“Radiolarda xəbər proqramları çox cılızlaşıb”

20:23 - 17 Avqust 2018 - Müsahibə

Qulu Məhərrəmli: “Qızıl ölçünü bilmək və bunu gözləmək radiolarımız üçün ciddi problemdir”
Doktor Ziya: “Məni təəccübləndirən odur ki, hər dəfə yeni radio yayıma başlayarkən, illər öncə buraxılan eyni səhvlərə yol verilir”


Azərbaycanın televiziya kanallarındakı problemlər tez-tez qabardılır. Radio kanalları sanki unudulur. Cəmiyyətin maarifləndirilməsində böyük əhəmiyyət kəsb edən radiolarımızda da kifayət qədər problemlər var. Aparıcıların danışıq səviyyəsindən tutmuş verilişlərin keyfiyyətinə qədər geriləmə müşahidə olunur. Xüsusilə xəbər proqramları izləyiciləri razı salmır. Bu isə dinləyiciləri radio proqramlarından uzaqlaşdırır.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirdi ki, radio kanallarında xəbər proqramları belə istənilən səviyyədə təqdim olunmur: “Radio kanallarımız keyfiyyət baxımından 10 il bundan əvvəlki səviyyə ilə müqayisədə uduzur. İstər proqramın menyusu, istər verilişlərin keyfiyyəti, istərsə də xəbərlərin çatdırılması aşağı səviyyədədir. Rəngarənglik demək olar ki, yoxdur. Özəl radiolarda isə xüsusilə geriləmə var. Son illər özəl kanallar artsa da, bu keyfiyyətə müsbət təsir etməyib. Birincisi, radiolarımızda xəbər proqramları çox cılızlaşıb və məhdudlaşıb. İkincisi, auditoriyanı cəlb edə bilmirlər. Üçüncüsü, proqram menyusu xeyli kasadlaşıb, mövzu, janr və formaca proqramlar bəsitləşib. 10 il öncə radio kanalları arasında rəqabət var idi. “Azadlıq”, “BBC”, radioları efirdə idi və bizim rəqabət apara bilirdilər. Hazırda ictimai məzmun baxımından radiolar çox kasadlayıb və bir çoxları sıradan çıxıb. 10 il öncə ANS ÇM-də gözəl tok-şoular, diskusiya və uşaq proqramları var idi ki, böyük zövqlə dinləmək olurdu. Amma sonra onların da səviyyəsi çox təəssüf ki, aşağı düşdü”.

Q.Məhərrəmli deyir ki, nisbətən razı qaldığı radio kanalı İctimai Radiodur: “Bir də dövlət radiosunun proqramlarının ədəbi-bədii və musiqi proqramlarının müəyyən dərəcədə səviyyəsi var. Digərlərinin də musiqi verilişləri normaldır, yaxşı DJ-lər yaranıb. Amma radioların ümumi cazibəsi çox aşağıdır”. Q.Məhərrəmli bildirdi ki, radiolarda 3 tip aparıcılar var: “Birinci tip klassik diktor məktəbini keçənlərdir ki, onlar Azərbaycan radiosundadır. İkinci tip, özəl radiolarda əmələ gələn, kifayət qədər sərbəst, bilikli, amma dili zəif olanlardır. Üçüncüsü, isə bu ikisinin sintezindən yaranan aparıcılardır ki, bunları daha çox ictimai radioda görürəm. Bu tip Azərbaycan dinləyicisinə nisbətən yaxındır. Onlar ciddi sərhədləri gözləyir və dinləyicini qıcıqlandırmır”.

