Ana səhifə
21 Noyabr 2018

“Nəsimiyə həsr olunan beynəlxalq festival dünyada ilk idi”

Nigar Həsənzadə: “Festival çərçivəsində yüzə yaxın gənc şairin iştirak etdiyi poeziya müsabiqəsi keçirildi”
Səadət Şıxıyeva: “Əgər Nəsimi olmasaydı hürufilik ölüb gedər, unudulardı” 
Ülviyyə Heydərova: “Bu festival həm də gənc nəslin neçə-neçə istedadlı nümayəndələrinin üzə çıxmasına vəsilə oldu”


Sentyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq “Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı”na start verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ideya müəllifi Fondun vitse-prezidenti Leyla Əliyevadır. Möhtəşəm söz-sənət bayramı dahi sənətkarın doğulduğu Şamaxı şəhərindən start götürüb və dörd gün davam edib. Festivalın birinci günü Şamaxıda İmadəddin Nəsiminin büstü önündə şeir-musiqi məclisi təşkil olunub. İmadəddin Nəsiminin (1369-1417) fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm...” şüarları ilə təşkil olunan mərasimdə Azərbaycanın tanınmış alimləri, yazıçı və şairləri, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən, o cümlədən Rusiyadan, Çindən, ərəb ölkələrindən gələn qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxının qədim tarixi, böyük sənətkarları barədə danışıb, dahi mütəfəkkir İmadəddin Nəsiminin ədəbi yaradıcılığından, fəlsəfi baxışlarından bəhs edib. Vurğulayıb ki, Nəsiminin adı Azərbaycan xalqı üçün həmişə iftixar mənbəyi olacaq. Daha sonra söz musiqiçilərə verilib. Xalq artisti Alim Qasımovun ifasında səslənən muğamlar iştirakçılarda Nəsimi dünyasının möcüzələrini yaşadıb. Daha sonra festivalın iştirakçıları İmadəddin Nəsiminin qardaşı Şaxəndanın, habelə görkəmli şair Seyd Əzim Şirvaninin dəfn olunduqları Şaxəndan qəbiristanlığını ziyarət ediblər. Hələbdən gələn, İmadəddin Nəsiminin nəslindən olan Məhəmməd Nəsimi burada böyük şair və mütəfəkkirin qəbiri üzərində dua oxuyub. O, bu anı ona bəxş edən festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. 

Maraqlıdır, bu festivalın ölkə və Azərbaycan mədəniyyəti üçün faydası nələr oldu? Festivalı keçirməkdə məqsəd nə idi? Bu kimi festivallar Azərbaycan mədəniyyətinə nə qazandırır?

Nəsimi- şeir, sənət və mənəviyyat festivalının “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, müsabiqədə gənc şairlər Nəsimiyə həsr olunmuş və ya şairin klassik üslubunda ifa olunmuş əsərlərini təqdim ediblər: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən birinci Nəsimi Festivalı ölkənin mədəni həyatında vacib hadisədir. Və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi dəstək göstərirdi. Bizim üçün bu cür möhtəşəm festivalda iştirak etmək böyük şərəfdir. Dahi şairimizi bir daha yad etdik. İlk dəfə dünyada Nəsimiyə həsr olunmuş beynəlxalq festival keçirilirdi və çox yüksək səviyyədə təşkil olunmuşdu. Dünyanın bir çox ölkələrindən çox tanınmış ədəbiyyatçılar, Nəsimiçilər gəlmişdilər. Festival çərçivəsində yüzə yaxın gənc şairin iştirak etdiyi poeziya müsabiqəsi keçirildi və onlardan 15 nəfəri finala çıxdı. Qeyd edim ki, əsərlər təkcə Azərbaycan dilində yox, həm də rus və ingilis dillərində səsləndirilib. Sentyabrın 30-u Nəsimi Festivalının bağlanış mərasimində Bakı Media Mərkəzində tamaşaçılara çox maraqlı proqram - İmadəddin Nəsiminin poeziyası əsasında məşhur aktyorlar Mehriban Zəki, Pərviz Məmmədrzayev, Mələk Abbaszadə, Gülzar Qurbanova və Tural Əhmədin iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim olundu və tədbir zamanı Nəsimiyə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutdu”.

“Söz” ədəbi layihəsinin koordinatoru Vasif Ayan isə bildirdi ki, layihənin təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu layihəni Nigar Həsənzadəyə tapşırmışdı. Bütün məşqlər də, səhnələr də Bakı Media Mərkəzində baş tutdu: “Avqust ayından etibarən komanda toplandı və bu işlə məşğul olmağa başladı. Bir ay bu işlə məşğul olduq və sentyabrın 30-da bu bağlanış mərasimi baş tutdu. Layihə neçə illərdir ədəbiyyatla bağlı fəaliyyət göstərir. Yəni söz adamlarını hər dəfə bir yerə toplayır. Bunun həm də Mədəniyyət kanalında veriliş formatı var. Heydər Əliyev Fondu tərəfindən Nəsiminin 600 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirildi. Festivalda Leyla Əliyeva, Arzu Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, H.Əliyev fondunun və Mədəniyyət Nazirliyinin nümayəndələri və bir çox xarici qonaqlar var idi. Qonaqların sayı 100-200-dən çox idi”. 

V.Ayan deyir ki, festivalda Azərbaycanın ən istedadlı aktyorları seçilmişdi: “Sentyabrın 30-u Nəsimi- şeir, sənət və mənəviyyat festivalının bağlanış mərasimində Bakı Media Mərkəzində tamaşaçılara çox maraqlı proqram, ədəbi-musiqili kompozisiya təqdim olundu. Bununla yanaşı Şamaxıda gənc şairlər iştirak etdi, Nəsimiyə şeirlər həsr etmişdilər. Beş nəfərə mükafat verildi, bu hədiyyələri də Leyla Əliyeva özü şəxsən təqdim etdi”.  

Bildiyimiz kimi, dahi şairin hürufilikdə böyük rolu olub. Bununla bağlı filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva deyir ki, Nəsimi müəyyən anlamda şeirinin poetik vüsətinə, fəlsəfi dərinliyinə görə hürufiliyə borcludursa, hürufilik də çox uzun ömürlü olmasına görə Nəsimiyə borcludur: “Ərəb tarixçilərindən biri deyir ki, əgər Nəsimi olmasaydı hürufilik ölüb gedər, unudulardı. Nəsimi sözünün qüdrəti, şeirinin poetik incəliyi, incə lirizmi hürufiliklə sintez şəklində bu düşüncələri nəinki kütlələrə, yüz illər boyunca müxtəlif düşüncədən olan insanlara ötürə bilib. 32 rəqəmi hürufilərin nəzərində bütün sayların ən mükəmməlidir. Bu say təkcə əlifbanın sayında deyil, kainatın yaranmasında,  insanın üz cizgilərində, insanla Allah arasındakı əlaqənin xüsusiyyətində və s. məqamlarda axtarılır. 32 sayı hürufilərin baxış bucağında çoxluqla təkin, Allahla yaradılmışın əlaqəsini ifadə etmək üçün də sıx-sıx istifadə olunan saylardandır ”. 

Yazıçı-publisist Ülviyyə Heydərova isə deyir ki, Nəsimi nəinki dövründə, elə əsrlərə də meydan oxuyan mütəfəkkir idi: “Onun SÖZü bu gün yaşayırsa, demək ki, filosof - şairin fikirləri insan ruhunu hərf-hərf qidalandırır. Lakin dahilər unudulmasa da, təəssüf ki, bəzən kənarda qalırlar. Özü də texnologiyanın sürətlə inkişaf etdiyi bir dönəmdə, xəbərin hər saniyə ölən bir vaxtında böyük SÖZü yenidən xatırlatmaq, tanıtmaq  böyük şücaət tələb edir. Hürufiliyə, hərf mistikasının sehrinə inanan Nəsiminin ruhuna gəldiyi kəlamların fəlsəfi qatını açsaq bundan bütün bəşəriyyət yararlana bilər. Bu baxımdan Heydər Əliyev Fondunun təşkil etdiyi “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı”  yalnız şairin doğma Vətəni üçün deyil, elə dünya üçün də dəyərlidir. Festival çərçivəsində təşkil olunan hər bir tədbirin öz missiyası vardı. Hər tədbirdə Nəsimi ruhunu hiss etmək olurdu. Nəsimi SÖZünün bayramını bizə yaşatdığına görə ilk növbədə Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bu festival həm də gənc nəslin neçə-neçə istedadlı nümayəndələrinin də üzə çıxmasına vəsilə oldu. Çox istərdim ki, Nəsimi festivalı ənənəvi olsun. Çünki Nəsimi fikirləri hər zaman bizə nəsim olub”. 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Nəsimi şeir, sənət, mənəviyyat festivalı dahi şairin sözünü sevənləri onun doğma vətənində bir araya gətirdi.   

Könül Oruc

Tarix
3 Oktyabr 2018 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin