“Pensiya və müavinətlərin poçtlara verilməsi əlçatanlığı artıracaq”

19:06 - 3 Oktyabr 2018 - Cəmiyyət

Rəşad Həsənov: “Azərpoçt” kommersiya banklarına və digərlərinə nisbətən daha çox infrastrukturlaşıb və regionlarda şöbələri daha çox fəaliyyət göstərir”
Lalə Mehralı: “Pensiya və müavinətlərin poçtlarda verilməsindənsə, bankomatların sayını artırmaq daha məqsədəuyğundur” 


Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə pensiya və müavinətlərin ödənişi zamanı “Azərpoçt” MMC-nin infrastrukturundan istifadə edilə biləcək. Bu barədə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.

Sənəddə göstərilib ki, bu gün ölkədə pensiya və müavinətlərin alınması ödəniş kartları vasitəsilə həyata keçirilsə də, bu sahədə müəyyən problemlər qalmaqdadır. Belə ki, bu işə məhdud sayda banklar cəlb edildiyinə görə pensiya və müavinətlərin verildiyi günlərdə həmin bankların bankomatları qarşısında sıxlıq yaranır.
Sosial ödənişlərin paylanmasına cəlb olunan müvəkkil bankların sayını artırmaq və vətəndaşlara bunların arasından sərbəst seçim etmək imkanı verilməlidir. Bu, bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, bank sektorunda rəqabətin güclənməsinə də müsbət təsir göstərə bilər. 
Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə isə pensiya və müavinətlərin ödəniş kartları vasitəsilə paylanmasında “Azərpoçt” MMC-nin infrastrukturundan istifadə təmin edilə bilər.

Əvvəllər də bu xidmət “Azərpoçt”un səlahiyyətində olmuşdu. Lakin daha sonra banklara verildi, indi isə yenidən geri qaytarılır. Maraqlıdır, bu yenilik nələri dəyişəcək? Sıxlıqların aradan qaldırılmasına  nə kimi köməklik göstərə biləcək?  

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı Rəşad Həsənov deyir ki, pensiya və müavinətlərin yenidən poçtlara verilməsi müəyyən qədər əlçatanlığı artıracaqdır: “Bildiyimiz kimi “Azərpoçt” bank xidmətlərini təklif edən bir qurumdur. Yəni, “Azərpoçt”un nizamnaməsinə edilən dəyişikliklə o, bir sıra bank xidmətlərini təklif edə bilir. Eyni zamanda “Azərpoçt” kommersiya banklarına və digərlərinə nisbətən daha çox infrastrukturlaşıb və regionlarda şöbələri daha çox fəaliyyət göstərir. Həmçinin alternativ mənbə hesab olunur. Bu baxımdan  da “Azərpoçt”a bu xidmətin verilməsi qurumun özünün müəyyən qədər xidmət gəlirlərinin artmasına gətirib çıxarmaqla yanaşı, dövlət büdcəsi üzərində yükün azalmasına gətirib çıxarır”.

İqtisadçının sözlərinə görə, bu digər tərəfdən isə regionlarda pensiyaya çıxış imkanlarını, pensiyanın və müavinətlərin əldə olunmasına əlçatanlığı artırır: “Yəni burda sadəcə infrastruktur və texniki imkanlar baxımdan əlçatanlıqdan söhbət gedir ki, “Azərpoçt”un başqa hüquqları yoxdur. Ödənişlərin edilməsi, pensiyaların nağdlaşdırılması kimi xidmətləri təklif edə bilir. Sadəcə qeyd olunan istiqamətlərdə müəyyən müsbət dəyişikliklərə gətirib çıxaracaq. Belə ki, ilk növbədə “Azərpoçt”un faktiki olaraq gəlirliyi arta bilər. Təbii ki qurumun özündə kifayət qədər ciddi problemlər var, fəaliyyətləri müasir tələblərə uyğun hazırlanmayıb, eyni zamanda kadr heyəti çox zəif, xidmətləri aşağıdır. Lakin bütün bunlara baxmayaraq faktiki olaraq bu dövlət qurumudur. Qurumun gəlirlərinin artması son nəticədə hər hansı bir formada büdcə üzərində yükün azalmasına gətirib çıxarır. İkincisi isə, regionlarda daha çox şöbələrinin olması region əhalisinin pensiya vəsaitlərini və müavinətlərini daha rahat şəkildə nağdlaşdıra bilməsinin imkanlarını artıracaqdır. Bu baxımdan texniki əlçatanlığı gücləndirəcəkdir”. 