Radionun bütün dünyada musiqi və əyləncə üzərində kökləndiyini deyən Q.Məhərrəmli bildirdi ki, bunlar xəbər proqramlarının arasında olmalıdır: “Radio uzun danışığı sevmir. Dünyanın məşhur radio kanalları işini musiqi, üstəgəl xəbər prinsipi əsasında qurub. Vaxtilə bizdə “Araz” radiosu mövcud olub. Bizə o radio kanalındakı tipli proqramlar lazımdır. Bütün növ proqramlar orda öz əksini tapırdı. Amma məqsəddən asılı olaraq o veriliş setkası dəyişə bilir. Məsələn, özəl radiolar öz işlərini daha çox musiqi və əyləncə üzərində qurub. Büdcədən olan radiolar daha çox ciddi formata uyğunlaşmağa çalışırlar. Sırf birxətli proqram dinləyici üçün maraqsız olur”.

Q.Məhərrəmli deyir ki, televiziyası olan radiolara o qədər də əhəmiyyət verilmir: “Bəzən musiqinin özü çox olanda insanı yorur. Əyləncənin vaxtı az olanda bu da dinləyicini qıcıqlandırır. Qızıl ölçünü bilmək və bunu gözləmək radiolarımız üçün ciddi problemdir. Bu geriləmə kanalların radio yayınına kifayət qədər önəm verilməməsi ilə bağlıdır. Digər tərəfdən radioda reklam ucuz olur, onu verənlər televiziyaya daha çox pul ödəyirlər. Lakin bunlar əsas ola bilməz. Radio studiyaları yayımlarına diqqətlə yanaşmalıdırlar. Belə olsa yenidən auditoriyanı toplamaq mümkündür. Kanalların hamısında ayrı-ayrı maraqlı verilişlər var. Amma bütövlükdə Azərbaycanda radio siyasəti yoxdur”.

İllərdir radioda səsini eşitdiyimiz, radioaparıcı Doktor Ziya Azərbaycan radio məkanında ciddi dəyişikliklərin zamanının çatdığını dedi: “Məni təəccübləndirən odur ki, hər dəfə yeni radio yayıma başlayarkən, illər öncə buraxılan eyni səhvlərə yol verilir. Vaxtilə söz vermişəm ki, konkret olaraq tənqid edə biləcəyim, bəyənib-bəyənmədiyim radioları və radioaparıcıların adlarını ictimailəşdirməyəcəyəm. Yeri gəlsə şəxsən çox şey deyə, məsləhət görə, tənqid də edə bilərəm. Ancaq bu dinləyiciləri maraqlandırmır və maraqlandırmamalıdır da. Bu sırf peşəkar və iş prosesinin kulis söhbətləridir. Dinləyici nəticə olaraq ən azı yaxşı vəziyyətdə hazırlanmış proqramı dinləməlidir. Sadəcə bu sahədə çalışan bir şəxs kimi arzum, istəyim, tələbimmi deyim bilmirəm. Amma istəyim odur ki, hər bir radioaparıcının dünyagörüşü çox geniş, həyat təcrübəsi olsun. Gənc radioaparıcı yalnız öz yaşına uyğun layihələri hazırlamalıdır (istedadları istisna edək). Həyatı dərk etməsi, yaşam təcrübəsi artdıqca da efirdə müvafiq səviyyədə söhbətlər də edə bilər.  El arasında bir ifadə var – böyük-böyük danışmaq. Pis qəbul etməsinlər, o mənada demirəm. Lakin radioefirdə böyük-böyük danışmazlar”.

Radioya ilk addımlarını xarici radio kanallarını dinləməklə atan Doktor ziya deyir ki, üstündən 23 il keçməsinə baxmayaraq bu hələ də davam edir: “Bir tərəfdən əfsuslar, digər tərəfdən - o tərəflərdən öyrəniləsi çox şey var”. 

Radioaparıcı dedi ki, işi öncə sevmək lazımdır: “Onu həyatının bir parçasına çevirməlisən ki, uğurun böyük bir hissəsi təmin olunsun. İşinə olan sevgi ilə yanırsansa - ən yaxşılar sırasında ola bilərsən”.

Aygün 

Xəbər xətti