Ana səhifə
12 Dekabr 2018

“Əmək qanunvericiliyinin pozulması daha çox özəl sektorda baş verir”

Fazil Talıbov: “Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq”

“Qeyri-rəsmi məşğullun qarşısının alınması sahəsində ciddi addımlar atılır və bu məsələ birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindədir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlət başçısı bildirib ki, “Qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, həmçinin nazirlik də. Və biz buna son qoymalıyıq”- bu sözləri “Üç nöqtə”yə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov bildirdi.   

- Bu gün Azərbaycanda əməyin mühafizəsi sahəsində milli qanunvericiliyi necə xarakterizə edərdiniz?
- Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyamızın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair konvensiyalarının) əsas prinsipləri ölkəmizin Əmək Məcəlləsində də öz əksini tapıb.
Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən edilməsinə həsr olunub. Əməyin mühafizəsi sahəsində Azərbaycanda dolğun qanunvericilik bazası formalaşdırılıb və 1997-ci ildə vətəndaşların əmək hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb.
İş yerlərində əməyin mühafizəsinin təmin olunmamasına, işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə qanunvericilik aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Çünki belə hallar nəticə etibarilə istehsalatda bədbəxt hadisələrin baş verməsinə, işçilərin həyat və sağlamlığının təhlükə altında qalmasına səbəb olur. Ona görə də hər bir işəgötürən əməyin mühafizəsinin təşkilinə, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə məsuliyyətlə yanaşmalıdır.

- Əmək qanunvericiliyinin pozulması halları əsasən hansı məsələləri əhatə edir və iqtisadiyyatın hansı sahələrində özünü göstərir?
- Bəzən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi, əməyin ödənilməsi məsələlərində hüquqpozmalar, məzuniyyət və istirahət hüququnun təmin edilməməsi, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırma aparılmaması, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin yaradılmaması, iş yerlərinin attestasiya olunmaması, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməməsi və s. kimi hallara yol verilir. Əmək qanunvericiliyinin pozulması daha çox özəl sektorda baş verir. Tikinti sektorunda, emal sənayesində, ticarət sahəsində və nəqliyyat sektorunda bu cür hallara daha çox rast gəlinir.

- Əməyin mühafizəsi istiqamətində hansı işlər görülür?
- Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi, xüsusən də əməyin mühafizəsi ilə bağlı ardıcıl şəkildə müxtəlif formalarda təbliğat-maarifləndirmə işləri də aparılır. Müvafiq Tədbirlər Planı əsasında bölgələrdə işəgötürənlərin iştirakı ilə seminar-müşavirələr təşkil olunur.  Bu görüşlər zamanı iş yerlərində baş verə biləcək istehsalat qəzaların qarşısının alınması üçün önləyici tədbirlər, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün görülməli olan zəruri işlər barədə işəgötürənlərə ətraflı məlumatlar verilir, bu sahədə onlara müvafiq metodiki köməkliklər göstərilir.
Mütəmadi olaraq müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə müraciətlər olunaraq işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaları, əməyin təhlükəsizliyi qaydalarına daim riayət edilməsi onlara tövsiyə edilir.

Bununla bərabər, hər il ölkəmizdə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir ki, bu günlə əlaqədar olaraq da işəgötürənlərin iştirakı ilə müxtəlif formalarda tədbirlər təşkil olunur. Bu tədbirlərdə əməyin mühafizəsi norma, qayda və prinsipləri, əməyin təhlükəsizliyinin hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərinə dair izahatlar, istehsalat qəzalarının qarşısının alınması üçün hansı profilaktik tədbirlərin görülməsi barədə məlumatlar  işəgötürənlərin diqqətinə çatdırılır.

- Qeyri-rəsmi məşğulluğa qarşı necə mübarizə aparılır? Nə kimi nəticələr var?
- Qeyri-rəsmi məşğullun qarşısının alınması sahəsində ciddi addımlar atılır və bu məsələ birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindədir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlət başçısı bildirib ki, “Qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, həmçinin nazirlik də. Və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik.”

“Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  müvafiq əmri ilə təsdiq edilmiş “İş planı”nın 2.2-ci bəndinin icra edilməsi məqsədi ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrində hüquqi yardım mərkəzləri yaradılıb və yardım mərkəzlərinin 2018-ci il üçün fəaliyyət planı təsdiq edilib. Fəaliyyət planına əsasən mütəmadi olaraq işəgötürənlər üçün seminarlar və onlarla görüşlər təşkil olunur. “İqtisadiyyatın tikinti və pərakəndə ticarət sahələrində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusuna həsr olunmuş seminarlarda qeyri-rəsmi məşğulluğun mənfi nəticələri, işçilərlə əmək müqavilələri bağlanılmasının həm işəgötürən, həm də işçilər üçün faydaları barədə işəgötürənlərə ətraflı məlumatlar verilir. Eyni zamanda görüşlərdə əmək müqaviləsinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi bildirilir.

Bakı şəhərinin rayonlarında və regionlarda keçirilən bu tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində müvafiq mövzuda məlumatlandırma işləri aparılır.

- Ümumiyyətlə, qeyri-rəsmi məşğul insanları müqavilə bağlamadan işə götürənlər üçün hansı cərimələr tətbiq oluna bilər? Siz bu sahədə hansı işləri görürsünüz?
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Vətəndaşlardan daxil olmuş şikayətlər araşdırılarkən belə hallar aşkar olunduqda qanunvericiliyin tələblərinə müvafiq qaydada tədbirlər görülür.

- Qeyri-rəsmi məşğulluğun ölkə iqtisadiyyatına nə kimi ziyanları var?
- Əmək münasibətlərinin rəsmiləşdirilməməsi ciddi iqtisadi və sosial problemdir. Qeyri-rəsmi məşğulluq qanunvericiliyə zidd olmaqla, əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin sosial sığorta sistemində iştirak, pensiya təminatı, əmək qabiliyyətinin itirilməsinə görə müavinət, sığorta ödənişləri almaq və məzuniyyət hüququna malik olmasına ciddi maneə yaradır. Ölkədə əmək resursları, əmək bazarı barəsində aydın məlumatlar əldə etməyə imkan vermir və nəticədə iqtisadi proqnozların hazırlanıb həyata keçirilməsi, əmək resurslarından səmərəli istifadə edilməsi qarşısında böyük çətinliklər yaradır. Eyni zamanda qeyri-rəsmi məşğulluq əməyin mühafizəsinin təmin edilməməsinə, əmək məhsuldarlığının aşağı düşməsinə, keyfiyyətsiz məhsul və xidmətlərin bazara çıxmasına səbəb olur. Bu səbəbdən işəgötürənlər bu məsələyə daim məsuliyyətlə yanaşmalı və hər bir işçi ilə əmək münasibətlərini tam rəsmiləşdirməlidirlər.

- İstehsalatla əlaqəli bədbəxt hadisələrin statistikasından bəhs edərdiniz. Bu cür hadisələr daha çox hansı sahələrdə baş verir?
- Ötən il 151 istehsalatla əlaqəli bədbəxt hadisə qeydə alınmışdır ki, onlardan, 67-i dövlət, 84-ü isə qeyri dövlət müəssisələrində baş verib. Həmin hadisələrin 11-i qrup halında olub. Bu hadisələr nəticəsində 182 nəfər zərər çəkib, o cümlədən 61 nəfər dünyasını dəyişib və 121 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd edək ki, hadisələrdən 36-sı tikinti sektorunda, 21-i  mədənçıxarma sənayesində,  26-sı emal sənayesində, qalanları isə iqtisadiyyatın digər sahələrdə baş vermişdir.
Aparılan təhlillər göstərmişdir ki, istehsalat sahələrində bədbəxt hadisələrin baş verməsinə səbəb əsasən hündürlükdən yıxılma, işlərin texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə müvafiq qaydada aparılmaması və həmin  norma və qaydalara riayət olunmaması, fəhlələrə fərdi mühafizə vasitələrinin verilməməsi və ya verilmiş həmin vasitələrdən istifadə olunmasına nəzarətin zəif olması, iş yerlərində əmək və icra intizamının zəif olması, gündəlik iş və istirahət rejiminə əməl olunmaması, istismar müddəti başa çatmış və ya nasaz halda olan maşın və mexanizmlərdən, avadanlıqlardan, alətlərdən istifadə olunması, potensial yıxılma-düşmə təhlükəsi olan yerlərin kənarlarının çəpərlənməməsi, müxtəlif təyinatlı  şaxtaların üstünün bağlanmaması, iş yerlərinin normalara uyğun işıqlandırılmaması və s. olmuşdur.

- Ölkəmizdə işçilərin icbari sığortası sahəsində vəziyyət necədir?
- İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə sığorta ödənişlərinin verilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanununun tələblərinə müvafiq qaydada həyata keçirilir. Bu gün əksər müəssisələr öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmişlər.

- Xidmət tərəfindən dövlət nəzarəti tədbirləri ilə yanaşı işəgötürənlər arasında maarifləndirmə tədbirləri də aparılırmı?
- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılmışdır. Qeyd olunan Qanunun tələblərinə uyğun olaraq Xidmət tərəfindən 2015-ci ilin oktyabr ayından etibarən sahibkarlıq subyektlərində yoxlama həyata keçirilmir.
Bununla belə, əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlər arasında sistemli şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Cari ildə də “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”, “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları”, “Kollektiv müqavilə və sazişlərin bağlanması”, “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” və “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüqüq normaları” və s. mövzularda seminarlar keçirilib və il ərzində də bu tədbirlərin keçirilməsi davam etdiriləcək. 


Könül Oruc

Tarix
29 Avqust 2018 [18:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin