Ana səhifə
12 Dekabr 2018

“Biznesdə xanımların təmsil olunmasında kifayət qədər problemlər var”

Vüqar Bayramov: “Biznes inkubatorlarının yaradılması sərmayənin cəlb edilməsi baxımından vacibdir”
Rəşad Həsənov: “Biznes evlərində və inkubasiyalarında ciddi iştirakçılıq problemləri var”


Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb.
Dünya Bankı ilə birgə həyata keçirilən Kənd İnvestisiya Layihəsi çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcək.“Kəndlərdə yaşayan əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Bu həssas qrupun məşğulluğu ailələrin rifahı üçün böyük əhəmiyyət daşıyır. Buna görə də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir”, –  Dövlət Xidmətinin rəisi Mirzə Əliyev yeni layihəni şərh edib.

Layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır. Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Modelə yeni əlavə olunmuş elementlər ağıllı kənd bizneslərinin yaradılmasında texnologiyalardan istifadə, dəyər zəncirlərinə qoşulmaq, dövlət və özəl mənbələrdən olan qarışıq maliyyə vəsaitlərinə çıxış əldə etməkdən ibarətdir.

Kənd İnvestisiya Layihəsi çərçivəsində, pilot olaraq, 5 rayonda - Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarında 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib. Qadın bizneslərinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarət İcma Biznes Təbliğatçıları qrupları da yaradılıb. “Layihəyə qatılan gənclər ilkin biznesin inkişafı və idarə edilməsi proqramı üzrə təlim alıblar. Onlar Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşları ilə birgə öz rayonlarında biznes inkubatorları yaradacaqlar. Bu inkubatorlar Qadın İnkişaf Qruplarına kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi xidmətləri göstərəcək. Onlar qadın qruplarına gəlir gətirə bilən təkliflər hazırlamaqda kömək edəcək və onları maliyyə mənbələri və bazarlarla əlaqələndirəcəklər”, –  M.Əliyev bildirib.

Qeyd edək ki, yeni yaradılan model beynəlxalq təcrübəyə əsaslanır və ilk növbədə, biznes fəaliyyətinə başlayan kəndli qadınların maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.
Maraqlıdır, görəsən biznes inkubatorların yaradılmasının əhəmiyyəti nədən ibarət olacaq? Burda xanımların daha önə çəkilməsinin nə kimi müsbət tərəfləri olacaq?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, biznes inkubatorlarının yaradılması sərmayənin cəlb edilməsi baxımından vacibdir. Nəzərə alsaq ki, biznes inkubatorları dünyada ən çox tətbiq edilən metodlardan biridir. Bunun əsasən özəlliyi ondan ibarətdir ki, həm də xanım sahibkarların və xanım məşğulluğa müsbət təsir göstərə bilir. Güman olunur ki, sözügedən inkubatorlarda xanımların işlə təmin olunmasına üstünlük veriləcək. Həm bir tərəfdən dövlət inkubatorların yaradılmasını dəstəkləyəcək, həm də təşviq edəcək. Maliyyə və digər formada təşviqinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da inkubatorların pilot olaraq yaradılması və təşəkkül tapması baxımından çox vacibdir”. 

İqtisadçı-alimin sözlərinə görə, prioritet xanımların məşğulluğuna veriləcək: “Və bu konteksdən xanım sahibkarın  məşğulluğunun inşa edilməsi gözləniləndir və müşahidə ediləcək. Ona görə də inkubatorların yaradılması və sərmayələrin cəlb edilməsi, xanımların arasında məşğulluğun təmin edilməsi  və ən əsası xanımlar arasında sahibkarlığın inkişafı baxımından çox vacibdir. Güman olunur ki, pilot inkubatorları təmin ediləndən daha sonra digər rayonlarda inkubatorların yaradılması da həyata keçiriləcək. Və nəticə etibarilə bu imkan verəcək ki, inkubatorlar vasitəsilə regionların inkişafı və xanımların məşğulluğunu dəstəkləmək mümkün olsun”. 

İqtisadçı Rəşad Həsənov bildirdi ki, müasir təcrübədə iqtisadi katalizatorların və eyni zamanda qurumların iqtisadi inkişafı əhəmiyyəti böyükdür: “Biznes inkubatorları burada daha çox infrastruktur əhəmiyyətli problemləri həll etməklə təşəbbüskarlığı dəstəkləyir. Məsələn, regionlarda qurulan biznes inkubatorları yeni biznesə başlamaq üçün ilkin olaraq infrastruktur baxımından əhəmiyyətlidir. Çünki orda həmin insanlara yerlər ayrılır, şərait yaradılır, mühit formalaşır. Müxtəlif sektorları təmsil edən və sektorlarda fəaliyyət göstərmək istəyən insanlar birlikdə olur, treninqlər təşkil olunur, biznes bacarıqlarını inkişaf etdirilməsi üçün imkan daxilində müəyyən məsləhət xidmətləri təşkil olunur. Eyni zamanda rəsmiləşdirmə proseslərinə dəstək verilir. Bu kimi məsələlər kifayət qədər ilkin biznesə başlamada əhəmiyyətli rol oynayan məqamlardan biridir. İnsanların haradasa icarəyə yergötürmə və s. xərclərini artırır. Amma onların biznesə başladığı ilk zamanlarda maliyyə problemləri ilə üzləşməsi halları vardır. Biznes inkubatorları da bu istiqamətdə olan çətinlikləri aradan qaldırmağa kömək edir”.

R.Həsənovun sözlərinə görə, xanımların bu prosesdə iştirakçılığının təşviq olunması, xüsusi olaraq hədəf qrupu olaraq seçilməsində əsas məqsədlərdən biri Azərbaycan iqtisadiyyatının böyüməsində, inkişaf etməsində və şaxələnməsində xanımların iştirakçılığının artırılmasıdır: “Ölkəmizdəki statik göstəricilərə görə, xanımların 93-94 faizi məşğuldur, amma bu statistikanın özünün metodologiyası problemlidir. Çünki ev işlərində, təsərrüfatlarında fəaliyyət göstərən xanımlar məşğul sayılır. Lakin reallıqda isə vəziyyət belə deyil. Biznesdə xanımların təmsil olunmasında kifayət qədər problemlər vardır. Xanımların payı ölkəmizdə sahibkarlıq subyektlərinin 11 faizi həcmindədir. Bu kifayət qədər kiçik bir rəqəmdir. Buna görə də xanımların təşkilatçılığı dövlət dəstəyi ilə təşviq olunmalıdır. Azərbaycanda ənənəvi olaraq xanımların biznesə daxil olmasında və s. problemlər vardır. Xanımlar müxtəlif çətinliklərlə üzləşirlər ki, bunun mərhələli şəkildə aradan qaldırılması yolu ilə onların iqtisadiyyata iqtisadi iştirakçılığını təşviq olunması, həmçinin strateji yol xəritələrində nəzərdə tutulan inklüziv iqtisadi mühitin formalaşması prinsipinin əsas elementlərindən hesab olunur”. 

İqtisadçı deyir ki, ölkəmizdə mövcud olan qadın sahibkarlıq subyektlərinin əhəmiyyətli bir qisminin sadəcə adı ordadır: “Hansısa rəsmiləşdirmələrdə bu xanımların adından istifadə olunub, müəyyən biznes müəssisələri yaradılıb və s. Yəni real olaraq iştirak etməyib. Çünki real rəqəmlər rəsmi rəqəmlərdən kifayət qədər aşağıdır. Buna görə də düşünürəm ki, xanımlar bu gün iqtisadiyyatda öz payını artırır. Bu gün dünya və Azərbaycan iqtisadiyyatında istehlakı formalaşdıran tələblərdən biri qadınlardır. Yəni qadınların son yüz ildə istehlak etmə səviyyəsi müxtəlif istiqamətlərdə min dəfələrlə yüksəlib. Amma onların yaratdığı əlavə dəyər bəzi ölkələrdə geri qalır, o cümlədən bizim ölkəmizdə. Bu isə o deməkdir ki, növbəti dövrlərdə xanımlar, sürətlə artan tələbatı qarşılamaq üçün mütləq şəkildə iqtisadiyyata daxil olsunlar, aktiv iştirakçıya çevrilsinlər. Bu proqramlar müəyyən qədər qeyd olunan istiqamətlərdə prosesləri sürətləndirə bilər”. 

Bütün bunlara baxmayaraq R.Həsənov Azərbaycanda maarifləndirmə probleminin olduğunu vurğuladı: “Biznes inkubasiyaları nədir, nə verir, üstünlükləri nədir və s. məsələlər geniş şəkildə təbliğ olunmalıdır. Əksər hallarda müşahidə edirik ki, biznes evlərində və inkubasiyalarında ciddi iştirakçılıq problemləri var. Binalar tikilib, şərait yaradılıb, lakin insanlar gəlmirlər, istifadə olunmur. Layihəni ətraflı şəkildə xalqa, vətəndaşa başa salmaq lazımdır. Onlar bu imkanlardan mümkün qədər yararlanaraq öz fəaliyyətləri hesabına təmin etməyə yönəlməlidir. Çünki təcrübədə onu göstərir ki, dövlətdən nəyisə gözləmək və dövlətdən asılılıq rifahın müstəqil şəkildə inkişaf etdirilməsinin qarşısını alır. Məhz özünüməşğulluq proqramlarının inkişaf etdirilməsi, sosial yardımdan özünüməşğulluğa keçirilməsi əsas əhəmiyyəti ondan ibarətdir ki. insanlar çalışaraq öz rifahını təmin etsinlər. Sosial müavinət standart bir rəqəmdir, ən yaxşı halda o çox kiçik faizlə arta bilər. Lakin biznesdə gəlirləri artırmaq imkanları vardır. Düşünürəm ki, bu yetərincə müasir və maraqlı metodlardır. Amma praktikada çox zəif işləyir, maarifləndirmə, o cümlədən yerli idarəetmə qurumları ilə vətəndaşlar arasındakı münasibətlərin daha da liberallaşdırılması məsələləri bu istiqamətdə effektivliyin əsas elementlərindən hesab olunur”. 

Könül Oruc

Tarix
24 Sentyabr 2018 [19:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin