“MDB Start-ap platformu” layihəsi başa çatdı

12:08 - 20 Avqust 2018 - Cəmiyyət

Azərbaycan, Belarus, Qazaxstan, Qırğızstan, Özbəkistan, Moldova, Rusiya və Tacikistandan gələn nümayəndələrin iştirakı ilə “MDB Start-ap platformu” layihəsinin icrası başa çatıb.

Tədbir MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Gənclər təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi tərəfindən 15-19 avqust tarixlərində Bakıda keçirilib. 

Layihənin keçirilməsində əsas məqsəd MDB məkanında gənc sahibkarların biznes əlaqələrinin genişləndirilməsi, gənclərin sahibkarlıq bacarıqlarının artırılması, uğurlu bizneslərin müzakirə edilməsi və bu istiqamətdə müxtəlif ölkələrdə olan mövcud təcrübələrin paylaşılmasıdır. Layihənin icrası zamanı qeyd edilən 8 iştirakçı ölkənin hər birindən 5 nümayəndə Bakıya gəlib və təcrübəsini əhatə edən mövzu ilə çıxış edib. 
Deleqasiyaların tərkibi belə müəyyən edilib:
1) Gənclərin sahibkarlığı üzrə işləyən qurumlardan 2 nümayəndə;
2) 3 gənc sahibkar;

Tədbir müddətində nümayəndələr gənc sahibkarların üzləşdiyi problemləri və onların həlli yollarını müzakirə edib, uğurlu start-ap nümunələri təqdim ediblər. Bundan başqa layihə müddətində “Get in the ring” müsabiqəsi keçirilib. Müsabiqə zamanı ümumi müzakirələr çərçivəsində hər biznes-layihənin müəllifi öz ideyasını təqdim edib. 
“MDB Start-up platformu” layihəsi çərçivəsində Barama İnnovasiya Mərkəzi, Gənclər Fondu, Kiçik və Orta Biznesin inkişafı agentliyinə infoturlar təşkil edilib. İştirakçılar Azərbaycanda həyata keçirilən start-up və kiçik biznes planları ilə tanış olmaq imkanı əldə edib. 


Xəbər xətti