Nazirlik heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir

12:17 - 16 Avqust 2018 - Xəbər

 Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin təmizliyinə fikir verilib. Mexaniki təmizlikdən sonra dezinfeksiyanın asan və yaxşı getməsi üçün hər kvadrat metr sahəyə 0,5 litr 1 faizli kaustik soda məhlulu ilə çiləmə aparılıb.

Profilaktik dezinfeksiya məqsədilə almerdehyde, ektosan və 5 faizli kaustik soda məhlullarından istifadə edilib. Dezinfeksiya məhlulları obyektlər üzərinə güclü axın halında və ya xırda damlalar şəklində səpilib.

Dezinfeksiyadan sonra təsərrüfatin qapı və pəncərələri açılaraq bina daxilində ikitərəfli hava cərəyanı yaradılaraq qaz halında olan zəhərli birləşmələr təmizlənib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Tədbirlərin bundan sonra da ardıcıl şəkildə aparılması nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində respublikada 2497216,13 kv. metr sahə profilaktik, 369611 kv. metr  sahə məcburi dezinfeksiya, 69100 kv. metr sahə dezinseksiya və 1186 kv.metr sahə deratizasiya tədbirlərinə cəlb edilib. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.

Xəbər xətti