“Sevdiyim insan orada qəribçilik çəkməyimə izin vermir”

19:14 - 6 Sentyabr 2018 - Müsahibə

Vəfa Rəşidova: “Bizdəki insanların problemləri, qayğıları başqadır, Ankarada müraciət edən pasientlərin problemləri isə tamam fərqli”

Azərbaycanda psixoloq olaraq fəaliyyəti var idi, öz mərkəzini də yaratmışdı. Lakin sonra ailə qurduğu üçün Türkiyəyə köçməli oldu. Getdiyindən bir müddət sonra artıq qardaş ölkədə də fəaliyyətə başlayıb. Bir neçə günlük bu yaxınlarda ölkəmizə gəlmişdi, elə fürsətdən istifadə edib hazırkı işləri ilə maraqlandıq. Müsahibimiz psixoloq Vəfa Rəşidovadır.

- Nə qədər vaxtdır artıq Türkiyədəsiniz?
- Avqust ayında bir il tamam olacaq.

- Burda artıq öz sahənizdə müəyyən nöqtəyə gəlib çıxmışdınız. İndi də orda fəaliyyətə başlamısınız. Buranı atıb getmək çətin gəlmədi?
- Azərbaycanda müəyyən bir yerə gəlib çıxmışdım və bunun üçün çox əziyyət çəkmişəm. Kiməsə bu, adi gələ bilər, amma mənim üçün elə olmayıb. Çalışdım və hər bir şeyi özüm qurdum. Öz işimi daim çox sevmişəm və sevirəm. Türkiyədə toyumuz oldu, bir müddət sonra Ankaraya getdik. Çünki həyat yoldaşım da orda çalışırdı. Ankaraya gələndən bir-iki ay sonra artıq işə başladım. Həmin işə qədərki o boş qaldığım müddətdə hiss edirdim ki, işləməsəm nəfəsim çatmayacaq. İşim mənim nəfəsimdir. Qardaş ölkə olsaq da, başqa bir ölkədə qısa müddətdə iş tapmaq çox çətindir. Amma Allahdan elə oldu ki, bu günə qədər çəkdiyim əziyyət, özümə etdiyim o yatırım, burda kifayət qədər tanınmağım, Qazi Universitetində klinik psixoloq olaraq keçdiyim kurs və rus dilini bilməyim mənə böyük dəstək oldu və iş tapmağım problem olmadı

- Klinik psixologiyanı nə vaxt öyrənmisiniz?
- Düzü, heç zaman klinik psixoloq olduğumu qabartmamışam. Klinik psixologiya mənim zəif yerimdir. Bu, həmişə məni maraqlandırıb və dərindən öyrənmək həvəsində olmuşam. Elə düşünürəm ki, əgər bir mütəxəssis klinik psixologiyada büdrəyirsə, üzərində işləmirsə, onun işi tam deyil. Psixoloq həm də klinik psixologiyanı tam dərindən öyrənib mənimsəmlidir ki, pasientlərinə gözəl dəstək ola bilsin. Çünki, bunlar zəncirvari şeylərdir. Ona görə evlənməmişdən iki il öncə Qazi Universitetində bunun təcrübəsini keçmişdim. Ordan çox böyük zövq alışdım.

- İnsanların psixologiyası ölkələrə, xalqlara görə bir az fərqli olur. Maraqlıdır, ilk vaxtlar ordakı insanlarla işləmək və öyrəşmək çətin olmadı ki?
- Əslində, etnopsixologiya fərqlidir. Bizdəki insanların problemləri, qayğıları başqadır, Ankarada müraciət edən pasientlərin problemləri isə tamam fərqlidir. O şəhərdə fərqli ölkələrdən gələn insanlar çoxdur və əsas problem də məhz uyğunlaşma ilə bağlı olur. Depressiya məsələləri ilə bağlı müraciət edirlər. Amma Azərbaycanda ölkəyə uyğunlaşma problemi ilə az-az rastlaşmaq olurdu.
Ümumi götürəndə isə, harda insan varsa orada problemlər var. İnsanların həyatı, taleləri bənzəyir. Ailə problemləri, ailədaxili münasibətlər də oxşardır. Ailədə uşaqların valideynlərlə münasibətlərində çox ciddi problemlər olur.
Ümumiyyətlə isə, Türkiyədə yaşamaq, fəaliyyət göstərmək həqiqətən çox çətindir. Əgər savadının olduğunu görsələr, səni irəli çəkib başlarına tac edəcəklər. Yox, əgər səndə o potensialı görmürlərsə, çətin ayağa qalxıb nəsə edəsən. Mən Ankarada tanınmış psixoloq deyiləm, çünki hələ orada 10 aydır ki işləyirəm. Amma mən elə bir işdə işləyirəm ki, müəyyən çevrədə peşəkar psixoloq kimi tanınıram. Özümü bəzən canavar psixologiyası ilə müqayisə edirəm. Çünki istədiyim bir şeyə nail olmalıyam. O da zaman tələb edir. Təbii ki, həmin an olmur. Bir psixoloq kimi uyğunlaşma prosesim çox çətin olmadı, özüm-özümə kömək edə bildim.

- Pasientləriniz əsasən kimlər olur?
- İlk olaraq onu deyim ki, mən hər zaman narahatlığı çox olan pasientlərlə işləməyə çalışıram. Mənə elə gəlir ki, pasientin problemi nə qədər dərindirsə, nə qədər çox əziyyət çəkirəmsə, ürək qoyuramsa, ondan həzz alıram.
Məsələyə digər tərəfdən yanaşsaq, ailə, yeniyetmə və gənclərlə işləyirəm. Mənim köməyimə ehtiyacı olan uşaq görəndə də təbii ki dəstəyimi əsirgəmirəm. Özümə və sənətimə və ən əsası uşağa qıymaram. Əlimdən gələni edərəm. Amma daha çox böyüklərlə işləməyə meyilliyəm. Belə ki, daha böyük problemləri həll etmək, aşırmaq daha çox cəlb edib.

- Dediniz ki, əsasən ağır probemli pasientlərlə işləyirsiniz. İnsanlar ağır problemlərini danışdıqda sizə mənfi enerjini ötürmüş olmurlar?
- Mənfi enerjinin ötürülməməsi mümkünsüz şeydir. Təsəvvür edin ki, bir saatlıq ağır və dərin konsultasiyadan söhbət gedirsə, təbii ki, yüklənirsən, yorulursan. Amma hər psixoloqun bu məsələdə özünün sirrləri var, bu da mənim sirrimdir. Yəni, bu mənim üçün problem deyil, bunu atlada bilirəm (Gülür).

- Qardaş ölkə olsa da, başqa bir ölkəyə gəlin getmisiniz. Bir az da bundan danışaq...
- Düşünürəm ki, sevməsəydim Bakıdan uzaqda qala bilməzdim. Amma sevirəm axı.. Eyni zamanda da sevilirəm... Sevdiyim insan orada qəribçilik çəkməyimə izin vermir. Daima gülən danışan insanam. Bəzən Bakı eşqim tutur, dostlarım yaxınlarım yadıma düşür. İstəyirəm ki, onlarla İçərişəhərdə oturub bir çay içim. Həyat yoldaşım bunu hiss edir. Və o an həmin hissi məndən elə uzaqlaşdırır ki, heç özüm də hiss etmirəm. Bir də görürəm ki, qəribçilik hissi məndən gedib.

- Yoldaşınız da psixoloqdur, bunun da rolu var yəqin...
- Əlbəttə, rolu var. O elə şeyləri üzümə vurmur. Amma mən də tez-tez gedib ona demirəm ki, Bakı üçün darıxdım, ora getmək istəyirəm. Onsuz da o Bakını istədiyimi bilir. Bunu hər dəqiqə vurğulamağıma ehtiyac yoxdur.

- İki psixoloqun evli olmağının üstün tərəfi nədir?
- Ən üstün cəhəti odur ki, onlar söhbət etməyi bacarırlar. Mən bəzən görürəm ki, cütlüklər aylarla söhbət etməyə bilirlər. Bu məni həmişə çox düşündürür. Ona görə çalışıram ki, mənə gələn pasientlər çoxlu söhbət etsinlər, danışsınlar. İnsan pulsuzluqdan, az yeməkdən və az geyinməkdən, az gəzməkdən məhv olmur. İnsanı öldürən, məhv edən yeganə bir şey var, o da ünsiyyətsizlik, bölüşməmək. Biz bölüşə, yaxud nəsə ailədaxili problem yaşayanda, vaxt ayırıb bir çay içərək onu həll edə, gözlərimizə baxaraq danışa və problemi kökündən həll edə bilirik. Bu Allahın bir nemətidir. İki psixoloqun bir arada olması bax budur. Ünsiyyətdən əlavə hörmət də burada böyük rol oynayır. O mənim işimə hörmət edir, mən də onunkuna. Söz-söhbətimiz düşəndə arada olan o pərdəni götürmədən, körpüləri yandırmadan həll etmək çox gözəldir. Məsələn, mən ona söhbət etmək istədiyimi desəm, o, bunun üçün işini gecikdirə bilər. Bununla da işi həll edirik.

- Həyat yoldaşınızla ayrı-ayrı yerlərdə çalışırsınız?
- Bəli, mən Rusiya səfirliyinin nəzdində olan Rus Kültür Mərkəzinin psixoloqu olaraq çalışıram. Eyni zamanda Ahmed bəy lisey rəhbəridir. Oranın işini bərabər şəkildə yürüdürük. Oranın bütün psixoloji işləri mənim üstümdədir.

- Bura qısa müddətlik gəlmisiniz, amma dediniz ki pasient də qəbul edirsiniz…
- Pasiyentlərimi yarı yolda qoya bilmədim. Mənə deyirlər ki, bəs sən bura istirahətə gəlmişdin nə oldu, seans edirsən? Elə başa düşürəm ki, onların buna ehtiyacı var. Ehtiyacları olmasa məni arayıb, axtarmazlar. Ölkədə o qədər psixoloq var ki, müraciət edə bilərlər. Pasientlərim aylardır məni gözləyirlər, onlara qarşılıq verməyə borcluyam. Yəni, elə bilirəm ki, onları qəbul etməsəm, “burdayam, amma istirahət edirəm, məni üzürlü hesab edin desəm” xəyanət etmiş olaram.

Könül Əhmədova

 


Xəbər xətti