Növbəti bal yarmarkası fərqli keçiriləcək

16:37 - 20 Avqust 2018 - Xəbər

Azərbaycanda növbəti bal yarmarkası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə keçiriləcək "Azərbaycanda bu il keçirilməsi planlaşdırılan bal yarmarkasının formatı ötənilki yarmarka ilə müqayisədə fərqli olacaq". 

Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

"Builki yarmarka Qida Təhlükəsizliyi Agentliyi ilə birgə keçiriləcək. Qurum satışa çıxarılacaq baldan nümunələr götürərək analiz edəcək. Yarmarka məsələsi kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə də müzakirə edilib. Nazirlik də ötən ilə nisbətən bu il yarmarkanın fərqli olacağını bəyan edib. Məsələn, bu il arıçı balın satışına satıcılar da cəlb edə biləcək. Amma nizam-intizam çox ciddi olacaq. Yarmarkada arıçılar haqqında xüsusi məlumat bulletini olacaq. İnsanların yarmarkaya cəlb edilməsi üçün televiziya və digər variantlardan aktiv istifadə ediləcək. Ötən il aktivlik zəif olub. Bu günə qədər arıçılardan yığılan vəsaitin hara xərcləndiyini bilmirdik. Bu il həmin vəsaitə görə hesabat olacaq", - deyə o, qeyd edib. 

B.Həsrətovun sözlərinə görə, builki bal yarmarkasının keçiriləcəyi tarix dəqiqləşməsə də, satışlar oktyabrın 5-dən noyabrın 5-ə qədər baş tuta bilər.

"Yarmarkada 350 arıçının iştirak etməsi planlaşdırılır. Satışa çıxarılacaq balın həcmi arıçının malik olduğu arı ailəsinin sayından asılı olacaq. Məsələn, əgər arıçının 50 arı ailəsi varsa, o, 500 kq bal çıxara bilər", - deyə Assosiasiya sədri fikrini tamamlayıb. 

Xəbər xətti