“ASAN Viza” sistemi vasitəsilə 3 ay ərzində 702 282 viza verilib

17:11 - 16 Avqust 2018 - Xəbər

“ASAN Viza”nın hava limanlarında fəaliyyət göstərən bir neçə əməkdaşına xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə sertifikat və hədiyyələr təqdim edilib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, tədbirdə “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Fariz Cəfərov çıxış edərək fərqlənən əməkdaşların digərləri üçün nümunə olduqlarını qeyd edib, hər kəsə işlərində uğurlar arzulayıb.

Bildirilib ki, Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir. Hazırda hava limanlarında 83 əməkdaş fəaliyyət göstərir. Əməkdaşlar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.

“ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə bu ilin mayın 15-dən başlanılıb. Bu günə kimi 566 759-u “ASAN Viza” portalı vasitəsi ilə, 135 523-ü hava limanlarında olmaqla, ümumilikdə 702 282 viza verilib. Müraciətlərin çoxluğuna görə isə ilk beşlikdə olan İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan və Türkiyədir.

“ASAN Viza” vasitəsilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Yaponiya vətəndaşlarına, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərində etibarlı rezident vizalarına sahib olanlar üçün birbaşa vizaların verilməsi təmin edilir.

“ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars və rus olmaqla - 9 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir.

Xəbər xətti