Ana səhifə
19 Noyabr 2018

Hüquqi dövlət quruculuğunda sosial sahəyə önəm verilir

Sanatoriya-kurort müalicəsi üzrə xərclərin istifadə olunmayan hissəsi DSMF-nin xəzinə hesabına qaytarılacaq və növbəti ilin büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək

Bu gün ölkə başçısı cənab İlham Əliyevin milli dövlətçilik strategiyasına uyğun olaraq respublikamızda bütün sahələrdə hərtərəfli islahatlar aparılır, ölkəmiz qlobal və regional səviyyələrdə mühüm tarixi nailiyyətlərə imza atır, davamlı demokratik-hüquqi, dünyəvi inkişafın nəticəsi olaraq beynəlxalq strukturlara inteqrasiya olunur. Ölkədə insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki, hüquqi şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Müxtəlif sahələrdə olduğu kimi əhalinin social təminatı istiqamətində ardıcıl tədbirlər görülür, onların social hüquqları təmin edilir. Bu istiqamətdə atılan tədbirlərdən biri Nazirlər Kabineti tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”sində dəyişiklik etməsidir. Bu barədə qərarı Baş nazir  Novruz Məmmədov imzalayıb. Əsasnaməyə görə, sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) ayrılması yolu ilə həyata keçirilir. Bu vəsaitlərin ilin sonuna AHİK tərəfindən istifadə olunmayan hissəsi ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına qaytarılacaq və növbəti ilin büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, əsasnamədə sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin ödənilməsi tənzimlənir. Bildirilir ki, sığortaolunanların sanatoriya-kurort müəssisələrində müalicə olunmaq üçün aldıqları yollayışların dəyəri məcburi dövlət sosial sığortası vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına aşağıdakı vətəndaşlara sanatoriya-kurort yollayışlarının dəyəri tam və ya qismən ödənilir: «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq məcburi dövlət sosial sığortasına cəlb olunan bütün sığortaolunanlara, məcburi dövlət sosial sığortası üzrə pensiya alan pensiyaçılara.

Yuxarıda qeyd edildiyi kimi sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılması yolu ilə həyata keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sanatoriya-kurort müalicəsi üçün ayrılan vəsait sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına, sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrinə istirahətinin təşkili, sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanması, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılması, həmkarlar ittifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılması kimi məqsədlərə sərf olunur.

Qeyd edək ki, sanatoriya-kurort müalicəsi üçün ayrılan vəsaitlərin məqsədyönlü xərclənməsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığortaolunanların sanatoriya-kurort müalicəsinə tələb olunan xərclər smetasını hər il təsdiq edirlər. İl ərzində xərclər smetasında dəqiqləşdirmə aparıla bilər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sanatoriya-kurort müalicəsi üzrə daxil olan vəsaitin və xərclərin uçotunu aparır ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna hər rüb artan yekunla müəyyən olunmuş formada hesabat təqdim edir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə yollayışların verilməsi normativlərini, onların qismən dəyərinin ödənilməsi faizlərini, bu iş üzrə digər təlimat və normativ sənədləri öz səlahiyyətləri daxilində birlikdə təsdiq edirlər. Bu vəsaitin düzgün və məqsədyönlü xərclənməsi ildə bir dəfədən az olmayaraq yoxlanılır ki, bu vəzifə də  Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Azərbaycan Həmkarlar İttifaqları komitələri isə  tələb olunan sənədləri, hesabatları, məlumatları Dövlət Sosial Müdafiə Fondunun yoxlama aparan vəzifəli və müvəkkil edilmiş şəxslərinə maneəsiz olaraq təqdim etməlidirlər.

Qeyd edək ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında”  Əsasnamə «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Əsasnamədə bildirilir ki, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu hissədə bildirilir ki, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları var.Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilir.
Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. Əgər ə əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği sığortaedənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Tarix
6 Sentyabr 2018 [18:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin