“CBC Sport” “İdman Azərbaycan”la memorandum imzaladı- Avrokubok oyunları hər iki kanalda

20:10 - 14 Sentyabr 2018 - İDMAN

Bu mövsüm UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi, Azərbaycanda bir yox, iki kanal yayımlayacaq.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə “CBC Sport” kanalının yaydığı açıqlamada bildirilir.

“CBC Sport” telekanalı bəyan edir ki, Azərbaycanın futbol azarkeşlərinin və auditoriyanın maraqlarını nəzərə alaraq, bu mövsüm “CBC Sport” TV-nin Azərbaycan ərazisində yayımı üzrə müstəsna hüquqlara malik olduğu UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının ölkə ərazisinə yayım əhatəsini genişləndirmək və auditoriyanın daha çox sayda oyun izləməsini təmin etmək məqsədilə “CBC Sport” və “İdman Azərbaycan” telekanalları arasında memorandum imzalanıb.

Memorandumun müddəalarına əsasən, yuxarıda adıçəkilən yarışlar çərçivəsində eyni vaxtda başlanan və “CBC Sport”un efirində yayımı mümkün olmayan oyunların siqnalı “İdman Azərbaycan” telekanalına təmənnasız şəkildə ötürülür.

Azərbaycan teleməkanında ilk dəfə bu cür addım atan “CBC Sport” TV ümid edir ki, izləyicilər və Azərbaycandakı futbol azarkeşləri bu yenilikdən razı qalacaq, həmçinin bu cür addımlar gələcək layihələr üçün örnək rolunu oynayacaq”.

Xəbər xətti