Bu yeniliyin banklar arasında rəqabəti gücləndirəcəyi deyilsə də, R.Həsənov onu qeyd etdi ki, bank sektoru hazırda elə vəziyyətdədir ki, burada güclü rəqabətdən söhbət getmir: “Eyni zamanda pensiyaların və əmək haqlarının verilməsi səlahiyyətləri bir neçə bank üçün tanınıbdır və burada inhisar mövcuddur. Təbii ki “Azərpoçt” bu bazara girsə müəyyən qədər imkanlar artacaqdır. Lakin buna baxmayaraq ciddi rəqabətdən söhbət getmir. Çünki burada banklar da poçt xidmətini yerinə yetirir. Vəsaitin bir yerdən digərinə, yəni dövlətdən vətəndaşa çatdırılması prosesi həyata keçirilir. Burada hər hansı digər səlahiyyətlər, hüquqlar yoxdur ki, bundan istifadə etsinlər. Çünki burada xidmət haqqı tutulması hüququ yoxdur. Sadəcə qeyd etdiyim kimi daha çox yerdə nağdlaşdırma və vəsaitlərə çıxış imkanları yaradır”. 

Jurnalist-sosioloq Lalə Mehralı isə əlavə etdi ki, pensiya və müavinətlərin poçtlarda verilməsindənsə, bankomatların sayını artırmaq daha məqsədəuyğundur: “Çünki məhdud sayda bank bu işlə məşğuldur. Düşünürəm ki, daha çox banka bu barədə imtiyaz verilməlidir. Daha çox bankın buna qoşulması daha çox bankomat deməkdir və daha çox bankomat isə pensiyaların daha sürətli verilməsi deməkdir. Bu da insanların rahatlığının təmin olunmasına gətirib çıxarır. Düzdür, poçtlarda pensiyaların verilməsi əvvəllər də mümkün idi. Lakin bu poçtların iş prinsipinə təsir edir. Çünki pensiya alanların növbəsinin çoxluğundan məktub, yaxud bağlama göndərmək üçün növbə gözləmək məcburiyyətinə qalırdıq. Yəni bir tərəfdən pensiya alanların işinin yaxşılaşmasına, digər tərəfdən isə poçtun öz fəaliyyətinin ləngiməsinə səbəb olacaq. Fikrimcə, müvəqqəti çözüm kimi etmək olar, lakin daha sonra bankomat işini həll etmək lazımdır”. 

Sosioloqun fikrincə, daha çox bankı bu layihəyə qoşmaq, bankomatların pensiya ödənişlərini yerinə yetirmək lazımdır: “Məsələn, yaşadığım ərazidə cəmi bir dənə bankomat var, insanlar məvacibini oradan alır və nə qədər insan bu bankomatdan istifadə edir. Bunda insan sıxlığına, ərazidən-əraziyə fərq qoymaq olar. Yəni hansı ərazidə pensiya alan insanların sayı daha çox, hansında daha azdırsa buna uyğun bankomatlar istifadəyə verilməlidir. Niyə insanlar məvacibini almaq üçün 5-6 küçə uzağa getməyə məcbur olmalıdır? Elə pensiyaçılar var ki, problemlidir, xəstədir, çox uzaq məsafə qət edə bilmir, yaxud kartını verməyə güvəndiyi kimsə yoxdur ki, onun pulunu çıxarsın. Ona görə də yaxşı olardı ki, bankomatlar yaxın məsafələrə yerləşdirilsin və problemi bu formada həll etsinlər”.

Könül Oruc  

Xəbər xətti