“Neftin dünya bazar qiymətindəki artımları ölkəmizə əlavə valyuta daxil olmaları deməkdir”

19:12 - 27 Sentyabr 2018 - Müsahibə

Vüqar Bayramov: “Trampın tvitləri də artıq neft bazarına təsir göstərmir”
Samir Əliyev: “Dünya bazarında neftin qiymət artımı son zamanlar ABŞ prezidentinin apardığı siyasətin nəticəsidir”


“Brent” markalı Şimal dəniz neft qatışığının fyuçerslərinin dəyəri təqribən 4 il ərzində bir barrelə görə 81 dollar göstəricisini ötüb. Bunu hərracların nəticələri göstərir. Dünən London birjasında “Brent”in noyabr fyuçersləri bir barrelə görə 81,87 dollara çatıb. Şimal dəniz nefti sonuncu dəfə 2014-cü ilin 12 noyabr tarixində 81 dollardan baha satılıb. Hərraclarda WTI markalı yüngül neftin bir barelinin qiyməti 1,14% artaraq 71,89 dollara çatıb.

Bəs görəsən neftin qiymət artımına səbəb nədir? Bu artım  ölkəmizə necə təsir göstərəcək? Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki, dünya bazarında neftin qiymətinin artmasının əsas səbəbi son zamanlar ABŞ prezidentinin apardığı siyasədir: “Bu siyasət də İrana sanksiyaların üzərində qurulubdur. Və getdikcə bu sanksiyalar sərtləşdirilir. Bildiyimiz kimi, İran əsas neft ixracatçılarından biridir. Noyabr ayında sanksiya tam qüvvəyə minəcəkdir. Gözlənilir ki, həmin vaxt bazara 1.5 milyon barrel neft az daxil olacaqdır. Və beləliklə bu da qiymətlərin qalxmasına səbəb olacaq. Proqnozlara görə, bu, neftin bir barrelinin qiymətinin 90, hətta 100 dollara qədər qalxmasına gətirib çıxara bilər. Amma təbii ki bu bir gözləntidir”.

S.Əliyev deyir ki, düzdür, OPEK və digər ölkələr (OPEK+) hasilatın azalması razılaşmasının davam etdirirlər, amma İran məsələsi neftin qiymətinin artmasında həlledici rol oynayır: “Düşünürəm ki, əgər alternativ yollar tapılmasa və neftin ixracatında artım olmasa, yaxın dövrlərdə neftin qiymət artımı davam edəcək. Amma təbii ki hər şey bazarda baş verən proseslərdən asılı olacaq”.

Azərbaycan neftinin brent markalı neftə bağlı olduğunu vurğulayan S.Əliyev deyir ki, Azərbaycan nefti adətən bir qədər baha olur: “Bu gün brent markalı neftin qiyməti 81 dolları keçib. Azərbaycan nefti daha keyfiyyətli olduğundan ondan da bahadır. Bu ölkəmizin gəlirlərini artırır. Yəni neft gəlirlərinin artması ölkəyə daxil olan valyutanın, büdcə gəlirlərinin artmasına gətirib çıxarır. Bu həm də milli valyutanın, manatın möhkəmliyini təmin edir. Əgər neftin qiyməti qalxmaqda davam edərsə, manatın bahalaşması ehtimalı yarana bilər. Yəqin ki Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyəcək. Çünki Mərkəzi Bank milli valyutanın sabitliyini təmin edir, onun nə bahalaşmasına, nə də ucuzlaşmasına imkan vermir. Mərkəzi Bank bazara müdaxilə etməklə milli valyutanın qalxmasının qarşısını alacaq”.

İqtisadçı-alim Vüqar Bayramov isə bildirdi ki, OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarın qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verib: “Brent markalı neftin bir barrelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib. Bu Azərbaycan neftinin hər barrelinin 80 dollardan daha baha satılması deməkdir. Bir tərəfdən OPEK+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar qlobal təklifin gündəlik 1.1 milyon barrel azalmasına səbəb olur. Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır”. 

V.Bayramovun sözlərinə görə, OPEK-in son toplantısından sonra JP Morgan Brent markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb: “Digər tərəfdən isə, dünya üzrə ümumi iqtisadi tempinin bir müddət öncə azaldılmasına rəğmən neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusən, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barrel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barrel istehlak deməkdir”.

V.Bayramov qeyd etdi ki, ABŞ Prezidenti Trampın tvitləri də artıq neft bazarına təsir göstərmir: “Əslində bu tvitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmnun olmadığını nümayiş etdirməkdir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün tvitlərdən başqa real heç bir addım atmaqda maraqlı görünmür. Sanksiyalara məruz qalan İran isə OPEK toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna da nail ola bildi. 300 milyard barreldən çox neft ehtiyatları ilə dünyada ən zəngin neft rezervinə malik olan Venesuelada isə iqtisadi böhran neft sektorunu da bürüməkdədir. ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı isə bu ilin dekabr ayında keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır”. 

İqtisadçı deyir ki, Azərbaycanın gündəlik neft ixracatının 641 min barrel olduğunu nəzərə aldıqda qiymətin 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir: “Bu vəsaitdən xərc çıxılandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımları Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir”.

V.Bayramov bununla belə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacağını dedi: “Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi, hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən isə, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir”. 

"Neftin qiymətinin artması cəmi bir neçə həftə davam edə bilər". Bunu isə Rusiya Energetika və Maliyyə Nazirliyi İqtisadi departamentinin rəhbəri Marsel Salehov bildirib. “Bunun bazara ciddi təsir göstərəcək uzunmüddətli bir amil olduğu qənaətində deyiləm. OPEC+ tərəfindən İrandan neft ixracının mümkün azalmasını neytrallaşdırmaq üçün hasilatı artırmaqla bağlı işarə verilməməsi nəticəsində bazarda “Brent” markalı neftin qiyməti uzun müddətdən sonra ilk dəfə 80 dollar həddini keçib. OPEC hasilatı artırmamaq barədə qərar verəndən sonra qiymətlərin qalxması həmin qərarın bazar üçün gözlənilməz olduğunu göstərir”, - ekspert deyib. 
M.Salehov İrana qarşı ABŞ sanksiyalarının dünya neft bazarına təsirindən də danışıb: "Həmin sanksiyalar hələ yazda elan olunduğundan ötən müddət ərzində qiymətlərə artıq "həkk olunub". Bu vəziyyət nəticəsində neftin barelinin 100 dollaradək bahalaşacağına inanmıram. Üstəlik, belə bahalaşmanın istehsalçılara sərf edəcəyini də düşünmürəm”.

Könül Oruc

Xəbər xətti