Ana səhifə
12 Dekabr 2018

Azərbaycan vətəndaşları əmək pensiyası təminatı hüququna malikdirlər

“Əmək pensiyaları haqqında” qanun vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir

Həyat standartlarının yüksəlməsi fonunda əhali sayının və orta yaş həddinin davamlı artımı, dövlət iqtisadiyyatının əhatə dairəsinin azalması kimi səbəblərdən sosial müdafiə sisteminin maliyyə dayanıqlığı davamlı olaraq risklərlə üzləşir. Bu səbəbdəndir ki, inkişaf etmiş dünya ölkələri pensiya təminatı sisteminin maliyyə mənbələrinin diversifikasiyasına və sosial sığorta yığımları üzrə müxtəlif təşviqedici proqramların tətbiq edilməsinə çalışırlar. Bu istiqamətdə pensiya sistemində dəyişiklik 2017-ci ildə həyata keçirildi. Pensiya islahatı konsepsiyasında da nəzərdə tutulduğu kimi, pensiya təminatı sisteminin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə büdcə asılılığının azaldılması, sığorta yığımı ilə pensiya ödənişi arasında mütənasibliyin təmin edilməsi (optimallığın artırılması) və dayanıqlılığın artırılması qanuna dəyişiklərin əsas mahiyyətini təşkil etdi. Nəticədə 2017-ci ilin ikinci yarısından etibarən Azərbaycanda əmək pensiyaları üzrə 3 pilləli sistemdən 2 pilləli sistemə keçid baş verdi.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, “Əmək pensiyaları haqqında” qanun 47 maddədən ibarətdir, bu 47 maddənin 22 maddəsinə 98 adda dəyişiklik edilib. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. Bu qanunun 7-ci maddəsi ilə tənzimlənir.

 “Əmək pensiyaları haqqında” qanun 8-ci maddəsinə də dəyişiklik edilib. Bu maddə ilə çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası tənzimlənir. Maddənin1-ci bəndində qeyd olub ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Maddənun bu və digər bəndlərində “azı 10 il sığorta stajı olan”   çıxarılıb. 2-ci və 3-cü bəndlərdə bəndə isə bildirilir ki, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş  anaların və ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin  Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri isə 12-ci maddə ilə tənzimlənir. Bu maddəyə görə, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. 

Qanunun 13-cü maddəsində edilən dəyişiklikdən məlum olur ki, I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir Məsələn, 13.3-1-də bildirilir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci (Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.) və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.

“Əmək pensiyaları haqqında" qanunun 17-ci maddəsində də dəyişiklik olub. Maddə ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtlərini tənzimləyir. Bildirilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddənin 2-ci bəndində edilən dəyişiklikdə qüyd olunub ki, hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur.
Dəyişikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.

Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib. Beləliklə, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Dəyişikliklər edilmişqanun iyulun 1-dən qüvvəyə minib. Dəyişikliklər o vaxtadək pensiyaya çıxanlara şamil edilməyəcək.

Tarix
30 Avqust 2018 [18:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin