İnsan alverinin qarşısının alınması üçün qanunvericilik imkanları

18:16 - 21 Avqust 2018 - KİVDF

Azərbaycan insan alveri ilə bağlı cinayətlərə qarşı beynəlxalq müqavilələrə də qoşulub

İnsan alveri ilə bağlı cinayət əməlləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, əxlaqına yad olsa da, qloballaşma proseslərinin mənfi nəticələrindən biri kimi özünü göstərməkdədir. Törədilmə məkanına görə insan alveri cinayəti bir neçə dövlətin ərazisini əhatə edir və müasir cəmiyyət üçün daha çox ictimai təhükəli əməl hesab edilir. 2005-ci il iyunun 28-də insan alverinin profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsaslarını tənzimləyən «İnsan alverinə qarşı mübarizə haqqında» qanun qəbul edilib. Həmin Qanunun 1-ci maddəsində insan alveri, insanların istismarı və onun formalarının hüquqi mənası öz əksini tapıb. Bu qanunun tələblərinə görə insan alveri dedikdə İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi  nəzərdə tutulur.

Azərbaycanda son illər insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər gücləndirilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və ona tabe qurumlar tərəfindən insan alverinə qarşı mübarizə sahəsində addımlar atılır. Şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi, bu növ cinayətlərin aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrin aradan qaldırılması sahəsində bir sıra işlər görülüb. Bu sahədə əməli tədbirlər görülməsi üçün müvafiq qanunvericilik bazası yaradılıb. Azərbaycan Prezidentinin 6 may 2004-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli  Fəaliyyət Planı»  təsdiq edilib. Milli Fəaliyyət Planı 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının Qanununu ilə BMT-in «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasının və onu tamamlayan «İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qadırılması və cəzalandırılması haqqında» Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən «İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında» Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq hazırlanıb. Milli Fəaliyyət Planı  insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən və səmərəli surətdə əlaqələndirilə bilən sistemin yaradılmasına yönəlib. Milli Fəaliyyət Planına əsasən Daxili İşlər Nazirliyində Milli koordinator təyin edilib və həmin nazirliyin strukturunda hazırda müstəqil olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsi təsis edilib. Milli Fəaliyyət Planı üzrə tədbirlərə müvafiq olaraq insan alveri ilə bağlı cinayətlərə qarşı mübarizəyə dair Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr nəzərə alınmaqla bu sahədə milli qanunvericilik bazasının yaradılması və təkmilləşdrilməsi ilə əlaqədar  mühüm addımlar atılıb.

Azərbaycan insan alveri ilə bağlı cinayətlərə qarşı mübarizə sahəsində bütün beynəlxalq müqavilələrə də qoşulub. Ölkəmiz “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında”,  “Köləlik haqqında”, “Köləliyin, qul ticarətinin və köləliyə oxşar institutların və  adətlərin ləğv olunması haqqında”  «Uşaq hüquqları haqqında konvensiya»nın Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair 25 may 2000-ci il tarixli Fakultativ Protokolu»nu, “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiya və onun insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında və miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı 12 dekabr 2000-ci il tarixli Protokolları»nı ratfikasiya edib. Onlar da milli qanunvericilik sistemimizin tərkib hissəsi hesab edilir.

Bunlardan əlavə ölkəmiz «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» 25 noyabr 2005-ci il tarixli Sazişə də qoşulub.

“Qanunvericilik insan alverinə qarşı mübarizə və qurbanların müdafiəsinə imkan verir”

Məsələyə münasibət bildirən «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın qənaətinə görə, Azərbaycanda qüvvədə olan qanunvericilik insan alverinə qarşı mübarizə aparılmasına imkan verir: “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Bundan sonra Nazirlər Kabinetinin də müvafiq qərarları olub. Həmin dövrdən sonra isə mütəmadi olaraq qanunvericilikdə təkmilləşdirmələr aparılıb. Bu düzəlişlər isə qurbanların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli idi. Hazırda Bynəlxalq Miqrasiya Təşkilatı və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də addımlar atılır. Düşünürəm ki, qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində yaxın zamanlarda da addımlar atılacaq. Amma indiki halda da qüvvədə olan qanunvericilik insan alverinə qarşı mübarizə və qurbanların müdafiəsinə imkan verir. Amma bu müdafiə mexanizminin işə salınması üçün bəzi hallarda tərəflərin iradəsi lazımdır. Əvvəllər adi hüquqşünaslar da insan alveri qurbanlarını müdafiə edə bilərdisə, hazırda bu imkan yoxdur. Yalnız vəkillər kollegiyasınıln üzvüləri onları müdafiə edir”.

Ekspert vurğulayır ki, yeganə boşluqlardan biri insan alveri qurbanlarının ünvanlı sosial yardım alması ilə bağlıdır: “Bu zaman adi vətəndaşlara tətbiq olunan qayda eyni şərtlərlə onlara da tətbiq olunur. Bu da bəzi hallarda problemlər yaradır. Şəxs öz qeydiyyatda olduğu rayona qayıda bilmir. Burada müəyyən problem yaradan məqamlar da var. Amma hökumət tərəfindən insan alveri qurbanı kimi tanınan şəxslərə ilkin olaraq müavinət verilir. Bu da onların  müəyyən müddət ayaqda qalmasına kömək edir. Əlavə olaraq insan alveri qurbanlarına kömək fondu tərəfindən də bəzi xərclər ödənilir. Bu ola bilər ki istintaqa gəlmək üçün yol xərcləri, kirayə və digər bu kimi zəruri xərclər ola bilər. İstintaq orqanı tərəfindən qurban kimi tanındığı andan bu yardımları ala bilərlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə ünvanlı sosial yardım almaq üçün müraciət edilməsi ilə bağlı sistem elektronlaşdırılıb: “Yəni ünvanlı sosial yardım almaqla bağlı istənilən internet olan yerdən müraciət etmək olar. Vətəndaş indi yalnız ailənin adından müraciət etmək üçün notariusdan vəkalətnamə alır və istənilən internet olan yerdən sistemə daxil olaraq özü haqqında müvafiq məlumatları doldurur. Bu səbəbdən vətəndaşlar üçün hər hansı problem qaldığını düşünmürük”.

Qloballaşan dünyada elə bir ölkə və ya region yoxdur ki, orada insan alveri cinayətlərinin baş vermədiyini əminliklə demək mümkün olsun. İnsan alveri problemi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hər bir dövlətin məsuliyyəti, qanunun aliliyi, insan hüquqlarının ciddi müdafiəsi, etibarlı tərəfdaşlıq münasibətləri olmadan öz həllini tapa bilməz. Bu mənada insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsi, məcburi əməyin bütün formalarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilməlidir.

 

Xəbər xətti