdən asılılığı aradan qaldırmaq üçün birinci növbədə maarifləndirmə işi aparmaq lazımdır: “Valideynlər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. İkinci növbədə o valideynlərdin özləri belə sosial şəbəkədən asılı vəziyyətdədirlərsə, özlərinə məhdudiyyət qoysunlar. Özlərinə sosial şəbəkədən istifadə ilə bağlı vaxt qoysunlar və o vaxtdan sonra ordan uzaqlaşsınlar. Çünki, bunlar fərdi inkişafda zaman oğruları adlanırlar. Yəni sosial şəbəkələr daha çox insanların zamanını oğurlayan, vaxtını aparan bir şeylərdir. Nəticədə insan vaxtının sosial şəbəkələrə, məhsuldar olmayan işlərə getdiyini hiss edəndə aqressiv və əsəbi olur. Bu aqressivlik özünə və ətrafa münasibətə də yansıyır. Yaxud, digər bir şeyi götürək, ailədaxili konfliktləri, boşanmalar. Onun bir səbəbi sosial şəbəkələrə dayanır. Və onun üzərindən yaranan səbəblərdən görürük ki, boşanmalar olur. Bütün hallarda zamanın idarə edilməsi ilə bağlı insanlar maariflənməli, zamanını sosial şəbəkələrdə keçirməməli, əgər keçirsələr belə məhsuldar, faydalı tərəflərindən yararlansınlar. Həm özlərinə faydalı olsun, həm də cəmiyyətə”.

E.Rüstəmov deyir ki, ümumiyyətlə, sosial şəbəkələrdə hər hansı bir paylaşma edərkən, məlumat, informasiya ötürülərkən psixi sağlamlıq mütləq qorunmalıdır: “İnsan, onun paylaşdığına kimlərin, hansı yaş qrupunda olan insanların baxacağını və ötürdüyü mesajın onlara necə təsir edəcəyini düşünməlidir. Dolayısı ilə bu, bir qədər də, niyyətə bağlı prosesdir. Pozitiv şeyləri, insanları yaxşılığa, gözəl şeylərə sövq edən şeyləri paylaşmağa çalışmaq lazımdır. İnternetdə belə məlumatlar çoxdur. Bəzən neqativ paylaşmaları da görürük. Bu da insanlarda mənfi emosiyalar, insanın insandan uzaqlaşması, aqressiyanın artmasına gətirib çıxarır”. 

Jurnalist-sosioloq Lalə Mehralı deyir ki, bizdə ümumiyyətlə, elektron ticarət məsələsi, sosial şəbəkələrin informasiya çərçivəsi, informasiya toxunulmazlığı, şəxsi həyata müdaxilə və s. məsələlərdə qanun kifayət qədər sərt deyil: “Çünki sosial şəbəkədəki istənilən hər kəs küçədə gördüyü şəxsin şəklini çəkə və haqqında informasiya verə bilir. Məsələn, qarşısına sosial yüklü bir insan çıxanda istənilən sosial şəbəkə istifadəçisi onu öz səhifəsində yayımlamağı ağlından keçirir. Bu, küçədə əməklə məşğul olan azyaşlı uşaq, övladı ilə dilənən qadın, gözləri görməyən bir insan, əllərini açıb dilənən yaşlı qadın və s. ola bilər. Sosial yüklü informasiya hər birimizin marağını cəlb edir. Və bunu öz səhifəmizdə yayımlamağı düşünürük. Lakin bunun qanuni tərəflərini düşünmək lazımdır. Çünki sakitcə, gizlin çəkilmiş video-kadr, fotoşəkil həmin insanın şəxsi həyatına müdaxilə etmək anlamına gəlir. Düzdür, bəzən həmin şəxslərin çətin vəziyyətdə olduğunu düşünüb xilas yolunu tapmaq üçün sosial şəbəkələrdə şəklini yayırlar. Bu insanların tamamilə xoşniyyətindən qaynaqlanan bir addım olur. Amma o azyaşlının şəklini çəkib sosial şəbəkələrdə yaymaqla onun problemlərini həll etmiş oluruqmu? Düzdür, bəzən kimsə maddi yardım göstərir. Amma həmin uşağın sosial şəbəkələrdə üzüaçıq şəkildə yayılmış kadrları onun gələcəyi, həyatı üçün bir növ sosial yükdür. O gələcəkdə internetdə özünün həmin şəkilləri, kadrları ilə rastlaşdıqca ona mənfi təsir edəcək”.

Jurnaslist-sosioloqun sözlərinə görə, tək sosial şəbəkələr deyil, Kütləvi İnformasiya Vasitələri təcavüzə uğramış, zorakılığa məruz qalmış uşaqların adını, soyadını yazır, siması açıq formada şəklini yayımlayır və buna hüquqlarının çatdığını  düşünür, mətbuat azadlığı ilə əlaqələndirir: “Amma o tamamilə kökündən yanlış düşüncədir, çünki onların təhlükəsizliyini qorumaq elə ilk növbədə KİV-in üzərinə düşür”. 

Sosioloq Əhməd Qəşəmoğlu isə interneti, sosial şəbəkələri ilan zəhərinə bənzədir. Deyir ki, düzgün istifadə edəndə dərman, aşırı dərəcədə istifadə etdikdə isə zərər verir, bəzən də, adamı məhv edir: “Birbaşa olaraq ancaq sosial şəbəkələri, interneti tənqid etmək düzgün deyil. Bunlar hamısı inkişaf edir, bizim üçün çoxlu rahatlıq yaradır. Bu sosial şəbəkələr vasitəsilə dünyanın hər tərəfində olan doğmalarımızla, dostlarımızla əlaqə saxlayırıq. Şəhərin daxilində belə bizim nə qədər işimizi asanlaşdırır. Biz sosial şəbəkəni öz təyinatına, bizim üçün faydalılığına görə şəxsiyyətimizə, mənəviyyatımıza, gündəlik həyatımıza ziyan vurmamaq şərtilə istifadə edək. Yəni, bir az kənardan da gəzmək olar”.

Ə.Qəşəmoğlu onu da qeyd etdi ki, sosial şəbəkələr həyatımıza daxil olub və ondan düzgün istifadə etmək lazımdır: “Sosial şəbəkələrlə yanaşı, internet resurslarının özünü də bura qoşmaq lazımdır. Yəni, bu elə bir vasitədir ki, bundan özümüz ağıllı istifadə edəndə faydalıdır, amma imkan verəndə ki, bundan düşməm bizə qarşı istifadə eləsin, o zaman təhlükəli olur. Eyni zamanda, düşmən yox, bir növ əxlaqı, mənəvi dəyərləri yerində olmayan adamlar da, bir-birilərinə qarşı kələk gələ bilərlər. İndi eşidirik ki, kişilər qadınları, oğlanlar qızları aldadır. Və bu hesaba təhlükələr aiddir. Eşitdiyimə görə, boşanmaların 30 faizi sosial şəbəkələrin hesabınadır. Deməli, burada da, sosial şəbəkədən qarşı tərəfdə düzgün istifadə olunmamaq məsələsi var. O biri tərəfdən, dediyim kimi, indi daha çox dünyada belə bir proses yayılır ki, bizim əxlaqi dəyərlərimizi aşındırsınlar. Çünki əxlaqi dəyəri aşınan ölkəni idarə etmək asandır. Ona görə də, internetdə minlərlə pornoqrafik filmlər yerləşdirirlər. Burda heç ağlagəlməyən, arzuolunmayan sujetli filmlər çəkilir. Bunlar internet və sosial şəbəkələr vasitəsilə ölkəmizdə gənclər və naşı adamlar arasında çox yayılır. Və artıq bunun nəticəsində ölkəmizdə eybəcər bir hal yaranıb. Biri qardaşı qızı ilə evlənir, biri qızına təcavüz edir. Bunlar hələ üzə çıxan faktlardır. Görün hələ üzə çıxmayan nə qədər belə eybəcər hallar baş verməkdədir. Sosial şəbəkələr mühüm bir vasitədir. Amma sosial şəbəkədən istifadə etmək mədəniyyətinə malik olmalıyıq. Biz, istər televiziya, istər qəzetlər, istərsə də saytlar çalışmalıyıq ki, əhali arasında sosial şəbəkələrdən istifadə etmək mədəniyyətini formalaşdıraq”.

Sosioloq onu da əlavə etdi ki, sosial şəbəkə ictimai bir yerdir. Orada başqalarının əsəbləri ilə oynayan, başqalarının psixologiyasına mənfi təsir edən, mənfi enerji verən, qıcıq yaradan şeylər etmək düz deyil: “Yəni, sosial şəbəkələrdə, status yayanlar sanki öz portretlərini çəkirlər. İnsanlar o qədər mənasız və yüngül şeylər paylaşırlar ki...”.

Könül Oruc

Xəbər xətti