“Yazmaya bilmədiklərimi yazmışam”

20:12 - 13 Sentyabr 2018 - Müsahibə

Ramilə Qurbanlı: “Sənəti və şəxsiyyəti maraq doğurmayan adamdan müsahibə almamışam”

Bütün 70-80-ci illərin uşaqları kimi onun da uşaqlıq və tələbəlik illəri çox çətin dövrə düşüb. Uşaq yaşlarından bir çox sahələrə maraq göstərsə də ən sonda özünü jurnalistikada tapıb. Jurnalistikaya olan marağı, sevgisi  hələ orta məktəbdə oxuyarkən varmış. Rayon qəzetinə yazılarını verirmiş. Və içində olan yaradıcılıq sevgisi bu sahədən uzaqlaşmasına icazə verməyib. Artıq 25 ildir ki, jurnalistikada çalışır. Müsahibimiz tanınmış jurnalist-publisist, Prezident yanında Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır. R.Qurbanlı ilə keçmiş illərdən, xatirələrindən danışdıq.

“Valideynlərimin hər ikisi müəllimdir”

1970-ci il oktyabrın 13-də Qarabağda, Cəbrayıl rayonunun Maralyan kəndində dünyaya göz açan R.Qurbanlı deyir ki, kəndin adının sonundakı “yan” insanları bir az çaşdırır. Onun sözlərinə görə, bu kənd çox qədim tarixə malikdir və bu adla bağlı fərqli əfsanələr var. Yəni “yan”a heç bir aidiyyəti yoxdur: “Çox səmimi və zəhmətkeş insanları olan bir kənddə, müəllim ailəsində böyümüşəm, valideynlərimin hər ikisi müəllim olub,  mən də məktəbdə onlardan dərs amışam. İbtidai sinif müəlliməm elə anam idi. Sinfimiz eksperimental sinif idi. Yəni məktəbin rəhbərliyi ələyib yaxşı oxuyan, kəndin əsasən ziyalı ailələrindən olan uşaqları bir sinifdə toplamışdılar. Sonradan da o uşaqların böyük bir hissəsi ali təhsil aldı. Təəssüf ki, araya müharibə düşdüyündən həyatı yarıda kəsiləni, taleyi gətirməyəni də oldu. Sinif yoldaşlarımın hamısı yaxşı uşaqlar idilər. Onuncu sinfi orda bitirmişəm, yaxşı müəllimlərimiz vardı”.

“Gözlərimi çoxlu-çoxlu ovuşdurub qızardıb, gedib müəllimə dedim ki...”

Çox nümunəvi bir sovet uşağı olan müsahibimiz deyir ki, müəllim ailəsində böyüyən və hər iki valideyni o məktəbdə işləyən bir uşaq necə olmalıdırsa elə də olub. Valideynləri bu məktəbdə olduğu üçün uşaqlıqdan məsuliyyətli böyüyüb: “Düşünürdüm ki, dərslərimi yaxşı oxumasam, hər hansı bir müəllimlə konfliktim olsa, özümü yaxşı aparmasam, nümunəvi olmasam müəllimlər otağında valideynlərimə nəsə deyərlər və onlar da bundan utanar.  Bax mənim çiynimdə bunun yükü var idi. O vaxtı yaxşı oxumayan şagirdləri pioner təşkilatına ən sonda keçirirdilər. Mən  komsomol və pioner sıralarına ilk növbədə qəbul olunan uşaqlardan olmuşam. Məktəbdə komsomol təşkilat katibi idim. Özfəaliyyət kollektivinin fəal üzvlərindən idim, şeir deməyim, mahnı oxumağım,  səhnəciklərdə rol oynamağım vardı. Çox fəal uşaq olmuşam, düzdür, dərsdən qaçmaq, müəllimin başını aldatmaq və s. kimi hallar da olurdu (gülür). Bir dəfə əmim Bakıdan gəlmişdi, onu görməyə tələsirdim, əmin idim ki, mənə nə isə alıb, dərsin qurtarmağını gözləməyə səbrim çatmadı. İcazə almaq üçün isə tutarlı səbəb  lazımdı, çünki o səbəb hökmən valideyinlərimə də deyiləcəkdi. Mən də gözlərimi çoxlu-çoxlu ovuşdurub qızartdım. Gedib sinif rəhbərimə dedim ki, başımın ağrısından ölürəm, icazə verin evə gedim. Müəllim də baxıb dedi ki, hə gözlərin də qızarıb ay bala, get-get... Belə şeylər də olurdu, amma müəllimlərimin sevimlisi olmuşam. İndinin özündə də müəllimlərimi çox sevirəm. Təkcə mənə dərs deyən müəllimlər yox, ümumiyyətlə müəllim mənim üçün müqəddəsdir. Bəlkə də bu nəslimin, valideynlərimin müəllim olmağından, yaxud da müəllimlərlə aramızda olan o sevgidən irəli gəlir, bilmirəm...”

