Təhsil vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir
Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısı ilə əhatə olub. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ulu öndərimiz Heydər Əliyevin dönəmində, digər sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət yetirilib. Bu gün isə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təhsil sahəsinə hər tərəfli dəstək göstərilir. Hazırda “Təhsil haqqında” Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Qanunda müasir dövrün tələblərinə cavab verən bir sıra dəyişikliklər edilib. Məsələn, “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliklərdən biri 7-ci maddəyə aiddir. Bu maddənin 2-ci bəndində bildirilir ki, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
Qanunun 11-ci maddəsində isə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər tənzimlənir. Bu maddədə dəyişikliklər 11.4-yə aiddir və bildirilir ki, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
Maddənin 5-ci bəndində isə qeyd olunub ki, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
“Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı dəyişikliklər edilib. 6 yaşı tamam olan uşaqlar məktəbə müsabiqəsiz qəbul olunacaqlar
Dəyişikliyə əsasən, sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlar valideynlərinin müraciəti əsasında məktəblərə qəbul edilə biləcəklər. Bu sözləri Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, indiyə qədər də bu təcrübə var idi. Lakin həmin kateqoriyadan olan uşaqlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunurdular. Ancaq bu, qanunda təsbit edildiyi üçün, artıq komissiyalara və əlavə olaraq məktəblərin bu işlə bağlı müraciətlərə vaxt ayırmasına ehtiyac olmayacaq: “Həmin uşaqlar da digər 6 yaşı tamam olan uşaqlar kimi valideynlərinin müraciəti əsasında məktəblərə qəbul ediləcəklər. Onu da qeyd etmək lazımdır ki, biz 6 yaşı tamam olmayan şagirdlərin məktəbə qəbulu ilə bağlı ötən illərin nəticələrini təhlil etmişik. Onların nəticələri bunu deməyə əsas verir ki, həmin şagirdlər digər şagirdlərlə bərabər, hətta bəzi hallarda daha yüksək akademik göstəricilər nümayiş etdiriblər”.
Fərzəli Qədirov Qanuna olimpiada qalibləri ilə bağlı dəyişikliyin də qəbul edildiyini deyib: "Beynəlxalq fənn olimpiadalarının artıq heç bir müsabiqədən keçmədən ali məktəblərə istədikləri ixtisas üzrə qəbul oluna biləcəklər. Dəyişikliyə əsasən, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul ola biləcəklər". Bu təhsil haqqında” qanunun 26-cı maddəsində öz əksini tapıb. Biu maddəd ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarını tənzimləyir. Bu maddənin 5-ci bəndində bildirilir ki, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.( 26.5-1.)
Bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulan olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.( 26.5-2.)
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.( 26.5-3.)
"Təhsil haqqında" Qanuna əlavə edilən maddəyə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər də məktəblərdə dərs deyə biləcək. Fərzəli Qədirov bildirib ki, İKT, fizika, kimya sahəsində ali təhsilli peşəkar mütəxəssislər olsa da, onların pedaqoji təhsilləri yoxdur: "Belə yüksək hazırlığa malik mütəxəssislərin məktəblərdə müəyyən qaydalar çərçivəsində dərs deməsi yaxşı olardı. Xüsusən də təmayül siniflərində".
Ali təhsillilər kollecə, kolleci bitirənlər ali məktəbə müsabiqədənkənar qəbul ola biləcəklər
"Təhsil haqqında" Qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə, kolleci bitirmiş şəxsin isə ali təhsil müəsisiəsinə müsabiqədənkənar qəbuluna imkan yaradacaq". Bu sözləri deyən Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov bildirib ki, Qanun orta ixtisas təhsili müəssisəsini bitirmiş şəxsə müvafiq ixtisas üzrə ali məktəbə müsabiqədənkənar qəbul olmağa imkan verəcək. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə yeni qayda əsasında daxil olmaq mümkündür və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq".
Bundan başqa dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər üçün də yeniliklər var. Qanuna görə, ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikatlaşdırılacaq. Bildiyimiz kimi, əmək qanunvericiliyində idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər 5 ildən bir attestasiyadan keçirlər. Bu məsələ ümumtəhsil müəssisələrində sertifikasiyadan keçmə ilə əvəz olunur. Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur.