Çində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başladı

21:22 - 28 Sentyabr 2018 - İQTİSADİYYAT

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin açılması prosesi davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sentyabrın 28-də Çinin Lucou şəhərində “Azərbaycan Ticarət Evi” açılıb. Çinin ticarət və biznes qurumlarının nümayəndələrinin, Lucou şəhər rəhbərliyinin, iş adamlarının, sərgiyə qatılan 16 ölkənin təmsilçisinin iştirak etdiyi tədbirdə Çin Ərzaq Məhsullarının İxracı və İdxalı üzrə Ticarət Palatasının vitse-prezidenti Su Siaoxu qeyd edib ki, ölkələrimiz arasında tarixən yaranmış münasibətlər hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Çində yeni açılan “Azərbaycan Ticarət Evi” də iqtisadi-ticari əməkdaşlığımızda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından əhəmiyyətli rol oynayacaq.

Ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı Azərbaycanda Çin ilə əlaqələrin inkişafına önəm verildiyini vurğulayıb. Səfir “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni imkanlar açdığını, Azərbaycanın Çinin vilayətləri ilə də əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. Çinin Siçuan vilayətinin Lucou şəhərindəki Azad Ticarət Zonasında “Azərbaycan Ticarət Evi”nin açılması bunun bariz nümunəsidir. Bu ticarət evi Azərbaycan məhsullarını təqdim etməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, turizm, nəqliyyat və logistika imkanlarına dair məlumatların Lucouda geniş yayılmasına imkan yaradacaq.

Sonra mərasim iştirakçıları “Azərbaycan Ticarət Evi” ilə tanış olublar.

Qeyd edək ki, Yancı çayının üzərində yerləşən və liman şəhəri olan Lucouda açılan “Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadrat metrdir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyinin və Ticarət Nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və “Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə açılan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən çay, mineral sular, spirtli içkilər, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), və s. nümayiş olunur. Azərbaycan memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir. Ticarət evini ziyarət edənlər stendlər, fotoşəkillər vasitəsilə Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə, nəqliyyat-logistika imkanlarına, turizm və kənd təsərrüfatı potensialına dair geniş məlumat əldə edəcəklər. Azərbaycan xalqının əsrlər boyunca yaratdığı mədəni irsin də təbliğ olunduğu ticarət evində nümayiş edilən eksponatlar, xalça nümunələri, milli geyimlər və suvenirlər, müxtəlif nəşrlər xalqımızın zəngin mədəniyyəti haqqında geniş təsəvvür yaradır.

Tədbir iştirakçıları Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan filmə də baxıblar.

Ticarət evinin açılması ilə yanaşı, Çinin qərb hissəsində 34 marketi əhatə edən “EAF” şəbəkəsində “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və nar şirələrinin satışına başlanılıb.

Bu gün həmçinin, Çinin Lucou şəhərində Cənub-Qərb məhsullar sərgisi açılıb. Bu il 6-cı dəfə keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi”ndə 16 ölkə təmsil olunub. Sərgidəki Azərbaycan milli pavilyonunda “Made in Azerbaijan” brendi ilə istehsal olunan meyvə şirələri, şərab və spirtli içkilər nümayiş olunur.

Qeyd edək ki, 5,5 milyon əhalisi olan Lucou şəhəri aid olduğu Siçuan, habelə Yunnan və Quycou vilayətlərinin, Çinin ən böyük bələdiyyəsi olan Çunçin şəhərinin arasında yerləşməklə, əhəmiyyətli nəqliyyat-ticarət qovşağı hesab olunur.


Xəbər xətti