“Universiteti bitirənə yaxın məlum oldu ki, mən jurnalist olmaq istəyirmişəm”

Müsahibimiz uşaqlığını çox maraqlı və aktiv keçirdiyini bildirdi. Deyir ki, uşaqlıq illərində müxtəlif yaşlarda, müxtəlif sahələrə maraq göstərib: “Bədən tərbiyə müəllimliyindən, gimnastdan tutmuş, kosmonavta qədər olmaq istəmişəm. Nəhayət, doqquzuncu sinifdə rus dili müəllimliyinin üzərində dayandım. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) hazırlaşdım. Universiteti bitirənə yaxın məlum oldu ki, yox, mən jurnalist olmaq istəyirmişəm, bu sahə məni özünə çəkirdi. Çünki hələ orta məktəbdə oxuyanda rayon qəzetində kiçik yazılarım çıxırdı. İlk yazılarım satirik olub. Tələbə vaxtı ədəbiyyat qəzetində publisistika yazırdım. Tələbəlik illərimiz insanların səmimi, mehriban, daha optimist vaxtları idi. Münasibətlər daha saf və insanlar arasında inam güclü idi. Ölkədə müharibə gedirdi, valideynlərimin aylarla maaş almadığı bir dövrdə yaşayırdıq. Ailəni elə bil Allah saxlayırdı, çox maddi çətinliklər vardı. Sinif və tələbə yoldaşlarımız arasında şəhid olanlar da oldu. Bütün bu çətinliklərlə yanaşı, eyni zamanda maraqlıydı. Dərnəgüldə qızlarla oğlanların yataqxanası yanaşı idi. Hər birinin komendantı, qanun-qaydası və ən əsası əxlaq var idi. Oğlanlarımız mühazirə dəftəri almaq lazım idisə, axşam saat 9-a kimi gəlirdilər. Çünki həmin saatdan sonra yataqxananın qapısından içəri buraxılmayacaqlarını bilirdilər. İnsanlar çox sərbəst və çox əxlaqlı idilər. Sanki məndə o dövr və o dövrün insanları arasındakı münasibətlərin həsrəti var”.

“...vəzifəli şəxsin katibəsi, bir də sürücüsü olmağı özümə rəva bilmərəm”

İnstitutu bitirərkən rayonları işğal olunduğu üçün ora təyinat ala bilməyən R.Qurbanlı təyinatını Bakıya yaxın bir rayona - Xızıya yazdırıb: “Xızının Sitalçay kənd orta məktəbində  1-ci sinifdən 11-ci sinfə qədər olan bütün siniflərin rus dili dərsi məndə idi. Şagirdlərimi çox sevirdim, özümü tərifləmək kimi olmasın, məncə fəaliyyətimi davam etdirsəydim yaxşı müəllim olardım. Təyinatım iki illik idi, lakin mən cəmi bir ili orda çalışdım. Çünki “Ədəbiyyat” və “Müxalifət” qəzetlərində yazılarım çıxırdı. Bir gün evə gələndə anam dedi ki, “Ədəbiyyat” qəzetindən zəng edib məni çağırıblar. Evdən çıxıb redaksiyanı axtarmağa başladım. Soruşa-soruşa mətbuat prospektinə gəlib çıxdım, orda iri bir daş var idi. O daşın üzərində ağ saçlı bir kişi oturmuşdu. Ondan nəşriyyatın binasını soruşdum, əli ilə göstərdi və nə üçün axtardığımı maraqlandı. Dedim ki, Sabir müəllim çağırıb məni. Əlimdə bükülü kağız var idi, dedim ki, Sabir Əhmədliyə verməyə gətirmişəm. Məndən yazımı istədi, alıb baxdı. Oxudu bəyəndi, qısa satirik yazı idi. Şənbə günü olduğu üçün nəşriyyatda heç kim yox idi, dedi get, birinci gün gələrsən. Sonradan bildim ki, bu adam şair  Şahmar Əkbərzadə imiş. Sonralar ondan müsahibə də götürdüm”.

Birinci gün gəldim, Sabir Əhmədli ilə görüşdüm, yazılarımı oxumuşdu. Dedi ki, bizə gənc müxbir lazımdır, səni işə götürmək istəyirəm, amma müxbir ştatımız yoxdur, bəlkə katibə ştatına götürüm, daha sonra dəyişərik. Dedim ki,  mənim vəzifəli şəxsin katibəsi, bir də sürücüsü olmaqdan xoşum gəlmir. Dedi yaxşı korrektor ştatına götürürəm, hətta bir neçə ay korrektor işlədim.

“Sən çox yaxşı publisistsən, yaxşı yazıçı ola bilərsən, tərk etmə bu qəzeti”

Deyir ki, korrektor işlədiyi vaxtlarda bir dəfə Bəxtiyar Vahabzadənin adında bir hərf səhvi gedib və tərslikdən də həmin gün B.Vahabzadə redaksiyaya gəlib: “Həmin vaxt elə düşündüm ki, mənim səhvimə görə gəlib. Sonra məlum oldu ki, heç böyük şairin o səhvdən xəbəri də yox imiş. Səhv məsul katibin üzərində qaldı, mən xilas oldum. Amma gənc idim deyə həmin gün çox qorxmuşdum (Gülür). Bir neçə ay korrektor işlədikdən sonra Sabir Əhmədli məni baş müxbir vəzifəsinə keçirdi. Sabir Əhmədlinin yanında çox şey öyrəndim, sözə həssas yanaşmağı, sözlə işləməyi, ümumiyyətlə yazmağı, danışmağı öyrəndim. S.Əhmədli o qəzetdən gedəndən sonra orda qalmaq istəmədim, həmin vaxt  məni “7 gün” qəzetindən çağırdılar. Ərizə yazıb “Ədəbiyyat” qəzetindən gedəndə Tehran Alişanoğlu dedi ki, sən çox yaxşı publisistsən, yaxşı yazıçı ola bilərsən, tərk etmə bu qəzeti.

“7 Gün” qəzetində yaxşı maaş və qonarar vardı.  Ailəmin çətin vaxtlarında o pula ehtiyacımız var idi. Həm də gündəlik qəzet olduğu üçün daha qaynar mühit idi, ora getdim. İlk yazılarımdan biri qəzetin manşeti oldu. Xalça Muzeyindən xalça oğurlanmışdı və mən bununla bağlı yazı yazmışdım. O vaxtkı mədəniyyət naziri  arxamca adam göndərmişdi ki, get o qızı nazirliyə gətir. Redaktorumuz məni buraxmadı, dedi ki, nazir müxbiri görmək istəyirsə özü redaksiyaya gəlsin”.

“4 il sonra gəlib məni tapıb, evlənmək təklif etdi”

Bir az gec yaşda ailə həyatı qurduğunu vurğulayan R.Qurbanlı deyir ki, tələbəlik illəri ağır keçib, torpaqlar işğal olunub, valideynləri qaçqın düşüb. Ailə özünü tutana qədər çox böyük çətinliklərdən keçiblər: “Şükür ki, sınmadıq, əyilmədik, yenidən tezliklə ayaqda dura bildik. İnstitutu bitirəndən 4 il sonra ailə həyatı qurmuşam. İnstitut vaxtından bir-birimizi tanıdığımız, hörmət etdiyimiz oğlanla ailə qurduq. İçində gizlədib, gizlədib, 4 il sonra gəlib məni tapıb, evlənmək təklif etmişdi. Bir dəfə sual verdim ki, niyə 4 il gözlədin, niyə bu illəri güdaza verdin? Dedi ki, sən o vaxtı çox havalarda idin, yuxarıdan gedirdin, qorxurdum ki, məni bəyənməzsən. Gözlədim, gördüm havalardan endin, kamilləşdin, onda gəlib sənə evlənmək təklif etdim. Əslində mən ona razılıq verməmişdim, evə gələndə gördüm ki, elçilər evdədir. Başqa otağa keçdim, anam arxamca gəldi ki, “hə”ni verdik. Dedim məndən soruşmamış niyə razılıq verirsiniz? Anam isə cavabında “Sən razılıq verməsəydin durub Qəbələdən bura o qədər ağsaqqal  gəlməzdi” - dedi.

Nişan gələn günü səhər yerimdən durub ağlayırdım ki, görəsən, mən düzgün qərarrmı verdim? Nişandan sonra zamanla hiss etdim ki, Tanrı mənim yaxşılığımı mənim özümdən çox istəyib.(Gülür)”.

“Yazmaya bilmirdim, çünki içimdə bir narahatlıq, ağrı var idi”

Altı kitab müəllifi olan müsahibimiz deyir ki, “33 pərdəli dram” adlı ilk kitabı vaxtilə görüşdüyü, ünsiyyətdə olduğu, səhnədə gördüyü, rollarına baxdığı sənətkarların portret yazılarından ibarətdir: “Daha sonra Milli Ensiklopediyanın sifarişi ilə Şərq-Qərb nəşriyyatında “Leyla Bədirbəyli”, “Lütfəli Abdullayev”, “Əliağa Ağayev”, “Ələsgər Ələkbərov” adlı kitablarım çap olundu. Sonuncu kitabım isə “Müharibə miniatürləri” adlı Qarabağ ağrılarından bəhs edən hekayələr toplusudur. Özümüzün və ətrafımızdakı dost-tanışların, qohumların yaşantılarından bəhs edir. Yazmaya bilmirdim, çünki içimdə bir narahatlıq, ağrı var idi. Yazdıqca bir az rahatlıq duyurdum. Həm də düşündüm ki, qoy gələcək nəsil də bütün bunları öyrənsin. Bu kitab hazır halda 5 ildir gözləyirdi. Maddi cəhətdən imkan yox idi. Bilik Fondunda işə başlayandan sonra rəhbərlik dedi ki, gətir çap edək, onsuz bizim fond maarifçiliklə məşğuldur, başqalarının kitabını çap edirik, öz əməkdaşımızınkını niyə etməyək?”. 

“Fuad Poladovdan müsahibə almaq üçün uzun müddət gözləmişəm”

Maraqlı müsahiblərinin çox olduğunu deyən müsahibimiz bildirdi ki, maraqsız müsahibələri çox az sayda olub: “Çünki o adamın ki sənəti, şəxsiyyəti məni çəkmirdi, onunla müsahibəyə getmirdim. Rəhmətlik Fuad Poladovdan müsahibə almaq üçün uzun müddət çalışdığı teatrının qapısında gözləmişəm. Fuad Poladov müsahibəyə razılıq verəndə mən artıq kifayət qədər oturuşmuş, öz sözünü demiş və imzası tanınan bir jurnalist idim. Rasim Balayevdən 18 dəfə müsahibə almışam. Vaqif Səmədoğlunun ad günündə hər il ondan yazırdım. Bəxtiyar Xanızadə çox sevimli müsahibim olub. 1997-ci ildə Bakıda Şərq-Qərb kinofestivalı keçirilirdi, Fransız aktyoru Pyer Rişarı hava limanında qarşılayıb ondan müsahibə almışdım. Bir sözlə, mətbuatın qızıl dövründə işləmişəm.

Bu, mənim taleyimə düşən uğurlu günlər idi. Xoşbəxtəm ki, o günləri  bu gün də fəxlə xatırlayıram”.


Könül Oruc


Xəbər xətti