Bakıda dəniz kənarında vəhşi quşlar saxlayan obyekt sahibi cərimələnib

12:47 - 16 Avqust 2018 - Xəbər

Bakıda qanunsuz vəhşi quşlar saxlayan sahibkar cərimələnib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülən 2 bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb.

 ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.


Xəbər xətti