Ana səhifə
10 Dekabr 2018

“Ev heyvanları saxlamaq insanlarda passivliyi aradan qaldırır”

Məlahət Abbasova: “Bəzi heyvan xəstəlikləri var ki, insanlar üçün təhlükəlidir” 
Orxan Oruc: “Hər şeydən əvvəl ev heyvanları ilə ünsiyyət insanda xüsusi xoş əhval-ruhiyyə yaradır”


Bir çox insan evində heyvan saxlamaq istəyir. İlk baxışdan bu cəlbedici görünür, lakin nəticə çox vaxt ürəkaçan olmur. Çünki ev şəraitində heyvana baxmaq o qədər də asan deyil. “Evdə heyvan saxlamaq üçün insanda onlara qarşı sevgi olmalıdır” – deyən müsahibim Aytac Əliyeva 3 ildir ki, dovşan saxlayır: “Əslində ilk öncə pişik saxlamaq istəyirdim. Amma sonda düşündüm ki, dovşan saxlayım. Mən onu alanda bir aylıq idi. İndi 3 yaşı var. Demək olar ki, evin bir otağını ona ayırmışam ki, rahat olsun. Tək heyvan saxlamaqla kifayətlənmirəm. Həm də heyvanlara dəstək üçün qruplara 60-70 manat bağışlayıram ki, ehtiyacı olan heyvanlara yardım göstərilsin”.

Müsahibim deyir ki, heyvan saxlamaq psixoloji olaraq insana xoş təsir edir: “Heyvansevər insanlar ürəyiyumşaq olur. Dovşanıma nə isə olarsa, xəstələnərsə, mənə çox pis təsir edər. Çünki 3 il müddətində ona çox bağlanmışam. Canı ağrıyanda dəli kimi oluram və aparmadığım baytar, rentgen qalmır. Amma heyvana qarşı ürəkdə sevgi olması çox gözəldi”.
Aytac xanım deyir ki, internetdə heyvanlara qarşı aqressiv davranan insanları görəndə özünü çox pis hiss edir: “Əgər tanıdığım bir şəxs heyvana qarşı aqressiv davransa, mən onu hüquq-mühafizə orqanlarına şikayət etməkdən belə çəkinmərəm”. 

Həkim-terapevt Məlahət Abbasova “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, sağlamlığına tam əmin olduqdan sonra heyvanı evdə saxlamaq olar: “Bəzi heyvan xəstəlikləri var ki, insanlar üçün təhlükəlidir. Toksoplazma xəstəliyi heyvanların tükündən keçir. Qadınlar bu xəstəliyə tutulanda inkişafdan qalan hamiləliklə üzləşirlər. Onlarda 6-8 aylığında uşaq salma təhlükəsi olur. Bunlar olmasın deyə, heyvan saxlayarakən diqqətli olmaq lazımdır. Amma elə insanlar var ki, nə qədər sağlam heyvan olsa da, onların tüklərinə qarşı allergiyaları olur. O cür insanlar qəti evdə heyvan saxlaya bilməzlər”.
Psixoloq Orxan Oruc isə deyir ki, əvvəlki dövrdə heyvan saxlamaqla indiki dövrdə heyvan saxlamaq arasında fərq var: “Bu fərqliliklərdən ən başlıcası son illərdə heyvan bəsləməyin bir mədəniyyət forması almasıdır. Ölkəmizdə bu ənənə yeni sayılsa da, şəhərdə kifayət qədər ey heyvanları bəsləyən insanlar var. Ev heyvanları saxlamağın çox sayda müsbət tərəfləri var. Bu da heyvan saxlayan insanların günü-gündən sayının çoxalmasına səbəb olur. Xüsusilə qərb ölkələrində ev heyvanı saxlamaq adi tələbata çevrilib. Hətta bəzi ölkələrdə ev heyvanları üçün xüsusi qəbirstanlıqlar belə var”.

Psixoloq deyir ki, insane gözəl təbiət bir rahatlıq və yüksək əhval-ruhiyyə verir, ev heyvanları saxlamaq da bu kimi hisslər yaradır: “Xüsusilə yalnız, tənha insanlar üçün ev heyvanı saxlamaq çox faydalıdır. Hər şeydən əvvəl ev heyvanları ilə ünsiyyət insanda xüsusi xoş əhval-ruhiyyə yaradır, onlarda  passivliyi aradan qaldırır. Çünki heyvana qayğı, yemək hazırlamaq, onunla gəzintiyə çıxmaq, oynamaq və s. tək yaşayan insanlarda hərəkətliliyə səbəb olur. Bu baxımdan da ev heyvanları bəsləmək aktiv həyat tərzi yaratmaq üçün bir vasitə rolunu oynayır. Bundan başqa, gündəlik iş gərginliyini, stressi atmaq üçün heyvanlarla təmasda olmaq vacibdir və bu özünə inam hissinin yüksəlməsinə səbəb olur. Hətta autizm kimi bəzi xəstəliklərin müalicəsi üçün delifinlə (delfin-terapiya) və bəzi heyvanlarla ünsiyyətdə olmaq tövsiyyə olunur. İnsanların fərdi xarakter və zövqlərindən asılı olaraq onlara rahatlıq verən və əhvalını yüksəldən heyvanlar fərqli ola bilər. Kimlərsə sakit oturub akvariumda balığa baxmağı sevir, kimlərsə pişiyi ilə oynamağı və s”.

Psixoloqun sözlərinə görə, ev heyvanların faydaları ilə bərabər, onların insan psixologiyasına mənfi təsirləri də var: “Ev heyvanlarının ömrü insan ömründən dəfələrlə qısa olur ki, bu da insanların bir neçə il öyrəşdiyi heyvanı itirməsi ilə ciddi psixi travmalar almasına səbəb olar. Xüsusi ilə uşaqlarda bu proses daha ağır keçə bilər. Sevimli heyvanını itirmə qorxusu onu həmişə narahat edər ki, bu da gələcəkdə insanlarla ünsiyyət və münasibət problemlərinin yaranmasına gətirib çıxarar. Ona görə də, heyvanlara çox bağlanmaq, həyatın bütün mənəvi tərəfini yalnız onların üzərində qurmaq düzgün deyil”.

Dini ekspert Kənan Rövşənoğlu isə deyir ki, evdə it saxlamaq olmaz: “İt tükü murdar hesab olunur. Namaz qılan adamlar üçün murdarlıq yaratdığına görə, evdə it saxlamaq olmaz. Pişiyə qadağa yoxdur. Hədislərdə var ki, peyğəmbərimizin əbası üstündə pişik yatıbmış. O pişiyi oyatmağa qıymayıb, öz əbasını kəsib”.

Könül

 

Tarix
24 Sentyabr 2018 [19:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin