Prezident Masazır–Novxanı yolunun tikintisinə 1,8 milyon manat ayırıb- Sərəncam

18:08 - 17 Sentyabr 2018 - Xəbər

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km) – Masazır–Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər xətti