Ana səhifə
19 Noyabr 2018

“Bu gün əlinə fotoaparat alan hər kəs fotoqrafiya ilə məşğul olmaq istəyir”

Orxan Ali: “Özüm şəkil çəkdirəndə heç cür rahat ola bilmirəm”

Özü şəkil çəkdirməyi sevməsə də, başqalarının şəklini çox böyük həvəs və zövqlə çəkdiyini deyir, xüsusilə də toyu olan cütlüklərin... O, əsasən toy fotoqrafiyası ilə məşğul olur. Özünün şəkil çəkdirməməyinin isə elə də önəmli bir səbəbi yoxdur, sadəcə uşaqlıqdan şəkil çəkdirməyi sevmədiyini bildirir. Müsahibimiz öz işinin peşəkarı, işindən heç vaxt yorulmayan, insanları öz işləri ilə razı salan fotoqraf Orxan Alidir.

- Fotoqraf olmağa cəhd edən bu gün çoxdur. Amma illər öncə bu heç də belə deyildi. Sizin bu sahəyə gəlişiniz hansı dövrə düşüb?
- İlk olaraq bu məsələyə toxunum ki, bu gün fotoqraf olmağa cəhd göstərənlər həddindən artıq çoxdur. Bu sahə Azərbaycanda məşhur olmağa başlayanda müəyyən fotoqraflar var idi ki, onların həyatı fotoqrafiya sayəsində dəyişdi. Yəni, kommersiya baxımından çox gəlirli sahədir. Amma təəssüf ki, bu gün əlinə fotoaparat alan hər kəs fotoqrafiya ilə məşğul olmaq istəyir. Bu, heç də yaxşı deyil, çünki bu sahə ilə məşğul olub, bura canını qoyan, sırf ixtisasca bir neçə diplomu olan insanlar təhsil müddəti ərzində əziyyət çəkib. Fikrimcə, qeyd etdiyim hal fotoqrafiyaya həvəslə, zövqlə başlayan və bu işi artıq ikinci təhsilə çevirib mənimsəyən insanların əməyinə qəsb olunmasıdır. Artıq insanlarda fotoqrafiya ilə bağlı zövqlər formalaşır. Onlar şəkil çəkdirdikləri fotoqrafın işinə qiymət verməyi bacarırlar, bəyənmədikləri halda növbəti dəfə ona müraciət etmirlər. İnsanlar daha peşəkar, daha yeniliksevən fotoqraflarla işləməyi üstün tuturlar. Bizim instaqram səhifəmizdə yenilikləri görə bilərsiniz. Az və gözoxşayan fotoları paylaşırıq.

Bu sahəyə gəlişim isə təxminən 2008-2009-cu illərə təsadüf edir. Mən Beynəlxalq Jurnalistika üzrə təhsil almışam. Jurnalistika fakültəsində foto-jurnalistika dərsləri də keçilir. O fənn keçilən zaman artıq fotoqrafiyada müəyyən məsələlər diqqətimi çəkməyə başladı və həmin vaxtdan jurnalistikanı ikinci plana keçirdim. Xeyli müddət videoçəkim qrupumla fəaliyyət göstərdik, daha sonra isə fotoqrafiyaya keçid etdim.

- İkinci ali təhsil səviyyəsində öyrənmək məsələsini vurğuladınız. Bəs necə öyrəndiniz?
- Fotoqrafiyanın özü 80 faiz işıqla bağlıdır. Fotoqrafiya sözünün mənası “işıqla yazıram” deməkdir. Bunu Azərbaycanda bilən bir nömrəli fotoqraf Rüfət Abbasdır. O yaşca da bizdən böyükdür, təcrübə cəhətdən də. İşığı ondan, çəkim texnikları ilə düzgün rəftar etməyi türk fotoqrafı Sərhan Serterdən öyrəndim. Bir çox xarici fotoqraflardan ödənişli onlayn dərslər aldıq. Azərbaycanda təşkil olunan ustad dərslərində iştirak etmişəm. Gələcək planlarımdan biri də peşəmi Rusiyada ali təhsil səviyyəsində öyrənməkdir. Düzdür, universitet deyil, dövlət tərəfindən təsdiq olunmuş xüsusi kurslardır. Orada təhsilimi davam etdirməyi planlaşdırıram. Ən sonda isə Oksford Universitetində fotoqrafiya ilə bağlı ixtisaslaşmış fakültə var, gələcək planda orda da təhsil almaq var.

