Ana səhifə
23 Sentyabr 2018

“Məşğulluq haqqında” qanun dövlət məşğulluq siyasətinin təkmilləşməsinə xidmət edir

Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkənin dinamik tərəqqisi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb. Bu siyasətin həyata keçirilməsində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm rol oynayır. Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. O əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə edilmiş yeni düzəlişlərin və “İşsizlikdən sığorta haqqında” yeni qanunun 2018-ci il yanvar ayından qüvvəyə minməsi işsizlik müavinətinin artıq istisna edilməsinə və yeni qanunun qəbuluna zərurət yaratmışdı.  Bununla əlaqədar Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərman imzalayıb. İlk dəfə 2 iyun 2001-ci il tarixində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Ötən dövrdə həyata keçirilən sosial-iqtisadi inkişaf prosesləri, aparılan köklü islahatlar, aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsi, özünüməşğulluq proqramının icrası, məşğulluq xidmətlərində, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində yeni yanaşma və mütərəqqi iş mexanizmlərin tətbiqi, işsizlikdən sığorta sisteminin qurulması və s. məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və bu sahədə yeni qanunun qəbul olunmasına əsas yaradıb.

 “Məşğulluq haqqında” yeni qanun 6 fəsildən və 37 maddədən ibarətdir. Qanunun “Əsas anlayışlar” maddəsində əvvəlki qanundan fərqli olaraq anlayışların sayı yeni anlayışların (fərdi məşğulluq proqramı, qeyri-formal məşğulluq, məşğul şəxslərin reyestri, peşə standartları, sosial müəssisə, sosial iş yeri və s.) daxil edilməsi ilə artırılaraq 24-ə çatdırılıb.

Əvvəlki qanunda muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil edilmişdisə, yeni qanunda bu aradan qaldırılıb. Muzdla işləyənlərə yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib. Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Eləcə də, yenilik olaraq, ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər hesab olunub. Həmçinin “işsiz” və “işaxtaran” şəxslər anlayışları da dəqiqləşdirilib, yəni işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilib. İşaxtaran isə münasib iş üçün məşğulluq mərkəzlərinə müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs kimi qeyd olunub. Yeni qanuna əsasən səlahiyyətli qurum tərəfindən vakansiya bankı qurulacaq ki, işəgötürənlərin iş yerində yeni yaradılmış vakansiyaları həmin banka daxil etmə məcburiyyəti mövcuddur.

Qanunun yeniliklərindən biri də məşğulluq xidmətlərinin əsasən elektron müstəvidə təşkilini irəli sürməsidir. Məsələn, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını (dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə edilməklə), həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını nəzərdə tutur. Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçirilir.
İş üçün müraciət edən şəxsə münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə azaldılmaqla, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması və ya müvəqqəti qeydiyyatdan çıxarılması, qeydiyyatının ləğvi və s. prosedurlar qanunda dəqiq şəkildə müəyyən edilib. Sənədə əsasən, ölkədə işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən, yeni qanun belə fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestrinin də elektron formada aparılmasını nəzərdə tutur.

Dövlətin işaxtaranlar və işsiz şəxslər üçün təminatları sırasında özünüməşğulluğa köməklik göstərilməsi də qeyd edilir. Sənəddə özünüməşğulluq tədbirlərinin mərhələləri və müddətləri, monitorinq, əmlakların qaytarılması və s. prosedurlar əhatə olunur. Eyni zamanda, qeyd olunur ki, kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslərin də 1 il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilə bilər. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verildiyi bildirilir. Bunlar qanunun 24-cü maddəsi ilə tənzimlənir.

Məşğulluq haqqında” qanun layihəsinin 31-ci (“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı) maddəsinə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır. “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir. “Məşqulluq haqqında” qanunun 32-ci maddəsi isə qeyri-formal məşğulluq sahəsində maarifləndirmə işini tənzimləyir.

Yeni qanuna “Fərdi məşğulluq proqramı” maddəsi də daxil edilib. Maddə işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə məşğulluq mərkəzi tərəfindən fərdi məşğulluq proqramının tərtib olunmasını nəzərdə tutur. Qanunda həmçinin məşğulluq sahəsində dövlətin vəzifələri, məşğulluq sahəsində şəxslərin hüquqları, əmək hüququnun həyata keçirilməsində dövlət təminatları, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar, respublika və ərazi məşğulluq proqramlarının hazırlanması, işaxtaran və işsiz şəxslərin peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin təşkili və s. məsələlər də tənzimlənir.

Qeyd edək ki, Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Tarix
3 Sentyabr 2018 [18:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin