“İbtidai siniflərdə BSQ-lərin ləğvi proqramı heç də sadələşdirməyəcək”

20:00 - 25 Sentyabr 2018 - Cəmiyyət

Məlahət Mürşüdlü: “Birinci siniflərdə summativ qiymətləndirilməsinin aparılması ümumiyyətlə yolverilməz idi”
Kamran Əsədov: “Bu gün müəllimlərimiz tərəfindən tərtib olunmuş KSQ və BSQ sualları nə kurikulum standartlarına, nə də dövlətin tələb etdiyi standartlara cavab verir”


Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Vidadi Bağırovun sözlərinə görə, ibtidai siniflərdə dərs yükünün azaldılması ilə bağlı hazırlanan yeni qaydalara əsasən, I siniflərdə nə kiçik summativ qiymətləndirmə (KSQ), nə də böyük summativ qiymətləndirmə (BSQ) nəzərdə tutulmayıb: “Bu addım onların həm yaş xüsusiyyətləri, həm də psixoloji durumları ilə əlaqədar olub: “Bu da o deməkdir ki, hər birinci sinif şagirdi il ərzində 72 summativ qiymətləndirmə yükündən azad olunub. Bundan başqa, ibtidai təhsil səviyyəsində müəyyən dəyişikliklər nəzərdə tutulub. II və III siniflərdə də yalnız kiçik summativ qiymətləndirmə nəzərdə tutulub. Bu siniflərdə böyük summativ qiymətləndirmə olmayacaq. IV sinifdə isə BSQ olacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, böyük summativ qiymətlərinin sayında kifayət qədər azalmalar var: “Yeni yanaşmalarda ümumi təhsil pilləsi hər səviyyənin sonunda bütün fənlərdən BSQ nəzərdə tutulur. Yəni ibtidai təhsilin sonunda, yəni IV sinifdə, daha sonra IX sinifdə və XI sinifdə BSQ keçiriləcək. Hər şagird bir il ərzində 18 böyük summativ qiymətləndirmə yükündən azad olunur. Yeni sənəd təsdiq olunma mərhələsindədir. Əgər təkliflər qüvvəyə minəcəksə, bundan sonra qərarın nə zaman tətbiq olunması məlum olacaq”.

Maraqlıdır, bu yeni qaydanın hansı müsbət tərəfləri olacaq? Ümumiyyətlə, təhsil ekspertləri bunu necə qiymətləndirir? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, tamamilə haqlı olaraq verilmiş bir qərardır: “İllərdir deyilir ki, summativ qiymətləndirmənin məktəblərdə tətbiqi mövcud olduğu vəziyyətdə yolverilməzdir. Çünki summativ qiymətləndirmə formalizmə aparırdı, həqiqi qiymətləndirmədən, obyektivlikdən kənarda idi. Müəllimlər və şagirdlər çox yüklü idi. Bütövlükdə məktəbin özü summativ qiymətləndirmənin aparılmasında çox yüklü idi. Düşünürəm ki, gec də olsa bu qərarla bir qayda yaradılması istiqamətində addımlar atıldı”. 

Birinci siniflərin summativ qiymətləndirilməsinin ümumiyyətlə yolverilməz olduğunu bildirən M.Mürşüdlü vurğuladı ki, birinci sinifdə hazırlıqdan gəlmiş uşaqlar məktəbdə ancaq və ancaq ilk addımlarını atırlar: “Onlar tədris müddətində əlifbanı, oxu qaydalarını öyrənirlər. Sözsüz ki, onların summativ qiymətləndirilməsi yolverilməz idi. Uşaqlar arasında psixoloji halların yaranmasına gətirib çıxarırdı. Bu istiqamətdə qeyri-obyektivlik də hökm sürməkdə idi. Birinci siniflərdə, ümumiyyətlə ibtidai siniflərdə bunun dayandırılmasını müsbət hal kimi dəyərləndirirəm. Dördüncü sinif keçid sinfi olduğuna görə Böyük Summativ Qiymətləndirmənin tətbiqi lazımdır”.

Təhsil eksperti onu da qeyd etdi ki, summativ qiymətləndirmələrin ləğv olunması o demək deyil ki, dördüncü sinfə qədər ibtidai sinif şagirdlərinin biliyi heç bir halda qiymətləndirilməyəcək: “Formativ və gündəlik qiymətləndirmə növləri var. Müəllimlərimiz bunlardan istifadə edərək şagirdlərin bilik və bacarıqlarını qiymətləndirə bilər. Düşünürəm ki, I-III sinif mərhələsində şagirdlərin biliyindən çox, ən əsas həyati bacarıqlarının, dünyagörüşünün, məntiqi düşüncəsinin qiymətləndirilməsi daha doğru bir addım olardı. Summativ qiymətləndirmənin isə ana dili, riyaziyyat və öyrənilən hər hansı bir xarici dil üzrə aparılması məqsədəuyğundur. Yəni bütün fənlər üzrə aparılması yolverilməzdir”. 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, dünya təhsil sisteminin ən yaxşı ölkələrində, Finlandiyada, Cənubi Koreyada və s. nüfuzlu ölkələrdə ibtidai sinif şagirdlərinin hər hansı bir imtahandan bilikləri yoxlanılmır: “Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təhsil sistemində IV-V siniflərə qədər şagirdlərin imtahana cəlb olunması təcrübəsi yoxdur. Lakin biz bunu edirik, çünki məcburuq. Əgər bu mexanizm tətbiq edilməsə, təəssüf ki, bizim şagirdlərimiz oxumayacaqlar. Dərslərinə qarşı inamlı olmayacaqlar, yaxşı hazırlaşmayacaqlar”. 

K.Əsədov deyir ki, Təhsil Nazirliyi tərəfindən proqramların sadələşdirilməsi, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun tərtib olunması alqışlanandır: “Amma bunu tədris ili başlamazdan əvvəl etmək lazım idi. Ona görə ki, ölkənin bütün məktəblərindəki müəllimlər 2018-2019-cu tədris ili üçün fəaliyyət planını tərtib edib. Orda summativlərin, formativlərin, diaqnostik imtahanların keçirilmə vaxtlarını müəyyən ediblər və bunlar da artıq təsdiq olunub. Yeni tədris ili bir neçə gündür başlayıb və Nazirlik belə bir məsələni  ortaya qoyur ki, imtahan yükünü azaldacağıq. Əslində azaltmalar gözlənilən idi, çünki hər dörd həftədən bir şagirdlərin imtahan olunması düzgün yanaşılma tərzi deyildi. Ona görə ki, onlar stressli olurlar, həmin model testlər üzərində işləmirlər və o testlə ilk dəfə tanış olurlar”. 

K.Əsədov vurğuladı ki, ibtidai siniflərdə Böyük Summativ Qiymətləndirmələr (BSQ) olmayacaq, əvəzinə Kiçik Summativ Qiymətləndirmələr (KSQ) olacaq: “İndiyə qədər KSQ-lər üçün dörd həftə vaxt lazım idisə, indi bu vaxt daha çox olacaq. Amma burda başqa bir məsələ var. Bu imtahanları etmədikdə şagirdlərin əldə etdikləri bilikləri yoxlaya bilmirik. Hesab edirəm ki, bunu ləğv etməkdənsə, mərkəz özü müvafiq test banklar formalaşdırsa daha yaxşı olardı. Belə ki, müvafiq vaxtda vahid mərkəzdən testlər göndərilərdi. Bu gün müəllimlərimiz tərəfindən tərtib olunmuş KSQ və BSQ sualları nə kurikulum standartlarına, nə də dövlətin tələb etdiyi standartlara cavab verir”. 

Təhsil ekspertinin sözlərinə görə, şagirdlər Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanına gedirlər və indiyə qədər məşğul olduqları test nümunələrini görmürlər: “Müəllimlər KSQ və BSQ suallarını əslində DİM-nin çap etdiyi sinif testlərinə müraciət etməli, test nümunələrinə baxmalı idilər. Hələ də müəllimlərimiz ənənəvi formada çətin suallar yazırlar ki, bu onların öz beyinlərinin məhsuludur, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Buna görə də, çoxsaylı şikayətləri nəzərə alan Təhsil Nazirliyi proqram sadələşdirmək üçün bu addımı atdı”.

K.Əsədov hesab edir ki, bunu sadələşdirməkdənsə vahid test bank formalaşdırmaqla bütün siniflər üzrə müəyyən olunmuş vaxtda mərkəz özü KSQ, BSQ nümunələrini göndərə bilərdi: “BSQ-lərin ibtidai siniflərdə ləğv olunması proqramı heç də sadələşdirməyəcək. Çünki eyni dərs yükü var. Müəllim məcburdur ki, əlavə oxu materialları ilə belə həmin dərsi şagirdlərə mənimsətsin. İmtahanın əslində bir məqsədi olmalı, formal xarakter daşımamalıdır. Məsələnin kökündə bu durur, imtahanların sayını azaltmaqla nələrə nail olacağıq? Bəlkə daha ciddi fəsadlar olacaq. Əgər bu imtahanlar qalsaydı, dediyim formanın tətbiqi ilə, yəni mərkəzdən vahid test bankların hazırlanıb göndərilməsi ilə daha yüksək nəticə əldə etmək olardı. Burda isə ən ciddi problem müəllimlər üçün yaşanacaq. Çünki onlar proqramlarını əvvəlcədən qurublar. Hətta kitablarda dərs bölgüsü, paraqraflar buna görə uyğunlaşdırılıb. KSQ və BSQ-lərin yığışdırılması kitabların vaxtından əvvəl bitməsinə gətirib çıxaracaq. Çünki Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş dərsliklər də məhz bu proqramlara uyğun olaraq yazılıb. Bu o deməkdir ki, 2019-cu ildə müəyyən qədər boşluqlar və sıxıntılı məqamlar olacaq”. 

Könül Oruc  

Xəbər xətti