- Fotoqraflara tələb çoxdur, amma seçim də çoxdur. Müştəri sizcə, kimi seçir?
- Özəl günlər ömürdə bir dəfə olur və insanlar həmin günü tarixə elə həkk etmək istəyirlər ki, orada ən gözəl xatirələr, anlar yerini tapsın. Buna görə də fotoqraflara tələbat çoxdur. Amma fotoqraf da çoxdur və seçimin çox olması əslində yaxşıdır. Lakin bir məsələ də var ki, hazırda sosial şəbəkələr vasitəsilə özünü reklam edən fotoqraflar daha çoxdur və həmin reklama aldanıb zərər çəkən insanlar da az deyil. Sosial şəbəkədə bir neçə yaxşı şəkildə işlənmiş gözəl foto seçib paylaşırlar və onların hesabına müştəri tuturlar. Amma nəzərə almaq lazımdır ki, toyda 3-4 yox, 400-500 şəkil çəkilir. Artıq o biri şəkillər arxa plana atılır. Hamısını demirəm, amma toyda çəkilən şəkillərin heç olmasa, 80-85 faizini yaxşı şəkildə təqdim etmək fotoqrafın uğurudur.

Müştərilər məncə, o kəsləri seçirlər ki, onların işinin bir neçə şəkildən ibarət olmadığını bilirlər. İşin keyfiyyəti artıq zamanla buna şərait yaradır ki, müştəri çoxalır, bu zaman artıq işi görən mütəxəssis müştəri arasında seçim etməli olur.  

Bu gün mən və tanıdığım bir çox fotoqrafın müştəri qazanmağına əsas səbəb tanışdan-tanışa, qohumdan-qohuma edilən təriflərdir. Bir növ portfolio kimi instaqram da rol oynayır. Artıq, beləliklə müəyyən bir mərhələdən sonra fotoqraf elə bir qiymət seçir ki, müştəri sizi yox, siz müştərini seçirsiniz. Amma təbii ki, bu müəyyən bir mərhələdən sonra baş verir

- İndi siz müştərini seçirsiniz, yoxsa müştəri sizi?
- Tam olaraq o fikri də səsləndirmək olmaz ki, mən heç kimin çəkilişinə getmirəm, müştəri seçirəm. Əslində, bu absurddur. O anlamda deyirəm ki, biz artıq öz işimizə bir qiymət qoyuruq və həmin qiymətlə razılaşan müştəriləri çəkirik. Birmənalı şəkildə bizim qiymətlərimizlə razılaşan insanlar öz tədbirlərində bizi fotoqraf kimi görürlər.

- Fotoqrafların qiyməti baha müəyyənləşdirdiklərini çox adam deyir. Qiyməti necə müəyyənləşdirirsiniz? Qiymət artımına nə vaxt gedilir?
- İnsanların çoxu ondan şikayət edirlər. Haqlı səbəbləri də var, lakin xəbərsiz olduqları məqamlar da az deyil. Fotoqrafiyada həddindən artıq bahalı aksessuarlar, fotokameralar var. Nəqliyyat vasitələrində kilometraj limiti olduğu kimi, fotokameralarda da şəkil limiti olur. Həmin şəkil limiti bitdikdə fotokamera yararsız hala gəlir. Ona görə də, professional fotokamera istifadə edən fotoqraflar düşünür ki, heç olmasa aldığım aparatın müqabilində də baha toya gedim. Amma əlbəttə ki, sənəti olmayıb, bahalı aparat alıb, toyu həddindən artıq yüksək məbləğdə çəkməsi düzgün deyil. Qiymət artımı müəyyən məsələlərə görə olur. Mənim əsas sahəm toy fotoqrafiyasıdır, ondan danışım. Toyda müəyyən paketlər mövcud olur. Oradakı paketlərdə insanlara müxtəlif qiymətlər və mərhələlər izah olunur. Həmin paketə uyğun da qiymət seçilir. Ən əsası da rəsmlərin professional montajor tərəfindən işlənməsidir. Hansı ki, pərdə arxasında olan ikinci işçilərdir. Biz müştərilərə paket təqdim edəndə, şəklin professional montajorlar tərəfindən işlədilməsini təklif edirik, sadəcə özümüz işləyəcəyimiz halda başqa bir paket təqdim edirik.

