Ana səhifə
18 Noyabr 2018

Əməyin mühafizəsi mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkil edilir

Əməyin mühafizəsi yalnız işçinin təhlükəsizliyi üçün deyil, iqtisadi artım üçün də vacib amil kimi qəbul olunur

“Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir”.  Bu Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndində öz əksini tapıb. Başqa sözlə, əməyin mühafizəsi istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və o cümlədən texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının, əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanılmasına yönəldilmiş sosial-iqtisadi və hüquqi tədbirlərin məcmusudur. Bu, iş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili, əmək prosesində iştirak edən işçilərə normal əmək şəraiti yaratmaq deməkdir.
  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Nazirlikdən qeyd edilib ki, Əmək Məcəlləsi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir. Amma Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri Əmək Məcəlləsinin 215,225-ci maddələrində, eləcədə müəssisələr haqqında əsasnamələrdə (nizamnamə), kollektiv müqavilələrdə təsbit olunur. Əmək Məcəlləsində əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi 212-ci maddədə göstərilib. Bu maddədə bildirilir ki, əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir, əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir, əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir, əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir.
Bundan başqa, 213-cü maddə ilə, icra hakimiyyət orqanlarının, 214 maddə ilə bələdiyyələrin səlahiyyətləri, 215-ci maddə ilə isə  mülkiyyətçinin və işəgötürənlərin  vəzifələri  müəyyən edilib.

Bununla yanaşı, qanunvericilik müəsisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçilərin də vəzifələrini müəyyən edib. Əmək Məcəlləsinin 216-cı maddəsində əməyin mühafizəsi üzrə işçilərin vəzifələri ifadə olunub. Buraya əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, digər vəzifələr daxildir. Əmək Məcəlləsinə əsasən əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Ona görə də müəssisə rəhbərləri əməyin mühafizəsinin idarə olunması məsələsinə ciddi əhəmiyyət verməlidirlər. Belə ki, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkil olunması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı keyfiyyətli məhsul istehsalına da təminat verir. Qabaqcıl dünya təcrübəsində də əməyin mühafizəsi müəssisədə yalnız işçinin təhlükəsizliyi üçün deyil, iqtisadi artım üçün də vacib amil kimi qəbul olunur.

Əmək Məcəlləsinin 46-cı fəsli isə işçilərin sosial sığortasına həsr olunub. 304-cü maddədə qeyd olunub ki, sosial sığorta- müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin- əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. 306-cı maddə ilə işçilərin sosial sığorta formaları tənzimlənir. Bildirilir ki, işçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. Onların məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır və işçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər.

İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər.

 

Tarix
13 Sentyabr 2018 [18:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin