Qohumluq münasibətləri getdikcə yadlaşır

20:51 - 21 Avqust 2018 - Cəmiyyət

Lalə Mehralı: “Əvvəlki isti münasibətlər, o xoş gediş-gəliş qalmayıb”
Könül Telmanqızı: “Uzun müddətdir ki, qohumların bir-birindən uzaqlaşması problemi yaşanır”


İnsanlar arasında qohumluq münasibətləri getdikcə sanki soyuyur. Keçmişdə, nənə-babalarımızın dövründə insanlar arasında isti münasibətlər, gediş-gəliş var idi. Bütün qohumlar tez-tez bir yerə yığışar, söhbətləşər, əylənərdilər. Lakin çox təəssüf ki, indi elə deyil. Bu adət az sayda bir neçə kənd yerlərində qalır. Ümumilikdə isə yox dərəcəsindədir. Sanki qohumlar arasında yadlaşma gedir. Maraqlıdır, görəsən buna səbəb nədir, insanlar niyə bir-birindən uzaqlaşır?
“Sağlam Cəmiyyət” İB-nin sədri, jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, uşaqlığı 90-cı illərin əvvəllərinə, hakimiyyətin qarışıq olduğu bir dövrə təsadüf edib: “Düzdür, o dövrdə sosial problemlər çox idi, amma insanlar bir-birinə isti münasibət göstərirdi. Heç kimdə mənim çörəyim, mənim qazanım, mənim evim, mənim süfrəm söhbətləri yox idi. Qohumluq əlaqələri dəhşətli dərəcədə isti idi. Qohumlar, dost-tanışlar hər axşam birinin evində yığılıb söhbət edirdi. Biz bir süfrə ətrafında böyüyürdük. Yas və xeyir işlərini çıxmaq şərtilə, xatırlamıram ki, nə vaxtsa bir qohumun evində nəsillikcə yığışıb söhbət etmişik, xoş vaxt keçirmişik. İndi insanlar ya kiminsə yaşı düşəndə, yaxud da evində toy məclisi olanda bir yerə yığışır”.
Digər bir məsələyə toxunan L.Mehralı deyir ki, texnologiyanın inkişafı bizə çox şeyi qazandırdı, bu danılmaz bir faktdır, amma bununla yanaşı insanlar arasında soyuq, virtual əlaqələrin inkişafını da gücləndirdi: “İndi ev telefonu deyilən anlayış sıradan çıxıb. Kimsə ev telefonuna zəng edib hansısa qohumla, dostla ünsiyyət saxlamır, kefini-əhvalını soruşmur. “Whatsapp” vasitəsilə səs atır, heç bəzən qarşılığını da gözləmir ki, görüm nə deyəcək. El arasında “Xətrin qalmasın” misalı var, buna görə arada bir-birini yoxlayırlar ki, sonra deməsinlər ki, məni itirib-axtarmır. Müşahidə edirəm ki, əvvəlki isti münasibətlər, o xoş gediş-gəliş qalmayıb”.
L.Mehralı uşaq olarkən çörək talonla verilirmiş. Deyir ki, çörək tapılmırdı, vağzalda hamı qatar qarşısına çıxıb, kiminsə çörək gətirib satacağını gözləyirdi ki, ailəsinə çörək alıb aparsın: “Pul əlində olurdu, amma çörək tapa bilmirdin. Elə dövr idi ki, analar öz qızıl boyunbağılarını, saatlarını bir kisə una dəyişirdilər. O dövrdə insanlar hətta min bir əziyyətlə aldığı aldığı bir kisə unu qardaş-bacısı ilə bölüşürdü. Lakin indi isə insanlar həyatını öz evinin içində yaşayır. Yaxud da bayıra gəzməyə çıxır, amma qardaş-bacısına təklif etmir ki, gəlin birlikdə gün keçirək, əylənək. İnsanlar sevincini, kədərini öz şəxsinə yönəlik, içində yaşayır. İnsanlar sanki ətrafını genişləndirmək istəmir. Bu vəziyyət məni çox narahat edir. O qədər isti, qaynar mühitdə böyümüşəm ki, uşaqlarımın soyuq mühitdə böyüməsini istəmirəm. Ona görə yay tətilinin ən azı iki ayını kənddə keçirirəm. Hazırda sizə müsahibəni kənddən verirəm”.
Uşaqları əyləncə mərkəzlərində, dənizkənarı parklarda gəzdirmək yox, öz nəslinin, ata-anasının böyüdüyü mühitdə, nənə-babanın yanında böyütməyin vacibliyini vurğulayan sosioloq qeyd etdi ki, heç olmasa yay tətillərində uşaqları qohum evlərinə, baba-nənə yanına aparmaq lazımdır: “Uşaqlara qohumluğun necə olduğunu, münasibətin necə isti saxlandığını öyrətmək lazımdır. Öz uşaqlığımızı əsas götürərək onları tərbiyə etməliyik. Çalışmalıyıq ki, gələcək nəsillərə o soyuqluq təsir etməsin. Valideynlər bunu düşünməli və övladlarını öz qohum-əqrəbası ilə sıx münasibətdə böyütməlidir ki, uşaq qohumluq əlaqələrinin xoşluğunu, istiliyini hiss edə bilsin. Çətin günündə bilsin ki, onun arxasında duracaq kimlərisə var. İndi çox ailələr bir uşaqla kifayətlənir. Maraqlıdır ki, gələcəkdə bir uşağın hansı qohumu, hansı nəsil-nəcabəti olacaq... Getdikcə, nəsillər, ailələr cırtdanlaşır”.

​Psixoloq Könül Telmanqızı isə bildirdi ki, uzun müddətdir ki, qohumların bir-birindən uzaqlaşması problemi yaşanır: “Bunu ilk öncə onunla əlaqələndirirəm ki, psixloji olaraq bir çox ailələlərdə məişət problemləri insanları yorduğu və onların başı öz problemlərinə qarışdığı üçün artıq ətrafdakı qohum-əqrəbadan soyumağa başlayır. Bizə müracitə edən insanlar deyir ki, öz problemlərimə o qədər köklənmişəm və öz beynimlə o qədər danışıram ki, başqa heç kimlə danışmaq istəmirəm. Yəni onların içində sırf psixoloji durumunda problem olan insanlar da var ki, onlar ancaq özlərinə qapanırlar. Bunu hər kəsə şamil etmək olmaz, bu bir qisim insanlara aiddir. Və beləcə bu problemlərlə uzaqlaşma prosesi başlayır”. Psixoloqun sözlərinə görə, son illərdə bir çox qohumlar öz münasibətlərini sosial şəbəkələrdə bildirdirirlər və bunu da öz aləmində qohumluq münasibətlərinin saxlanması kimi qeydə alırlar, amma əslində belə deyil: “Sosial şəbəkələr tam tərsinə olaraq insanların münasibətlərini bir-birindən uzaqlaşdırır. Deyək ki, əvvəllər qohumlara zəng edib hal-əhval tutulurdusa, indi bunu “whatsapp”, “instagram”, “facebook” vasitəsilə edirlər. İnsanların münasibətlərini keşmişdə nənə-babalarımızın dövründə olduğu kimi qohumun evinə getməklə, yaxud heç olmasa zənglə daha isti saxlaya bilərlər”. K.Telmanqızı onu da qeyd etdi ki, psixloji durumunda problemi olan insanlar nə qədər sıx münasibətdə olarlarsa, problemlərinə o qədər də dərinə vararaq köklənməyəcəklər. Bu tip insanlar qohum-əqrəba ilə gediş-gəliş yaratsa beynində cavab tapa bilmədiyi sualları o insanlarla söhbət əsnasında azalda bilər. Və beləliklə də bir çox şeylərə qalib gələ bilərlər”. Psixoloq deyir ki, amma ümumilikdə götürsək, insanlar bir-birilərini çox sevsələr, bir-birilərinin hərəkətlərini faciəyə döndərmədən həll etsələr, aralarında inciklik halları az olsa qohumlar arasındakı münasibətlər də sıx və isti olacaq: “Amma belə olmasa, qohumlar arasında “O filan şeyi dedi, bu filan şeyi dedi” kimi fikirlər səsələnəcəksə bu qohumluq münasibətində sözsüz ki, soyuqluq yaradacaq. Bizim mental dəyərlərimiz var, bu dəyərlərdən yola çıxaraq yalnız bayramlarda və hər hansı bir xoş gündə yox, ümumlikdə hər gün bir-birilərini xatırlasalar, daha da rahatlıq tapacaqlar, beyinlərini yükləməyəcəklər və beləcə daha gözəl münasibət baş tutacaq”.

Könül Oruc

Xəbər xətti