- İş maraqlıdır, amma söhbət toy fotolarından gedirsə, yəqin ki hamı fərqlilik istəyir. Hamıya fərqli iş təqdim edə bilirsiniz?
- Hamının fərqlilik istədiyini deməzdim. Bizim ən çox rastlaşdığımız hal xarici fotoqrafların səhifələrində olan şəkilləri gətirib “bunun kimi şəkil istəyirəm” deməsidir. Orda geyim, görünüş filan məsələsi var ki, fərqli olur. Digər məsələyə gəlincə isə, biz təhsili ona görə alırıq ki, hər kəsin üz cizgilərinə, seçdikləri məkana və s. uyğun şəkil çəkək. Ən böyük fərqlilik cütlüklərin pozitivliyindən yaranır. Hansı cütlük pozitiv olursa, onların fotoları hətta fotoqrafın gözləmədiyindən də gözəl olur.

- Sevgini fotoda göstərmək nə dərəcədə mümkündür?
- İndiki dövrdə daha çox məntiqi evliliklər olur. Xüsusilə xanımlar məntiqi evliliklərə üstünlük verirlər. Amma sevgi fotonun gözəl alınmasında böyük rol oynayır. Cütlük var ki, illərdir bir-birini tanıyırlar, amma onların gözoxşayan bir fotosunu çəkmək mümkün olmur. Amma cütlük də var ki, bir rəsmini çəkirsən, sonra montaj edən zaman onların baxışı, sevgisi monitordan insanın birbaşa ürəyinə yol tapır. Məhz, fotoqrafiyadan zövq almağımıza səbəb həmin kadrları çəkməyimizdir.

- Məntiqi evlilikdən yaranan şəkillər o sevgi dolu olanlardan çox fərqlənir? 
- Hədsiz çox.

- Başqalarının şəklini çəkirsiniz, bəs siz foto çəkdirməyi sevirsiniz?
- Bizim dərslərdə öyrədilən məsələlərdən biri o olur ki, cütlüklərlə toy günü onlarla çəkimə başlamazdan əvvəl onlara maksimum rahatlıq verin. Ancaq təəssüf edirəm ki, mən özüm şəkil çəkdirəndə heç cür rahat ola bilmirəm (Gülür).

- Niyə?
- Qətiyyən sevmirəm. Sırf önəm kəsb edən bir məsələ yoxdur, sadəcə uşaqlıqdan sevmirəm.

- Evli deyilsiniz?
- Xeyr.

- Bəs toyda necə olacaq?
- O, mənə də çox maraqlıdır (Gülür).

- Bizdə foto çəkdirməyə daha çox xanımlar maraqlı olurlar, bəylər sanki xanım istədiyi üçün bunu edirlər. Məndə belə təəssürat var. Bəs siz əslində, nə müşahidə edirsiniz?
- Digər fotoqrafları deyə bilmərəm, ancaq məndə bəxtim hələ ki, gətirir. Bizim qrupa əsasən toy bronu üçün gələnlərin və maraqlananların əksəriyyəti bəylər olur. Artıq hansı təsir altında buna vadar olduqlarını deyə bilməyəcəyəm (Gülür).

- İş prosesində maraqlı məqamlar olmamış-olmaz. Yadınızda qalan varsa, birini danışın.
- O qədər olur ki... Qısaca birini deyim. Mən bir xanımın nişanını, xınasını və toyunu çəkmişəm. Bu proseslərin hamısı 3 il müddətində olub. Kulminasiya nöqtəsi orasıdır ki, hər üç çəkimdə bəylərin hər biri müxtəlif adamlar idi (Gülür).

- Toy sahəsi ilə kifayətlənmək fikrindəsiniz?
- Bu işi tam peşəkar həddə gətirdikdən sonra Azərbaycanda heç vaxt olmayan “foto atelye” açmağı düşünürəm. Bir də bir biznes sahəsi var, onu da böyütmək barədə fikrimiz var.


Könül Oruc

Tarix
18 Avqust 2018 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin