“Hemoqlobinin aşağı olması ürək qan-damar sisteminə təsir göstərir”

19:29 - 11 Sentyabr 2018 - Müsahibə

Lalə Məmmədova: “Ananın düzgün qidalanması, təmiz havada olması ginekoloqların fikir verəcəyi birinci faktordur”
“Uşaqlar ana südü ilə qidalanmalı və vaxtından əvvəl əlavə qidaya keçilməməlidir”


 Azərbaycanda ilk dəfə anemiya (qanazlığı) diaqnozu qeydə alınmış xəstə uşaqların sayı artır. 2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948, 2017-ci ildə 29167 nəfər olub. Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114, 2017-ci ildə 1117,0 nəfər olub. Ötən il 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq, boy atmanın ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.
Mövzu ilə bağlı pediatr Məmmədova Lalə Eyvazqızının “Üç nöqtə”yə müsahibəsini təqdim edirik.  

- Statistik göstəricilərə görə anemiya diaqnozu qoyulan uşaqların sayı artıb. Bu artımın səbəbləri nədir?
- Artımın birinci səbəbi düzgün hamiləliyin planlaşdırılmaması ilə bağlıdır. Əgər ana hamiləlik planlaşdırırsa ilk öncə müayinədən keçməlidir. Anemiyanın olub-olmadığını müəyyənləşdirmək üçün qanın ümumi analizi verilməlidir. Ananın mədə-bağırsaq sisteminə mütləq fikir vermək lazımdır, lakin buna bəzən diqqət yetirmirlər. Ananın düzgün qidalanması, təmiz havada olması ginekoloqların fikir verəcəyi birinci faktordur. İkinci səbəb ondan ibarətdir ki, uşaqlar ana südü ilə qidalanmırlar və vaxtından əvvəl əlavə qidaya keçirlər. Uşaqların mədə-bağırsaq sistemi mütləq yoxlanılmalı, anemiyanın neçəni dərəcədə, qazanılma yaxud anadangəlmə olduğunu araşdırmaq lazımdır. Bütün bu proseslər düzgün və vaxtında aparılarsa artım olmaz. 

- Anemiyanın əlamətləri, yaranma səbəbləri nələrdir?
- Yeni doğulmuş uşaqlarda rutin olaraq qanın ümumi analizi verilir. Əlamətləri yeni doğulmuş uşaqlarda uzunmüddətli sarılıq, bir müddətdən sonra yuxusuzluq, iştahasızlıq, aqressiya ola bilər. Mədə-bağırsaq sistemi pozula və uşaq tez-tez xəstələnə bilər. Müəyyən bir müddətdən sonra uşaqlarda yaddaş pozuntusu, göz problemləri yaranar. Dırnaqlar kövrəkləşir, saçları tökülür, dəriləri quru və kobud olur, gözaltı kölgələr yaranır, gözün selikli qişasında rəngi çox avazımış olur. Bütün bunlar qanazlığının əlamətləridir. 

- İrsən keçə bilirmi?
- Bəli, irsən keçə bilir. Yaranma səbəbləri qazanılma və anadangəlmə ola bilər. Anadangəlmə adından da göründüyü kimi anada olan hər hansı bir irsi xəstəliklər, yaxud anada qanazlığı, bətndaxili infeksiyalar olur. Qazanılma isə sonradan yaranandır. Məsələn, uşaqlarda dəmirdefisitli, hemolitik və meqaloblast (B-12 defisitli və folturşusu defisitli) anemiyada dəmirin sorulması düzgün getmir, bu da mədə-bağırsaq sistemində problem olan və immun sistemi zəif olan uşaqlarda daha çox müşahidə olunur. 

- Bu xəstəlikdən birdəfəlik azad olmaq mümkündürmü?
- Xəstəliyə vaxtında, yəni uşağın ilk aylarından diaqnoz qoyularsa və səbəbi tapılıb, araşdırılıb düzgün müalicə olunarsa, təbii ki birdəfəlik azad olmaq mümkündür.

- Xəstəliyin qarşısını almaq üçün nələr etmək lazımdır?
- Qarşısını almaq üçün uşaqlar ilk 7 ayını mütləq və mütləq ana südü ilə qidalanmalıdır. Əlavə qidalar da düzgün seçilməlidir. Ət suyu ilə olan pürelərə üstünlük verilməlidir. Uşaqlarda mədə-bağırsaq sistemin sorulmasına, mikroflorasına da baxmaq lazımdır. Parazitlərin olub-olmamasına, sinir və immun sisteminə fikir verməklə qarşını almaq olar. 

- Qanazlığı qanın azlığı demək deyil...
- Təbii ki qanazlığı qanın azlığı demək deyil. Qanazlığı (anemiya) qanda hemoqlobinin daşınması zəifləyəndə, yaxud da eritrositlərin yaşam müddəti az olduqda əmələ gələn bir xəstəlikdir. Burada eritrositlərin miqdarı az olur, qanın yox. Yəni qanın keyfiyyəti, kəmiyyət dəyişiklikləri, hemoqlobinin miqdarı pozulur. Keyfiyyət baxımından qanazlığı bir xəstəlik kimi nəzərə çarpır.

- Yemək-içmək necə olmalıdır? 
- Gündəlik qida rasionu olmalıdır. Biz analara bunu deyəndə tətbiq etmək alınmır. Sadəcə təklif edirik ki, gündəlik olaraq qaynadılmış ətin özündən, suyundan, yaxud ətin özünü farş kimi, ağ və qırmızı ətdən, balıqdan, tərəvəzlərdən,  kahıdan, meyvələrdən, alma, kök, çuğundurdan çox istifadə etsinlər. Uşaqlar karbohidratlardan uzaq qaçsınlar, zülallarla daha çox qidalansınlar. Gündəlik qida rasionuna bunlar daxil olarsa qanazlığı aradan götürülər. Yemək-içməklə yanaşı, qanda hemoqlobinin miqdarına uyğun olaraq dərman preparatları da təyin edirik. Amma əgər bunu normal yeməklə qaldıra biliriksə, hemqolobinin miqdarına uyğun olaraq hər xəstəyə fərdi yanaşaraq məsləhətlərimiz fərqli olur.

- Bəzi insanlar bu xəstəliyə ciddi yanaşmır...
- Bu bizim  ən yaralı yerimizdir, hətta uşaqlarında belə bu xəstəliyi ciddi qəbul etməyən analarımız var. İnsan orqanizmində qanın necə böyük rol oynadığını hər kəs bilir. Bütün daxili orqanların, vücudumuzun hər nöqtəsi, hətta dərimiz belə qanla qidalanır. Qan nə qədər aşağı olarsa, dəri, o qədər quru olacaq, saçlar töküləcək, beyin qan dövranı pozulacaq. Beyin qan dövranı pozulduqda isə yuxusuzluq, gərginlik, əsəbilik, yorğunluq halları müşahidə olunur. Bizə bu şikayətlər ilə uşaq gətirən valideyinlər deyir ki, uşaqları aqressivdir, iştahasızlıq var, yemək yemirlər, saçları tökülür, üz dəriləri qabıq qoyur, quruyur və s. Səbəbini araşdırdıqda görürük ki, hemoqlabinin miqdarı çox aşağıdır. Yaxud böyük adamın özündən də düzgün yaşama tərzi gözləmək mümkün deyil. Qanın aşağı olmasının fəsadları çox böyükdür. Hemoqlabin nə qədər aşağı olarsa baş qaldıran xəstəliklərin də səbəblərini araşdırmaq da müxtəlif olacaq. Hemoqlabinin aşağı olması ən əsası ürək qan-damar sisteminə təsir göstərir. Ürəyin fəaliyyətini və damarların inkişafını pozur”.

Könül Oruc

Xəbər xətti