Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri ilə görüşüb

16:27 - 30 Avqust 2018 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

XİN-dən verilən məlumata görə, nazirlər görüş zamanı iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin, bütün bölgə üçün tərəqqinin vacib amili olduğunu məmnuniyyətlə qeyd ediblər. Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.
Nazirlər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər. Bu mənada, qarşılıqlı ali səviyyəli səfərlərin ənənəvi hal aldığı yada salınıb, hazırkı Gürcüstan baş naziri M.Baxtadzenin Bakıya səfəri həmin çərçivədə vacib hadisə kimi səciyyələndirilib.
Azərbaycan ilə Gürcüstan arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini bildirən nazirlər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının, habelə çoxtərəfli formatlar çərçivəsində birgə səylərin praktiki vacibliyini qeyd ediblər.
​Cənubi Qafqaz bölgəsində mövcud olan həlli ləngimiş münaqişələr kontekstində nazirlər beynəlxalq hüququn təməlini təşkil edən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının rəhbər tutulmasının ümdə zəruriliyini vurğulayıblar. Bu baxımdan, münaqişələrin BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri, habelə digər beyəlxalq təşkilatların müvafiq qərarları əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğu bir daha bəyan edilib.

Xəbər xətti